Azərbaycanda dollar bolluğu yaradan göstəricidə böyük artım – $10.4 mlrd!

Azərbaycanın xarici ticarət profisiti 2026-cı ilin yanvar-avqust aylarında 10,39 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə müsbət saldo 2,01 milyard dollar idi. Beləliklə, ticarət profisiti illik müqayisədə 5,2 dəfə artıb. Xarici ticarət dövriyyəsi 3,5% artaraq 33,24 milyard dollara çatıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixracı 27,8% artaraq 17,07 milyard dollardan 21,82 milyard dollara yüksəlib. İdxal isə əksinə, 24,1% azalaraq 15,05 milyard dollardan 11,42 milyard dollara düşüb. Məhz ixracın artması və idxalın azalması ticarət balansındakı profisitin kəskin genişlənməsinə səbəb olub.

Neft-qaz sektoruna daxil olan malların ixracı 5,9% artaraq 14,67 milyard dollardan 15,54 milyard dollara çatıb. Xam neft ixracının dəyəri 10,6% artaraq 9,28 milyard dollar olsa da, fiziki həcm 7,8% azalaraq 14,68 milyon tona düşüb. Təbii qaz ixracının dəyəri isə 4,8% azalaraq 5,71 milyard dollar təşkil edib. Neft məhsullarının ixracı təxminən 2 dəfə artaraq 466,8 milyon dollara çatıb.

Qeyri-neft sektorunda daha kəskin artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin geniş təsnifatına əsasən, qeyri-neft ixracı 2,4 milyard dollardan 6,28 milyard dollara yüksələrək 2,6 dəfə artıb. Onun ümumi ixracdakı payı 14,1%-dən 28,8%-ə yüksəlib.

Bu artımda əsas amil qiymətli metallar olub. Qiymətli daşlar və metallar qrupunun ixracı 2025-ci ilin ilk səkkiz ayındakı 212,8 milyon dollardan bu il 3,74 milyard dollara yüksəlib — artım 17,6 dəfədir. 2026-cı ildə bu məbləğin 3,74 milyard dolları işlənməmiş və ya yarımişlənmiş qızılın payına düşüb. Qızıl təkbaşına ümumi ixracın 17,1%-ni və qeyri-neft ixracının 59,6%-ni təşkil edib.

DGK-nın ayrıca təqdim etdiyi Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı isə daha mülayim — 18,8% artaraq 2,15 milyard dollardan 2,55 milyard dollara yüksəlib. Bu kateqoriyada filiz və şlakların ixracı 6,6 dəfədən çox artaraq 184,8 milyon dollara, şəkər və şəkər məmulatları 2,3 dəfə artaraq 93,2 milyon dollara, alüminium ixracı 40,3% artaraq 188 milyon dollara, pambıq ixracı isə 23,3% artaraq 187,9 milyon dollara çatıb. Meyvə ixracı da 15,6% artaraq 422,2 milyon dollar olub.

Əsas qeyri-neft malları arasında azalma da qeydə alınıb. Elektrik enerjisinin ixrac dəyəri 68,5% azalaraq 52,7 milyon dollardan 16,6 milyon dollara, sement ixracı 20,1% azalaraq 32,8 milyon dollara düşüb. Plastmassa və onlardan hazırlanan məmulatların ixracı 13,1% azalaraq 228,4 milyon dollar, azot gübrəsinin ixracı isə 8,4% azalaraq 105,1 milyon dollar olub.

Qeyd edək ki, xarici ticarətdə profisitin genişlənməsi Azərbaycanın cari əməliyyatlar balansında da özünü göstərib. 2026-cı ilin ilk 6 ayında cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövründəki 2,32 milyard dollardan 4,74 milyard dollara yüksələrək təxminən 2 dəfə artıb. Cari hesab profisiti ÜDM-in 12,4%-nə bərabər olub. İlk yarımildə 6,16 milyard dollarlıq xarici ticarət profisiti xidmətlər balansındakı 1,04 milyard dollarlıq və ilkin gəlirlər balansındakı 907,9 milyon dollarlıq kəsiri kompensasiya edib.

Yüksək xarici valyuta təklifi daxili valyuta bazarında da hiss olunub. Mərkəzi Bank bildirib ki, cari əməliyyatlar balansındakı profisit və maliyyə sektorunda dedollarlaşmanın davam etməsi fonunda valyuta təklifi tələbi üstələyib. Bu şəraitdə AMB avqust ayında bazardan 1,5 milyard dollar alıb. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları təkcə avqustda 1,53 milyard dollar və ya 11,1% artaraq tarixi maksimum olan 15,3 milyard dollara çatıb. İlin əvvəlindən ehtiyatlardakı artım 3,83 milyard dollar və ya 33,4% təşkil edib.

Beləliklə, ticarət profisitinin və bütövlükdə cari hesabda valyuta daxilolmalarının yüksək qalması bazarda dollar təklifinin artmasına, Mərkəzi Bankın isə artıq valyutanı alış müdaxilələri ilə ehtiyatlara yönəltməsinə şərait yaradıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər