Oman və İran Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, o cümlədən gəmilərə göstərilən xidmətlərin dəyərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə etmək üçün birgə işçi qrup yaratmaq barədə razılığa gəliblər. Bu barədə İran nümayəndə heyətinin Məsqətə səfərinin yekunlarına dair iki ölkənin birgə bəyanatında bildirilir.
Omanın Xarici İşlər Nazirliyi tərəfindən dərc olunan sənəddə qeyd edilir ki, tərəflər “Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, göstərilən xidmətlər və bununla bağlı xərclər üzrə beynəlxalq standartlara uyğun razılaşmaya nail olmaq məqsədilə” birgə işçi qrup çərçivəsində dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Məsqət və Tehran bu məsələ ilə bağlı regionun digər sahilyanı dövlətləri və maraqlı tərəflərlə də məsləhətləşmələr aparmaq niyyətində olduqlarını bildiriblər.
Tərəflər vurğulayıblar ki, gələcəkdə əldə olunacaq hər hansı razılaşma Hörmüz boğazındakı ərazi suları üzərində Oman və İranın suveren hüquqlarına tam hörmət etməlidir.







