Maliyə Bazarlarına Nəzarət Palatasına (MBNP) yeni səlahiyyətlər verilir.
Bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Təklif edilən dəyişiklikərə əsasən, MBNP bank olmayan kredit təşkilatlarına (BOKT) aşağıdakı nəzarət tədbirlərini tətbiq edə bilər:
– fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsinin məhdudlaşdırılması və ya dayandırılması;
– inzibatçıların vəzifəsindən müvəqqəti kənarlaşdırılması;
– digər hüquqi şəxslərin kapitalında payların alınmasının məhdudlaşdırılması və ya dayandırılması;
– yeni filialların açılmasının məhdudlaşdırılması və ya fəaliyyət göstərən filialların işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;
– kredit verilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi;
– dividentlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması;
– maliyyələşmə mənbələrinin məhdudlaşdırılması və ya dayandırılması;
– BOKT-ların fəaliyyətinin və daxili nəzarətinin həyata keçirilməsi qaydasında dəyişikliklər edilməsi.
Layihədə qeyd edilib ki, həmin nəzarət tədbirləri ayrılıqda və ya bir neçəsi eyni zamanda tətbiq edilə bilər.
Qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasına tövsiyə edilib[/vc_column_text][/vc_column][/vc_row]