Prezident İlham Əliyev bu gün pambıqçılıq mövsümünün yekunlarına dair keçirdiyi müşavirədəki nitqində Azərbaycanın necə güclü dövlətə çevrilməsi barədə danışıb. O cümlədən rayonlarda kasıblar üçün nəzərdə tutulan vəsaitləri mənimsəyən və cəzalandırılan icra başçılarından bəhs edib.
Sitat:
-Bu gün biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir. Bu yaxınlarda Azərbaycan dünyanın güclü ölkələri sırasına daxil edilib. Bu siyahıda cəmi 80 ölkə var və bizim bədnam qonşumuzun adı orada yoxdur. Bilmirəm onların adı hansı dəftərdə var, amma, hər halda, bunu artıq biz demirik, bunu mötəbər qurumlar deyir. Biz güclü dövlətlər sırasında 45-ci yerdəyik. Bir neçə inkişaf etmiş ölkəni qabaqlamışıq. Hələ mən Davos reytinqlərini demirəm, onu dəfələrlə demişəm. Bax, budur bugünkü Azərbaycan.
Ancaq əlbəttə ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır.
Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq.