Palatanın Baş icraçı direktoru “Visa inc.” nümayəndə heyyəti ilə görüşdü

25.10.2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışovun “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüşü keçirildi. Görüşdə “Visa İnc.” beynəlxalq kart təşkilatını Azərbaycan, Moldova və Belarusiya üzrə regional meneceri İqor Kovalyov, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa regionu üzrə Hökumət Qurumları ilə əlaqələr sektorunun direktoru Yuliya Zavalişnaya və digərləri təmsil edirdi.

Tədbirdə “Visa İnc.” beynəlxalq kart təşkilatı tərəfindən müxtəlif şəhərlərdə, o cümlədən Bakı şəhərində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə aparılan araşdırmanın nəticələri açıqlandı. Araşdırmanın nəticəsi kimi müxtəlif şəhərlərdə növbəti 15 il ərzində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə müsbət trendlər, hökumətin, özəl sektorun və vətəndaşların əldə edəcəkləri nailiyyətlər qeyd edildi. Eyni zamanda, görüş çərçivəsində “Visa İnc.” beynəlxalq kart təşkilatının Visa Token Xidmətinin təqdimatı keçirildi. Təqdimatda beynəlxalq təcrübədə son trendlər, habelə tətbiq ediləcək texnologiyanın rəqəmsal ödənişlərin daha təhlükəsiz formada həyata keçirilməsində rolu göstərildi.

Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə Palata tərəfdən bank xidmətləri üzrə rəqəmsallaşmanın genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyi və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişlənməsinin zəruri olduğu bildirildi. Eyni zamanda, “Visa İnc.” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının iştirakçısı kimi rolu vurğulanaraq bir sıra iri layihələrin reallaşdırılmasında təşkilatın mühüm rol oynaya biləcəyi qeyd edildi.

Görüş zamanı ölkədə elektron ödənişlərin inkişafı üzrə prioritet hədəflər və birgə əməkdaşlıq istiqamətləri də müzakirə edildi.