Culian Assanj, Çelsi Menninq və Edvard Snoudenin adı Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nobel Mükafatının laureatı Meyrid Korriqan tərəfindən Nobel komitəsinə yazılan məktubda deyilir.
“Onların hər üçü ayrı-ayrılıqda Nobel Sülh Mükafatına namizəd kimi göstərilib, lakin heç biri hələ mükafatlandırılmayıb. Bu insanları bir arada namizəd olaraq irəli sürməyimin səbəbləri sadədir: onlar hakimiyyətin qanunsuz hərəkətlərini ifşa edən cəsarət nümayiş etdirdilər. Və onların bu fədakarlığı insan ruhunun böyüklüyünü nümayiş etdirir”, – deyə Corrigan yazıb.
O, Assanjın İngiltərədəki həbsxanada saxlandığını və ABŞ-a ekstradisiya riski altında qaldığını xatırladıb. Korriqanın sözlərinə görə, Assanj ABŞ-da “qəddar, alçaldıcı və insanlıqdan kənar davranışa” məruz qala və hətta edam cəzasına məhkum edilə bilər. Çelsi Menninq (keçmişdə Bredli Menninq) keçmiş prezident Barak Obama tərəfindən əfv edilənə qədər yeddi il həbs cəzasını çəkib. ABŞ-ın kəşfiyyat xidmətlərinin genişmiqyaslı gizli izləmə proqramlarını aşkarlayan Snouden isə Rusiyada sığınacaq tapıb və həbs edilmək riskinə görə vətəninə geri dönə bilmir.