6 C
Baku
Monday, December 16, 2024
Home Biznes təhsil Nyu-Kaslda təhsil alan soydaşımız – Fərid Ədilov

Nyu-Kaslda təhsil alan soydaşımız – Fərid Ədilov

0
Nyu-Kaslda təhsil alan soydaşımız – Fərid Ədilov

Fərid Ədilov: “İnanın, dediklərimi dinləyəndə, ağlayan insanlar olub”

Nelson Mandelanın “Təhsil dünyanı dəyişmək üçün istifadə edə biləcəyin ən güclü silahdır” fikrini özünə şüar seçib. Ona görə yaxşı təhsillə özünü, ətrafdakıları, hətta dövlətini qoruya bilərsən. Təhsil insanın dünyagörüşünü artırır, dünyaya baxışını formalaşdırır, həmçinin insanın cəmiyyət üçün faydalı olmasında mühüm rol oynayır.
“Xaricdə təhsil” rubrikamızın qonağı Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq siyasət (qloballaşma, yoxsulluq və inkişaf) ixtisası üzrə magistr təhsili alan Fərid Ədilovdur. Fərid 1986-cı ildə Laçın rayonunda anadan olub. 2006-2010-cu illərdə BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. 2011-2013-cü illərdə isə BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsilini fərqlənmə ilə bitirdikdən sonra 2013-cü ildə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsabiqə və müsahibə mərhələsini uğurla keçərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində çalışmağa başlayıb. Daha sonra isə təhsilini davam etdirmək üçün Böyük Britaniyaya yollanıb.
1513321630 ferid1
– Laçında anadan olubsunuz. Oradakı məktəbinizi, evinizi xatırlayırsınızmı?
– Bəli, Laçın rayonunun Şeylanlı kəndində anadan olmuşam. Rayonumuz işğal ediləndə 6 yaşım var idi. Evimizi unutmuram, kəndimizin yanından keçən Həkəri çayı da yadımdan çıxmır. Eyni zamanda, yaşımın az olmasına baxmayaraq, həmin vaxt ermənilərin kəndimizə hücumunu da xatırlayıram. Keçdiyimiz qarlı Murovun yolları heç vaxt yadımdan çıxmaz. Ailəm bu müharibədən çox zərər çəkib, nənəm şəhid olub. Ağcabədi rayonu Şeylanlı kənd 2 №-li tam orta məktəb nənəm Qəmzə Alıyevanın adını daşıyır. Mən 6 yaşım olarkən, əslində, məktəbə getməliydim, ancaq həmin vaxtı bu, mümkün deyildi. Çünki daimi yaşayış yerimiz yox idi. İşğaldan sonra Kəlbəcərə, oradan Ağdama getdik. Daha sonra Ağcabədi və bir müddət sonra Şəki şəhərinə gəldik. Həmin müddətdə məktəbə gedə bilmədim. Atam çox savadlı kimya-biologiya müəllimidir. Məhz atam evdə mənə əlifbanı, hesablamağı, saymağı öyrətdi. Ona görə, Şəkidə məcburi köçkünlər üçün salınan qəsəbədə məktəb açılanda, mən elə birbaşa ikinci sinifdən başladım. Burada xarici tələbələri Azərbaycan haqqında, Qarabağ hadisələri ilə bağlı məlumatlandırıram, ermənilərin vəhşiliklərini onlara danışıram. Çünki bu hadisələri mən özüm yaşamışam, görmüşəm. Onlara deyirəm ki, hazırda doğulduğum torpaq işğal altındadır. İnanın, dediklərimi dinləyəndə, ağlayan insanlar olub.
1513321667 ferid2
– Məcburi köçkün həyatı yaşayan insan kimi nə deyə bilərsiniz, insanların həyatına necə təsir etdi,  xüsusilə qadınların təhsilinə necə zərbə vurdu ?
– Məcburi köçkün olmaq insanlara mənəvi zərbə vurdu, onların həyatını tamamilə darmadağın etdi. Düşünürəm ki, insanlara vurulan həmin mənəvi zərbə sağalmayacaq. Yaxınlarını, əzizlərini itirən insanların sızıltısı hələ də yaşayır, hələ də insanlar öz yaxınlarının yolunu gözləyir. Düşünün, hələ də öz yaxınlarının sonrakı taleyindən xəbəri olmayan insanlar var. Bunları düşündükcə, insana çox təsir edir. Doğrudur, dövlət tərəfindən qaçqın və məcburi-köçkünlərə bütün dəstək göstərilir, onlar evlə təmin olunur, ancaq mənəvi zərbə onlarla hələ də yaşayır. Bu çətin şərait tək qadınların yox, bütün insanların sonrakı taleyinə təsir etdi. Təbii ki, təhsil almaq istəyən qızlara da.
 
