Auditorlar Palatası banklar da daxil olmaqla, bir sıra təsərrüfat subyektləri rəhbərlərinə müraciət edib.
APA “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən təsərrüfat subyektləri 2016-cı il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü auditor rəyi ilə təsdiqlətməlidirlər.
Palatanın təqdim etdiyi siyahıya banklar və kredit təşkilatları, səhmdar cəmiyyətləri, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, məhdud məsuliyyətli cəmiyyətlər, fond və birjalar, qiymətli kağızların emitentləri, büdcədənkənar fondlar, ictimai əhəmiyyətli qurumlar, bələdiyyələr və bələdiyyə müəssisələri, birləşdirilmiş hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), təbii inhisar fəaliyyəti subyektləri, publik hüquqi şəxslər, kənd təsərrüfatı kooperativləri, siyasi partiyalar daxil edilib.
Bildirilir ki, qanunvericiliklə tələb olunan qaydada auditdən keçməməyə görə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunma nəzərdə tutulub.