ABŞ-nin texnologiya nəhəngi “Nvidia” investisiya səviyyəli korporativ istiqrazlar buraxmaqla 25 milyard dollar cəlb etməyi planlaşdırdığını açıqlayıb.
CNBC-nin məlumatına görə, şirkət 2021-ci ildən, yəni süni intellekt texnologiyalarının sürətli yüksəlişindən bəri ilk dəfə bu üsulla vəsait cəlb edir. Həmin dövrdən etibarən “Nvidia”nın bazar kapitallaşması 10 dəfədən çox artıb.
Şirkətdən bildirilib ki, cəlb olunacaq vəsait ümumi korporativ məqsədlərə, o cümlədən mövcud borcların ödənilməsinə və yenidən maliyyələşdirilməsinə yönəldiləcək.
Bundan əvvəl “Reuters” agentliyi “Nvidia”nın istiqraz buraxılışı vasitəsilə vəsait cəlb etməyi planlaşdırdığını yazmışdı. Agentliyin mənbələrinin məlumatına görə, investorların şirkətin istiqrazlarına tələbi 85 milyard dolları ötüb.
İstiqraz buraxılışı ilə bağlı açıqlamadan sonra “Nvidia” səhmləri 3,5% bahalaşıb.