– Nə üçün Böyük Britaniya? Hansı xüsusiyyətinə görə, məhz bu ölkədə təhsil almaq istədiniz?
– Daha öncə qeyd etdiyim kimi, 2013-2017-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsində aparıcı məsləhətçi olaraq çalışmağa başladım. BDU-da beynəlxalq münasibətlər sahəsi üzrə oxuyan tələbələrə iki müxtəlif fəndən seminar və mühazirələr də aparmışam. Dövlət Komitəsindəki işim sosial sahəyə olan marağımı artırdı. Komitə rəhbərliyi, işçilər arasında səmimi münasibət məni daha da həvəsləndirirdi. Həmçinin birbaşa çalışdığım şöbə müdiri, ondan öyrəndiklərim, müzakirələrə açıq olması, təkliflərimizi dinləməsi, nəzərə alması mənim üçün daha xoş  və əsas idi. İş müddətində bir sıra ölkələrdə təcrübə mübadiləsində olmuşam, seminar və konfranslarda iştirak etmişəm. İşlədiyim müddətdə bəzən hansısa məsələ ilə qarşılaşanda, bu məsələyə necə yanaşılması, beynəlxalq təcrübədə bunun necə əks olunması mənə çox maraqlı idi. Bildiyimiz kimi, Böyük Britaniya sosial sahə üzrə ixtisaslaşmış, təkmil qanunvericiliyi, müəyyən standartlara malik inkişaf etmiş bir Avropa ölkəsidir. Bu təcrübəni öyrənmək üçün məhz elə bu gün burdayam.
1513321652 ferid3
– Uzun müddət sosial sahədə işləyən insan kimi nə deyə bilərsiniz, təhsilin insan həyatında önəmi nədir?
– Nelson Mandelanın təhsilə haqqında belə bir fikri var: “Təhsil dünyanı dəyişmək üçün istifadə edə biləcəyin ən güclü silahdır”. Həqiqətən də təhsil sənin əlində olan bir gücdür, sən onunla özünü, ətrafdakıları, hətta öz dövlətini qoruya bilərsən. Təhsil insanın dünyagörüşünü artırır, dünyaya baxışını formalaşdırır, həmçinin insanın cəmiyyət üçün faydalı olmasında mühüm rol oynayır.
– “Bir kişiyə təhsil versən, yalnız bir nəfərə təhsil vermiş olacaqsan. Bir qadına təhsil versən, bir ailəyə təhsil vermiş olacaqsan” fikri ilə razısınızmı?
– Çox maraqlı bir məsələyə toxundunuz. Hazırda gender məsələləri üzrə müəyyən araşdırmalar aparıram. Qadınların səlahiyyətlərinin artırılması, qızların təhsil hüququnun təmin edilməsi, onların hərtərəfli inkişafı bugünkü qlobal dünyada aktual məsələlər sırasındadır. Hətta BMT-nin “2030 – Davamlı İnkişaf Məqsədləri” layihəsinin 5-ci bəndi gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların səlahiyyətlərini artırmaq məsələsinə həsr olunub. Təbii ki, bu sahədə bizim ölkədə də işlər aparılır, qadınların məşğulluğunun artırılması, qızlara təhsil, qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində müxtəlif tədbir və layihələr keçirilir. Bunlar çox mühüm işlərdir, çünki beynəlxalq təcrübədə də müxtəlif layihələrin keçirilməsi, maarifləndirmə işlərinə üstünlük verilir. Düşünürəm ki, bütün bunlar sualınızda qeyd etdiyiniz fikrin məntiqi cavabıdır.
1513321677 ferid4
– Fərid bəy, sizcə ucqar kənddəki qızlarımızı təhsilə necə cəlb etməliyik?
– Təhsil məsələsində məsafəni əngəl kimi görməməliyik. Yaxın və uzaqlıqdan asılı olmayaraq təhsil hər kəs üçün əlçatan olmalı, uyğun şərait yaradılmalıdır. Doğrudur, ucqar bölgələrimizdə bu problemə rast gəlinir, ancaq buna da birmənalı yanaşmaq düzgün olmaz. Qızların təhsildən kənarda qalmasının səbəblərini araşdırmaq lazımdır. Bəzən ailə müəyyən stereotiplər ucbatından qızların təhsilini davam etdirməsinə imkan vermir. Belə olan halda, o insanları maarifləndirmək, bir növ oyatmaq lazımdır. Əgər təhsil almağına səbəb başqadırsa, o zaman o boşluğu aradan qaldırmaq üçün həmin istiqamətdə işlər görmək lazımdır.
 
– İxtisasınız beynəlxalq siyasətdir (qloballaşma, yoxsulluq və inkişaf). Yoxsulluğun aradan qaldırılması ilə bağlı bizdə ixtisas yoxdur. Sizcə, bu ixtisas nə üçün lazımdır? Yoxsul bir insanın maddi vəziyyətini yaxşılaşdırılması özündən asılıdır?
– Britaniyada magistr təhsili ümumi deyil, müəyyən sahə və ixtisaslaşmalar üzrə gedir, yəni daha dar çərçivəyə salınır. Bu, çox vacibdir. Belə olan halda, həmin istiqamətin daha geniş və dərin araşdırılmasına imkan yaranır. Təhsil aldığım istiqamət də ölkəmiz üçün yeni ola bilər, ancaq bu sahə bizə tanışdır. Belə ki, ölkəmiz yoxsulluğun aradan qaldırılması, davamlı inkişaf istiqamətləri üzrə işlər aparır. Məsələn, Azərbaycanda 2008-2015-ci illəri əhatə edən “Yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf”  Dövlət Proqramı qəbul edilib və icra olunub. Düşünürəm ki, bu, milli səviyyədə görülən müsbət addımdır. Burada oxuduğum istiqamətdə biz qloballaşma, inkişaf və yoxsulluq və bu ətrafda cərəyan edən dövlətlərə gətirdiyi müsbət və mənfi nəticələri müxtəlif  kontekstlərdən müzakirə və analiz edirik. Məsələ budur ki, dövlətlər milli səviyyədə yoxsulluğu azaltmaq, davamlı inkişafa nail olmaq üçün addımlar atmalı, daxili resurslarını səmərəli istifadə etməli, qloballaşmanın müsbət cəhətlərindən faydalanmalıdır. Məsələn, Afrika dövlətlərinin əksəriyyətinin öz resursları olsa belə, inkişaf səviyyəsi çox aşağıdır, digər dövlətlərdən, beynəlxalq birliklərdən asılı vəziyyətdədir, səbəblər isə yuxarıda qeyd olunandır. Qeyd edim ki, ötən həftə Qananın prezidenti Fransaya səfəri zamanı qeyd etdiklərimi açıq şəkildə bildirib. Təbii ki, insanların yaşayış standartının yaxşılaşdırılması, rifahının yüksəldilməsi dövlət tərəfindən atılan addımlar hesabına ola bilər.
1513321614 ferid5
 
