Özünü Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Pərvin Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Banker.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət daxil olub.
Aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.