“ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkəti ABŞ-də ilkin ictimai səhm təklifi (IPO) üçün məxfi müraciət təqdim edib. Bu barədə məlumat şirkətin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.
“Bu yaxınlarda S-1 forması üzrə məxfi müraciət təqdim etmişik. Onun ictimaiyyətə açıqlanacağını gözləyirik və buna görə də bu barədə əvvəlcədən məlumat veririk”, — şirkətin açıqlamasında bildirilir.
“OpenAI” qeyd edib ki, IPO-nun dəqiq keçirilmə vaxtı hələ müəyyən edilməyib. “Bu proses müəyyən vaxt aparacaq, çünki özəl şirkət statusunda həyata keçirməyin daha asan olduğu bəzi işlər var”, — şirkətdən bildirilib.
May ayının sonunda “The Wall Street Journal” mənbələrə istinadən xəbər vermişdi ki, “OpenAI” IPO üçün sənədlərin hazırlanmasına başlayıb. Nəşrin məlumatına görə, şirkət birjaya çıxışdan əvvəl bir sıra çətinliklərlə üzləşir.
İyunun əvvəlində “OpenAI”nin əsas rəqibi olan “Anthropic” də IPO üçün məxfi müraciət təqdim edib. Şirkətin açıqlamasında qeyd olunur ki, səhm yerləşdirilməsi bazar şəraiti və digər amillərdən asılı olacaq. “Bloomberg”in məlumatına görə, “Anthropic” artıq bu payız birjaya çıxa bilər.
Bir neçə gün əvvəl “Anthropic” yeni investisiya raundu zamanı investorlardan 65 milyard dollar cəlb etdikdən sonra şirkətin qiymətləndirilməsi 900 milyard dolları ötüb. Bu göstərici ona biznes dəyərinə görə “OpenAI”ni geridə qoymağa və dünyanın ən bahalı süni intellekt startapına çevrilməyə imkan verib. Hazırda “OpenAI” təxminən 730 milyard dollar dəyərində qiymətləndirilir.
“Anthropic”in son investisiya raunduna “Greenoaks Capital”, “Sequoia Capital”, “Altimeter Capital” və “Dragoneer Investment Group” rəhbərlik edib. Şirkət daha əvvəl də “Amazon” və “Google” tərəfindən investisiya aldığını açıqlamışdı.






