Çinin optik ötürücü-qəbuledicilər istehsalçısı Zhongji Innolight Honkonq Fond Birjasında keçirdiyi ilkin kütləvi səhm təklifi (IPO) çərçivəsində 53,4 milyard Honkonq dolları (6,8 milyard ABŞ dolları) cəlb edib. Bu barədə Bloomberg şirkətin açıqlamasına istinadən məlumat yayıb. Əlavə yerləşdirmə opsionundan istifadə ediləcəyi təqdirdə, cəlb olunan vəsait 7,8 milyard dollara çata bilər.
Şirkət hər biri 980 Honkonq dolları qiymətinə 54,5 milyon səhm yerləşdirib. Bu, əvvəlcədən elan edilmiş maksimum yerləşdirmə qiyməti olan 1 010 Honkonq dollarından aşağıdır. Bloomberg qeyd edir ki, yekun qiymət iyulun 27-də Şençjen birjasında formalaşan bağlanış qiymətinə nisbətən təxminən 21% endirim deməkdir.
Agentliyin mənbələrinin sözlərinə görə, investorların IPO-da iştirak üçün tələbi təklif olunan həcmdən dəfələrlə çox olub. Güclü maraq səbəbindən şirkət institusional investorlar üçün sifariş qəbulunu planlaşdırıldığından bir gün əvvəl başa çatdırıb.
Reuters yazır ki, Innolight-ın IPO-su bu il Asiyada həcminə görə ikinci ən böyük yerləşdirmə olub. Birinci yeri Şanxay birjasında IPO zamanı 8,6 milyard dollar cəlb edən Çinin yaddaş çipləri istehsalçısı CXMT tutur. CXMT-nin səhmləri ticarətin ilk günündə 466% bahalaşıb, pik nöqtədə isə artım 500%-i ötüb.
Bundan əlavə, Innolight-ın IPO-su Alibaba Group Holding-in 2019-cu ildə 12,9 milyard dollar cəlb etməsindən sonra Honkonqda keçirilən ən böyük yerləşdirmə hesab olunur.
Innolight dünyada optik ötürücü-qəbuledicilərin ən böyük istehsalçısıdır. Şirkətin avadanlıqları süni intellekt üçün məlumat emalı mərkəzlərində istifadə olunur və məhsulları Nvidia, Alphabet və Meta kimi texnologiya şirkətlərinə tədarük edilir.
Şirkətin xalis mənfəəti 2025-ci ildə iki dəfə artaraq 10,8 milyard yuana (1,6 milyard ABŞ dolları) çatıb.
2026-cı ilin birinci rübündə isə Innolight-ın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə artaraq 6,32 milyard yuan (934,1 milyon ABŞ dolları) olub. Gəliri isə təxminən üç dəfə artaraq 19,5 milyard yuana yüksəlib. Şirkət bu artımı əsas müştərilərinin süni intellekt infrastrukturuna investisiyalarını artırması nəticəsində tələbin yüksəlməsi ilə əlaqələndirib. Birinci rübdə Innolight-ın gəlirlərinin 61,7%-i ABŞ bazarının payına düşüb.







