Özündən narazı, amma uğurlu karyera sahibisinizmi?

Elit şirkətlərdə on illər ərzində aparılan araşdırmalar nəticəsində bir məxsusi işçi tipi müəyyənləşib: olduqca bacarıqlı və kifayət qədər iddialı olan, lakin öz imkanlarını qənaətbəxş hesab etməyən işçilər.

“Hər görüşə getməmişdən qabaq, tutduğum mövqeyə layiq olduğumu özümə sübut etmək üçün narahatçılıq yaşayıram. Axmaq kimi görünəcəyəmmi və insanlar fasadın digər tərəfini görə biləcək və bunun əslində heç bir mənası olmadığını düşünəcəklərmi?”

Bu, Jeremy Newman-dır. Bu yaxınlara qədər Jeremy, dünyanın ən böyük mühasibatlıq şirkətlərindən biri – BDO-nun qlobal icraçı direktoru olub.

Hazırda o, mühüm dövlət orqanlarına və bir sıra digər təsisatlara sədrlik edir.

Hər bir halda o, professional həyatında son dərəcə uğurlu bir şəxsdir, bununla belə mənə daim kifayət qədər yaxşı olmadığı düşüncəsindən irəli gələn narahatçılığı barədə söz açır.

Və o, heç də tək deyil.

Liderlik və professional xidmət şirkətləri (hüquq və mühasibatlıq şirkətləri, məsləhətxana və investisiya bankçılığı kimi) üzrə apardığım 25 illik araşdırmam ərzində mükəmməl, uğurlu və üzdən özünəinamlı görünən çox sayda insanların özlərindən narazı olduğu ilə qarşılaşmışam.

Onlar “özündən narazı uğurlu karyera sahibləridir”: olduqca bacarıqlı və kifayət qədər iddialı olan, lakin öz imkanlarını qənaətbəxş hesab etməyən işçilər.

Özündən narazı uğurlu karyera sahibləri haqqında son kitabım Aparıcı Professionallar: Güc, Siyasət və Prima Donnalar-ı (Leading Professionals: Power, Politics and Prima Donnas) yazdıqdan sonra, dünyanın hər tərəfindən bu ifadənin onları əks etdirdiyi söyləyən müxtəlif vəzifə sahibi çox sayda insandan fenomenal cavablar aldım.

Özündən narazı uğurlu karyera sahibləri bu cür doğulmurlar, böyüdükcə belə olurlar.

Bu vəziyyət xüsusilə də psixoloji, maliyyə və fiziki əminsizlik problemləri ilə dolu uşaqlıq keçirən insanlarda təzahür edir.

Məsələn, qəfil və gözlənilməz kasıblığa məruz qalan uşaqlar böyüdükdən sonra, bunun yenindən yaşanacağı qorxusundan qurtula bilmirlər.

Bəzi uşaqlar isə yalnız fərqləndikləri zaman valideynləri tərəfindən qiymətləndirildiklərinə inanaraq böyüyürlər.

Özündən narazılığı şəxsiyyətlərinin bir hissəsi kimi özəlləşdirdiklərinə görə, bu münasibət uzun müddət – onlar böyüyüb, evdən ayrıldıqdan sonra da davam edə bilər.

Heç təəccüblü deyil ki, bu cür insanlar adətən iş üçün MBA məzunları axtarışında olan şirkətlər kimi elit professional şirkətlərə müraciətlər edirlər. Həmin şirkətlər də yeni işçilərinə, “biz ən yaxşı bizneslərik və bizimlə işləmək sizi də ən yaxşı edir” deyirlər.

Öz qiymətinə şübhə ilə yanaşan insanlar üçün bu, əla səslənir – ta ki, onlar gözləntiləri doğrultmayacaqları təqdirdə işdən atılacaqları barədə narahat olana qədər.

İnsanlar həmkarları ilə münasibətdə birbaşa müqayisə olunduqlarını bilirlər.

Amma həmkarlarının nə dərəcədə yaxşı işlədiyindən agah olmadıqlarına görə, özləri üçün yüksək standartlar müəyyənləşdirirlər.

