8 C
Baku
Friday, December 13, 2024

“Ovçular Ət və Ət Məhsulları” MMC-nin sabiq baytarı: Müəssisə rəhbərliyi “Leş Tofiq”dən ət alıb, analizə icazə vermirdilər

Özünü “Ovçular Ət və Ət Məhsulları” MMC-nin sabiq əməkdaşı kimi təqdim edən bir xanım, sosial şəbəkələrdə yayılan videosunda işlədiyi müddətdə adıçəkilən şirkətdə qidaya “yararsız” ətlərin laboratoriyadan keçirilmədən istehsalat müəssisəsinə yönləndirildiyini bildirir.

Banker.az xəbər verir ki, Qazıyeva Sevinc Tofiq qızı 2016-cı ildən 2022-ci ilə qədər “Ovçular Ət və Ət Məhsulları” MMC-də eyni anda üç vəzifədə çalışıb. Belə ki, o, həkim, baytar və laboratoriya müdiri vəzifəsində çalışıb. Qazıyeva kimya elmləri namizədidir və qida üzrə 14-cü kateqoriyaya sahibdir.

Şirkətdə çalışmağa başladığı ilk günlərdə başa düşüb ki, müəssisədə ətin laboratoriyada analiz edilməsinə icazə verilmir. Qazıyeva hətta bir dəfə əti analiz edən zaman onda mikrob aşkarlanıb. Bunu rəhbərliyə təqdim edəndə “qeyri-adi münasibət”lə üzləşib.

“Məni daha da təqsirləndirdi”, – deyə xanım Qazıyeva bildirir.

Mənə dedi ki, əti Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyası yoxlayıb. Sən niyə yoxlayırsan!? Buna görə, mənim üstümə qışqırdılar. Otaqdan çıxanda isə oradakı direktor mənə sual verdi ki, “mal ətində ət olur?”. Həmin direktor texnoloq idi”.

Dediyinə görə, beləcə müəssisəyə daxil olan əti S.Qazıyevanın yoxlamasına icazə verməyiblər.

“Mən baytar təyin olunandan sonra bunu daha kəskin şəkildə işarə etdilər ki, əti yoxlamayacaqsan. Mən acığa düşdüm. Sual etdim ki, necə olur baytar işləyə-işləyə heç bir yoxlanış apara bilmirəm”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2023-cü ilin aprelində bir neçə şirkətin məhsullarında nöqsanlar aşkar edilmişdi. Həmin siyahıda “Ovçular Ət və Ət Məhsulları” MMC-nin adı da qeyd edilib. Qeyd edilir ki, müəssisənin “Ovçular” brendi ilə “Külləmə” halal sosiskasında təhlükəsizlik göstəricilərinə uyğunsuzluq aşkarlanıb.

AQTA-nın iyundakı açıqlamasında isə “Ovçular Ət və Ət Məhsulları” MMC-nin Hindistandan Azərbaycana idxal etdiyi mal ətində də salmonella bakteriyasının aşkarlandığı bildirilib. Agentlik qeyd edib ki, məhsulun tərkibi qida sahəsində normativ sənədin tələblərinə uyğun olmayıb.

“LEŞ TOFİQ”İN ƏTLƏRİ…

Sabiq baytar bildirir ki, müəssisəyə gətirilmiş ətlərin içində “Leş Tofiq”in ətləri olurdu.

“Müəssisə rəhbərinin özünün ayrıca yeri olduğu üçün əti əsasən buradan [Leş Tofiq] alırdılar”.

Əsl adı Alıbəy Rzaxanov olan “Leş Tofiq” 2019-cu ilin sentyabrında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və onun əməlləri ifşa olunmuşdu. “Leş Tofiq”in iştirak etdiyi mütəşəkkil dəstənin üzvlərinin qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olduqları aşkarlanmışdı.

S.Qazıyeva deyir ki, onun müəssisə rəhbərliyi ilə münasibəti kəskinləşib.

Xatırladaq ki, “Ovçular Ət və Ət Məhsulları” MMC (VÖEN: 1600035681) 1994-cü ildə dövlət qeydiyyatından keçib. Şirkətin 20 manat nizamnamə kapitalı var. Onun direktoru və qanuni təmsilçisi İlqar Həsənov Xəlil oğludur.

 

Son xəbərlər
Digər xəbərlər