7 C
Baku
Thursday, December 12, 2024

Noyabrın ortalarında dünya əhalisi 8 milyarda çatacaq

BMT-nin baş katibi Antonio Quterreş “8 milyard insan, bir bəşəriyyət” çağırışı ilə çıxış edib:

“Noyabrın ortalarında dünya əhalisinin sayı 8 milyarda çatacaq – bu, qidalanma, ictimai sağlamlıq və sanitariya sahəsində elmi nailiyyətlər və təkmilləşdirmələrin sübutudur. Ancaq bəşəri ailəmiz böyüdükcə onun bölünməsi də güclənir.

Milyardlarla insan çətinliklər içində yaşayır; yüz milyonlarla insan aclıq və hətta yalavacla üzləşir. Rekord sayda insan borc və çətinliklər, müharibələr və iqlim fəlakətindən xilas olmağa çalışır.

Qlobal miqyasda varlılar və yoxsullar arasındakı əsnəyən uçurumu aradan qaldırmasaq, özümüzü gərginlik və inamsızlıq, böhran və münaqişə ilə dolu 8 milyardlıq bir dünya ilə üzləşdirəcəyik.

Faktlar göz qarşısındadır. Bir ovuc milyarder dünya əhalisinin yarısını təşkil edən yoxsul insanların malik olduğu sərvətə nəzarət edir. Qlobal miqyasda əhalinin 1 faizi dünya gəlirinin beşdə birini əldə edir, ən varlı ölkələrin əhalisi ən yoxsul ölkələrin sakinlərindən 30 ilə qədər daha çox yaşaya bilir. Son onilliklərdə dünya zənginləşdikcə və sağlamlaşdıqca, bu bərabərsizliklər daha da artıb.

Bu uzunmüddətli tendensiyalarla yanaşı, sürətlənən iqlim böhranı və COVID-19 pandemiyasından qeyri-bərabər bərpa bərabərsizlikləri gücləndirir. Emissiya və temperaturun artması davam etdiyi bir vaxta biz birbaşa iqlim fəlakətinə doğru gedirik. Daşqınlar, tufanlar və quraqlıqlar qlobal istiləşməyə demək olar ki, heç bir töhfə verməyən ölkələri dağıdır.

Ukraynadakı müharibə mövcud ərzaq, enerji və maliyyə böhranlarının sırasına qoşularaq daha çox inkişaf etməkdə olan iqtisadiyyatlara zərbə vurur. Bu bərabərsizliklər ən çox qadın və qızlara və onsuz da ayrı-seçkiliyə məruz qalan marjinal qruplara mənfi təsir edir.

Qlobal Cənubdakı bir çox ölkələr böyük borclar, artan yoxsulluq, aclıq və iqlim böhranının artan təsirləri ilə üzləşirlər. Onların pandemiyadan dayanıqlı bərpaya, bərpa olunan enerjiyə keçidə və ya rəqəmsal dövr üçün təhsil və təlimə sərmayə qoymaq imkanları azdır.

İnkişaf etmiş ölkələrə qarşı qəzəb və nifrət qırılma nöqtəsinə çatır.

Zərərli bölünmələr və inamsızlıq nüvə tərksilahından terrorizmə və qlobal sağlamlığa qədər bir sıra məsələlərdə gecikmələrə və çıxılmaz vəziyyətə səbəb olur. Biz bu zərərli tendensiyaların qarşısını almalıyıq, əlaqələri bərpa etməliyik və ümumi problemlərimiz üçün birgə həll yolları tapmalıyıq.

İlk növbədə bu sürətlə artan bərabərsizliyin şüurlu fəaliyyət nəticəsində baş verdiyini və inkişaf etmiş ölkələrin Misirdəki BMT-nin iqlim konfransında və Balidəki G20 sammitində bu vəziyyətin dəyişməsi üçün məsuliyyət daşıdığını etiraf etmək lazımdır.

Ümid edirəm ki, COP27-də tarixi İqlim Həmrəyliyi Paktı imzalanacaq və pakt çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar ümumi strategiya ətrafında birləşərək öz imkanlarını və resurslarını bəşəriyyətin rifahı üçün birləşdirəcəklər. Zəngin ölkələr inkişaf etməkdə olan əsas iqtisadiyyatlara qalıq yanacaqlardan uzaqlaşmaq üçün maliyyə və texniki dəstək verməlidir. Bu, iqlimlə bağlı hədəflərimizə çatmaq üçün yeganə ümidimizdir.

Mən həmçinin COP27-də iştirak edən ölkə başçılarını iqlimlə bağlı Qlobal Cənub ölkələrinin üzləşdiyi itkiyə və artıq böyük fəsadlara səbəb olan zərərə görə kompensasiyanın ayrılması üçün yol xəritəsi və institusional çərçivəni razılaşdırmağa çağırıram.

Balidə keçiriləcək G20 sammiti inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemləri həll etmək üçün bir fürsət olacaq. Mən, borcların azaldılması və restrukturizasiyanı həyata keçirmək üçün G20 iqtisadiyyatlarını Qlobal Cənub hökumətlərinə investisiyalar və likvidliyi təmin edən stimullaşdırıcı paketi razılaşdırmağa çağırmışam.

Biz bu orta müddətli tədbirlərlə bağlı addımlar atmaqla yanaşı qlobal ərzaq böhranını yüngülləşdirmək üçün bütün maraqlı tərəflərlə fasiləsiz işləyirik.

Qara Dəniz Taxıl Təşəbbüsü bu səylərin mühüm hissəsidir. Bu, bazarları sabitləşdirməyə və ərzaq məhsullarının qiymətlərini aşağı salmağa kömək edib. Qiymətin azacıq azalması belə aclığı azalda və həyatları xilas edə bilər.

Biz həmçinin Rusiya istehsalı olan gübrələrin qlobal bazarlara çıxışını təmin etməyə çalışırıq. Gübrə qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə üç dəfəyə qədər artıb. Buna görə dünyada ən çox istehlak edilən düyü ən çox zərər görəcək məhsuldur.

Rusiya gübrələrinin ixracı ilə bağlı maneələrin aradan qaldırılması qlobal ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində mühüm addımdır.

Lakin bütün bu ciddi problemlər arasında yaxşı xəbərlər də var.

Səkkiz milyardlıq dünyamız əhalinin ən yüksək artımına malik olan bəzi yoxsul ölkələr üçün böyük imkanlar verə bilər.

Səhiyyə, təhsil, gender bərabərliyi və dayanıqlı iqtisadi inkişafa nisbətən kiçik sərmayələrin ayrılması iqtisadiyyatları və həyatları dəyişdirəcək müsbət inkişaf və artım dairəsini yarada bilər.

Bir neçə onillik ərzində bugünkü ən yoxsul ölkələr dayanıqlı, yaşıl inkişaf və rifahın ocaqlarına çevrilə bilər.

Mən heç vaxt insan yaradıcılığına şübhə etməmişəm və insan həmrəyliyinə çox böyük inamım var. Bu çətin anlarda bəşəriyyətin ən müdrik müşahidəçilərindən biri olan Mahatma Qandinin sözlərini xatırlamaq yerinə düşərdi: “Dünya hər kəsin ehtiyacını təmin edə bilər, amma acgözlüyünü yox”.

Bu ay baş tutacaq böyük qlobal görüşlər bəşəriyyətin səkkiz milyardlıq ailəsinin hər bir üzvünün bərabər hüquq və azadlıqlarına əsaslanaraq, fikir ayrılıqlarını aradan qaldırmağa və etimadı bərpa etməyə başlamaq üçün bir fürsət olmalıdır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər