19 C
Baku
Thursday, April 25, 2024

Özünü idmanda tapan bank işçisi

Həmsöhbətimiz Vidadi Əlisgəndərov 1983-cü ildə Aşqabadda anadan olub və 1991-ci ildə ailəsi ilə birlikdə tarixi Vətəni olan Azərbaycana köçüb.

İdman həm hər zaman dəbdədir, həm də əhəmiyyətlidir. Çətinliklərin öhdəsindən gələrək və öz bədənini mükəmməlləşdirərək, insan gündən-günə güclənir və öz həyatını köklü şəkildə dəyişdirməyə nail olur. Mövzu ilə əlaqədar keçmiş bank işçisi, krosfit üzrə birinci dərəcəli peşəkar məşqçi, Crossfit – Vikings Hammer klubunun təsisçisi Vidadi Əlisgəndərovla söhbət apardıq.

Vidadi, Azərbaycan üçün kifayət qədər yeni idman növü olan krosfitə gəlişin necə baş verib?

Əslində uzun müddət bank sahəsində, rəhbər vəzifədə çalışmışam, 13 illik bank təcrübəm var. Bununla yanaşı bir çox idman növləri ilə məşğul olmuşam – futbol, aykido, karate və s. Fitnes isə ən son məşğuliyyətim olub. Ancaq getdikcə bu, mənə darıxdırıcı gəlməyə başladı və mən yeni, daha maraqlı bir sahə axtarışında idim. İnternetdə krosfit haqqında yazılara rast gəldim və tədricən onunla məşğul olmağa başladım. Ancaq başa düşdüm ki, təkbaşına nəyəsə nail olmaq çətindir. Krosfit üzrə bir çox açıq yarışlarda iştirak etdim, yeni tanışlıqlar əldə etdim, həmfikirlər axtarmağa başladım. Yavaş-yavaş komanda yığaraq, internetdə necə məşqçi olmaq, lisenziya almaq, peşəkar səviyyədə harada məşq etmək haqqında məlumatları araşdırırdım. Lazımi bilikləri toplayandan sonra daha intensiv məşqlərə başladım və tədricən 1-ci və 2-ci səviyyələr üzrə imtahanlardan keçdim.

Bəs idman zalı açmaq fikri necə yarandı?

Məşqçi olmağa hazır idim, kifayət qədər həmfikirlərim var idi, ailəm və dostlarım məni dəstəkləyirdi. Başlanğıcda federasiya açmaq niyyətində idim, ancaq müəyyən çətinliklərlə üzləşdim. Bu səbəbdən 2017-ci ildə idman zalı açmaq qərarına gəldim. Təsis etdiyim Crossfit – Vikings Hammer klubu hal-hazırda Azərbaycanda, hətta Cənubi Qafqazda ABŞ lisenziyası ilə fəaliyyət göstərən yeganə klubdur. Onu da qeyd edim ki, idman zalının təchiz olunması ilə bağlı bütün maliyyə məsələlərini təkbaşına həll etmişəm və bugünkü fəaliyyətimizdən, inkişafımızdan çox məmnunam.

Krosfit zalını digər idman zallarından fərqləndirən nədir?

Bir çox cəhətlər. Başlıcası odur ki, müxtəlif idman növlərini birləşdirən krosfit zalında bir çox idman alətləri mövcuddur. Hansı idman zalında həm ağır atletika, həm gimnastika, həm avarçəkmə, həm də xizək alətlərini bir yerdə görmək olar? Yalnız krosfit zalında. Daha bir fərqli cəhət isə məşqlərin qrup şəklində keçməsidir. Burada daim ünsiyyət var və əsl idman mühiti hökm sürür!

Məşqlərin intensivliyi nədən asılıdır?

Təbii ki, fiziki hazırlıq səviyyəsindən. İlkin mərhələdə məşqlər həftədə 3 dəfə aparılır. Daha hazırlıqlı idmançılar üçün isə 5 günlük proqram mövcuddur, ancaq 3 günlük məşqdən sonra mütləq 1 gün fasilə olmalıdır.

Krosfitlə ancaq peşəkar idmançılar məşğul ola bilərlər?

Xeyir. Krosfitlə hər kəs məşğul ola bilər, hətta uşaqlar. Klubumuzda məşq edən ən kiçik idmançımızın 6, ən yaşlısının isə 60 yaşı var. Peşəkar idmançılarla yanaşı, hazırlıq keçənlər arasında ofis əməkdaşları, həkimlər, bank işçiləri, IT mütəxəssisləri və s. var. Proqramları tərtib edərkən, hər kəsin fərqli fiziki göstəricilərə sahib olduğu nəzərə alınır. Onu da qeyd edim ki, məşq edənlər arasında kifayət qədər qadın var. Deyə bilərəm ki, onların payı təxminən 40 faizdir.

Krosfitin həm fiziki, həm də psixoloji baxımdan hansı faydaları var?

Bir çoxları sağlamlıq baxımından bəzi problemlərin həll olunduğunu qeyd edirlər. Belə ki, bəziləri bel və oynaq ağrılarının keçdiyini bildirirlər. Mənəvi baxımdan faydaları şəxsən bizim klubda müşahidə edirəm. Məşq prosesi qruplarda keçdiyindən insanlar yeni tanışlıqlar əldə edir, bir yerdə vaxt keçirir, yorğun iş günündən sonra birlikdə əylənirlər. Müasir dövrdə insanlar müxtəlif qadcetlərin əsirinə çevrilib. Bu baxımdan krosfit pis vərdişlərdən azad olmağa, sağlam həyat tərzi sürməyə sövq edir.

Söhbətimizin əvvəlində krosfit üzrə yarışlardan bəhs etdin. Bəs hal-hazırda ölkəmizi beynəlxalq turnirlərdə təmsil edən idmançılar varmı?

Crossfit Inc. şirkəti tərəfindən hər il 5 mərhələli rəsmi yarışlar keçirilir. Qeyd etmək lazımdır ki, 5 il əvvəl keçirilən beynəlxalq turnirdə ölkəmizi yalnız 3 idmançı təmsil etmişdi. Müqayisə üçün sonuncu turnirə Azərbaycan 15 kişi və 8 qadın idmançı ilə qatılmışdı. O ki qaldı peşəkar məşqçilərə, ölkəmizdə rəsmi lisenziya almış 8 krosfit məşqçisi var və sevindirici haldır ki, onlardan 3-ü bizim klubda çalışır.

Planlarınız haqqında nə deyə bilərsən?

Kiçik addımlarla irəliləyirik. Lokal səviyyədə daha çox yarışlar təşkil etmək əzmindəyik.

https://www.redbull.com/

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər