“Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası yaxın vaxtlarda keçiriləcək”.
Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib.
Onun sözlərinə görə, bu ilin yayında Hökumətlərarası Komissiyanın yeni tərkibi formalaşdırılıb: “Yaxın bir-iki ayda komissiyanın növbəti iclası keçiriləcək”.
Rusiyanın iqtisadi inkişaf naziri deyib ki, ölkələr arasında iqtisadi-ticarət əlaqələr genişlənir: “Sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə birgə kompleks layihələr üzərində fəal işləyəcəyik”.
Əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir
“Azərbaycan və Rusiyanın əməkdaşlığı qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir”.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib.
Ş Mustafayev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya sonuncu səfəri zamanı 17, iqtisadi sahədə 6 sənəd imzalanıb.
İqtisadiyyat naziri qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Rusiya Azərbaycan mallarının idxalı üzrə əsas tərəfdaşdır.
O bildirib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox vəsait qoyub, Rusiya isə öz növbəsində Azərbaycan iqtisadiyyatına 4 mlrd dollar sərmayə qoyub.
Azərbaycanda 760 Rusiya şirkəti qeydə alınıb. Energetika, turizm, nəqliyyat, sənaye, kənd təsərrüfatının inkişafında geniş perspektivlər var.
Qeyd edək ki, hər iki xəbər birləşdirlərək Report-a istinad edilib.