13 mart 2020-ci il tarixində “Networking.Az” biznes klubu Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyi ilə əməkdaşlıqda növbəti tədbirini keçirib. Tədbir, ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə Bakı Biznes Mərkəzində baş tutub.
Həmişə olduğu kimi tədbirin əsas məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub. 100 nəfərin iştirak etdiyi gecənin açılış nitqini Networking.Az biznes klubunun təsisçisi Orxan Hacıyev edərək qonaqları salamlayıb və tədbir boyu aktiv olmağa çağırıb. Sonra söz Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayevaya verilib. Öz çıxışında Zemfira xanım bu cür tədbirlərin sahibkarlar üçün önəmini vurğulayıb.
Tədbirin davamında söz əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovaya verilib, o, əlaqələrin və netvorkinq tədbirlərinin işgüzar fəaliyyətdə faydalı olduğu barədə bəhs edib. Gecənin ikinci yarısında iştirakçılara bir-biri ilə sərbəst ünsiyyət qurmaq və tədbirin yaratdığı imkanlardan faydalanmaq üçün şərait yaradılıb. Networking.Az biznes klubunun keçirdiyi bütün tədbirlərdə olduğu kimi bu gecə də rahat ab-havada və yüksək əhval ruhiyə ilə keçib.