Və sistem tərkibində hər kəs belə edir və standartlar daha da yüksəlir və yüksəlir, nəticədə də hər kəs daha çox işləməli olur.

Özündən narazı uğurlu karyera sahibləri üçün isə bu model dayanmadan davam edir.

Araşdırmam əsnasında bir məsləhətçi şirkətin baş icraçı direktorlarından biri iki həmkarını təsvir etmişdi.

Belə ki, onlara ” ‘Üzrlü say, yaxşı nəticə göstərə bilmirsən. İşdən ayrılmalısan’ deyəcəyimi düşünürmüşlər… mən isə əvəzində, ‘Nə danışırsan? Bəlkə bu gün evə daha tez gedəsən və ailənlə vaxt keçirəsən?’ deyirdim.

Və onların cavabı ‘Yox, yox, yox, yox, mən işləməliyəm’ olurdu.”

Daha aşağı vəzifəli işçilər liderlərinin bu cür davrandığını görür və irəli getmək üçün eyni davranış nümayiş etdirmək ehtiyacında olduqlarını düşünürlər.

Və beləliklə, model təkrarlanır və daim güclənir.

Lakin bu, pozitiv də ola bilər.

Bu yaxınlara qədər “sehrli çevrə” hüquq şirkəti Allen & Overy-nin qlobal tərəfdaşı olan David Morley, onların ətrafında dövr edən böyük sirkdən söz açır.

“Əgər işi yaxşı bacarırsansa və bundan həzz alırsansa, daha da həvəslənirsən,” o deyir.

“İşin sonunda razı müştərinin ödədiyi böyük məbləği görürsən və qarşındakı rəqəmlər əlavə etdiyin dəyərin təcəssümüdür. Sonra telefonuna zəng gəlir və növbəti macəraya atılırsan… Demək olar ki, narkotik vasitə kimidir… bu həyəcan axını… və yaxşı bacarırsansa, ardından çoxlu pozitiv mükafat gələcək.”

Lakin ekstrimə qapılıb uzun saatlar işləmək və nailiyyətə köklənmək bir sıra ciddi fiziki və əqli problemlərə yol aça bilər.

Buraya adicə yorğunluqdan tutmuş, xroniki ağrılar, asılılıqlar, qidalanma pozuqluğu, depressiya və daha pisləri daxildir.

Özünüzdən narazı uğurlu karyera sahibisinizsə, bu barədə nə edə bilərsiniz?

İzah etdiyim kimi, özündən narazılığı yaradan faktorlar uşaqlıqdan qaynaqlanır və bu mənada edə biləcəyiniz çox şey yoxdur. Lakin münasibəti dəyişə bilərsiniz.

İlkin olaraq sizi tətikləyən qüvvələri müəyyənləşdirin.

Şirkətinizin davranışlarınızı hansı yollarla idarə etmək istədiyinə diqqət edin.

Hansı həmkarlarınızın şərh və hərəkətləri ilə sizi daha narahat etdiyinə diqqət edin.

Ehtiyac olarsa, psixoloji qorumalarınızı işə salın.

İkinci olaraq, uğuru başqalarının yox, öz şərtləriniz əsasında müəyyənləşdirin.

Əgər özünüzü, bədəninizi və qəlbinizi işinizə həsr edəcəksinizsə, uğur şansının çox olduğu və işləməkdən ləzzət alacağınız bir iş seçin.

Sizə uyğun olmayan işdə qalmayın. “Başa çıxa bilmədiyiniz” işdən ayrılmaq müvəffəqiyyətsizlik yox, yaxşı həssaslıq və emosional müdriklik əlamətidir.

Və üçüncü olacaq, uğurlarınıza hörmətlə yanaşın və onları hər dəfə qeyd edin.

Özündən narazı uğurlu biri məqsədinə çatdıqdan dərhal sonra, qarşısına növbəti daha yüksək məqsəd qoyur.

Bir şeyə nail olduqda, ona çatmayacağınız üçün keçirdiyiniz narahatlıqları, həmin narahatlıqlara baxmayaraq, nə qədər çox müvəffəqiyyət qazandığınızı yada salın və özünüzü davamlı uğur modelinizin varlığına inandırmağa çalışın.

©BBC Capital, BBC Azəri