İslamabad Rusiyadan ilk neft partiyasını bir həftədən sonra idxal etməyə başlayacaq və münasib qiymət şərti ilə tədarükü artırmağa hazırdır.
“Dawn” qəzeti bu barədə Pakistanın neft naziri Musadiq Malikə istinadla məlumat yayıb. Onun sözlərinə görə, gəmilər artıq Omana çatıb və bir həftədən sonra ucuz Rusiya neftinin Pakistana tədarükü başlanacaq.
Nazir Pakistanın Rusiyadan neft tədarükünü artırmağa hazır olub-olmaması sualına cavab verərkən deyib: “Əgər biz ucuz enerji mənbəyi tapsaq, tədarükü artıra bilərik”.
Enerjidaşıyıcıları çatışmazlığından əziyyət çəkən Pakistanın neft-kimya sahəsində xarici asılılığı 84 faizə çatır. Ölkənin yanacaq bazarının əsas hissəsini Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tutur. Rusiyadan neft idxalı İslamabadın yanacaq çatışmazlığının azaldılması üzrə strategiyasının bir hissəsidir. Pakistan gələcəkdə neftə olan tələbatının 35 faizini Rusiyadan tədarüklər hesabına təmin etməyi hədəfləyir.