– Britaniya bahalı ölkədir. Xərclərinizi necə qarşılayırsınız?
– Böyük Britaniya Xarici İşlər Nazirliyinin magistr təhsili almaq istəyənlər üçün beynəlxalq “Chevening” təqaüd proqramı var. “Chevening” təqaüd proqramı magistr təhsili aldığın müddətdə bütün xərcləri (təhsil haqqı, yaşayış, viza, uçuş xərcləri) tam qarşılayır. Proqram öz sahəsi üzrə uğurlu nailiyyətləri olan, gələcəkdə işlərini daha da effektiv aparmaq üçün beynəlxalq təcrübə qazanmaq istəyən namizədlərə Britaniyada təhsil almaq imkan yaradır. Ötən il həmin proqrama müraciət etdim. Proqramın müsabiqə və müsahibə mərhələsini uğurla keçdim və təqaüdü qazandım. Hazırda xərclərimi “Chevening” proqramı qarşılayır.
 
– Bu ölkədə sizi təəccübləndirən nədir? Ümumiyyətlə britaniyalıların hansı xüsusiyyətlərinin bizdə olmasını istəyərdiniz?
– Burada müsbət cəhətlər çoxdur. İnsanlar arasında səmimiyyət, xoş münasibət, gülərüzlülük, dəqiqlik, hər bir xırda iş üçün sənə “təşəkkür edirəm” demək. Bizim insanlar da səmimidir, ancaq insanlarımızda münasibətin belə olmasını istəyərdim.
– Bəs təhsil sahəsində iki ölkə arasında hansı fərqlər var?
– Təhsil sistemimiz fərqlidir, ümumiyyətlə, burada təhsilə yanaşma fərqlidir. Düzdür, bizim təhsil sistemimizdə tədris materiallarının tam, hətta dərindən öyrənilməsinə imkan yaradılır, ancaq həmin materialların təhlili, araşdırılması edilmir. Bu da istər şagird, istərsə də tələbələrdə tənqidi düşünmənin inkişafına imkan vermir. Məsələn, ortada bir fikir var, biz həmin fikri olduğu kimi qəbul edirik, öyrənirik, yadda saxlayırıq. Burada isə həmin fikrə tələbələr müxtəlif münasibətlər bildirir, razılaşan və razılaşmayanlar var. Digər bir məsələ, burada tələbələrdən imtahanla yanaşı, esselər, tədqiqat yazılarının yazılması tələb olunur. Seminarlar müzakirə şəklində aparılır, müəllim tələbələrin öz fikirlərini bildirməsi üçün daha çox şərait yaradır. Seminarlarda tələbəyə qiymət verilmir, tələbənin qiyməti onun imtahanı və ya yazdığı essedən asılıdır.
1513321680 ferid6
– Bu ölkədə başınıza gələn maraqlı hadisəni bizimlə bölüşün…
– Hazırda təhsil aldığım ixtisasda bütün tələbələr hamısı demək olar, britaniyalılardır, əcnəbi tələbə azdır. Bir dəfə qrup siyahısına baxanda Hamidzadeh soyadı ilə rastlaşdım. Çox maraqlı gəldi. Fikirləşdim ki, sabah ondan soruşsam, deyəcək ki, mən də azərbaycanlıyam. Soruşdum, atasının əslən İrandan olduğunu dedi, 70-ci illərdə atası Britaniyaya köçüb və burda yerli qadınla ailə qurub. Ancaq həmin qız nə fars dilini bilir, nə də İranla bağlı hansısa bir məlumata sahibdir.
– Qürbətdə yaşayan azərbaycanlı kimi ən çox nəyin həsrətini çəkirsiniz?
– Britaniyaya gedən insanlara deyirlər ki, hava və yeməklər üçün darıxacaqsınız. Mən Nyukasl şəhərində yaşayıram, havası çox xoşuma gəlir, günəşi də normal görürəm. Düzdür, yağış tez-tez yağır və tez-tez kəsir də. Burda sadəcə, təndir çörəyinin həsrətini çəkirəm. Hətta yemək bişirəndə, öz-özümə deyirəm ki, təndir çörəyi ola, yeyək.
 
– Gələcək planlarınız nədir?
– Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdacağam və bu istiqamətdə işlərimi davam etdirəcəyəm. İnsanlar üçün faydalı işlər görməyə çalışacağam.