15 C
Baku
Thursday, May 9, 2024

Özbəkistan Azərbaycanın gömrük işi təcrübəsini öyrənmək istəyir

Özbəkistanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Banker.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

İyunun 1-də DGK-da Özbəkistan gömrük xidmətinin nümayəndə heyətilə görüş keçirilib.

Komitə sədri Səfər Mehdiyev gömrük prosedurlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması istiqamətində atılan addımlardan danışıb. Hazırda bəyanetmə sisteminin tam elektronlaşdırıldığını bildirən Səfər Mehdiyev informasiya texnologiyalarına əsaslanan “Yaşıl dəhliz” buraxılış sistemi, “Smart Customs” və digər layihələr, risklərin idarəolunması sistemi barədə də qonaqları məlumatlandırıb. O, Azərbaycan və Özbəkistan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin zəruriliyini də nəzərə çatdırıb.

Akmalxuja Mavlonov bildirib ki, hazırda Özbəkistan gömrüyündə ticarətin asanlaşdırılması, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyaları və müasir həllərin tətbiq edilməsi istiqamətində əsaslı islahatlara başlanılıb. Bu məqsədlə qonaq Azərbaycan gömrüyündə sözügedən sahədə əldə olunan nailiyyətlərdən faydalanmaqda maraqlı olduqlarını vurğulayıb. Məlumat verilib ki, nümayəndə heyətinin tərkibinə Özbəkistan gömrüyünün aparıcı sahələrinin mütəxəssisləri daxildir və məqsəd Azərbaycan təcrübəsini öyrənərək tətbiqinə nail olmaqdır.

Akmalxuja Mavlonov qeyd edib ki, Azərbaycan və Özbəkistan gömrük orqanları arasında bu gün imzalanacaq müvafiq sənəd qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına töhfəsini verəcək. İkitərəfli əlaqələrin, ticarət dövriyyəsinin daha da genişlənməsi üçün böyük potensialın olduğunu deyən qonaq, buna həm Özbəkistanın, həm də Azərbaycanın inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. O cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Görüşün sonunda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi arasında 2022-2023-cü illər üçün Qarşılıqlı Fəaliyyət Planı” imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov imzalayıblar.

Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 4-dək davam edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər