10 C
Baku
Wednesday, December 11, 2024

Pandemiya dövründə sığorta sektorunun inkişafı üçün atılacaq addımlar

Bu yazımızda sığorta sektoru üzrə pandemiyadan daha az zərərlə və müştəri məmnuniyyətini yüksək saxlamaqla çıxmaq üçün qanunvericiliyə uyğun həll imkanları barədə məlumat verməyə çalışacağıq.Mövzuya keçməzdən əvvəl sığorta sektoru üzrə cari qanunvericiliyin mövqeyini qeyd etmək yerinə düşərdi. Belə ki, qanunvericiliyə görə sığorta şirkətləri (sığortaçı) öz internet səhifəsi və elektron informasiya sisteminə malik olmalıdır.İnternet səhifəsində əlaqə məlumatları, filial və nümayəndəliklərin ünvanları, rəhbər şəxslər barədə məlumatlar, hadisə baş verdikdə sorğu göndərmək bölməsi, şikayət vermə proseduru, şikayətlərə baxan məsul şəxsin əlaqə telefonu və email ünvanı, sığortaçının maliyyə hesabatları və sığorta növləri üzrə əsas şərtləri əks etdirən sığorta qaydaları yerləşdirilməlidir.

Qanunvericiliyə görə sığortaçılarla elektron sənəd formasında da sığorta müqaviləsi bağlana bilər. Bu isə istehlakçının sığorta müqaviləsi üzrə təminat verilən halları və müqavilə şərtlərini görə biləcəyi, həmçinin istənilən vaxt bu müqavilənin elektron surətini çıxara biləcəyi sistemin mövcud olduğu halda mümkündür.Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.2020-ci il tarixli qərarı ilə də sektorun qorunması istiqamətində mühüm məsələlər qeyd edildi. Əsas hadisələrin onlayn tənzimlənməsi, könüllü müqavilələr üzrə sığorta haqlarının ödənilməsinə 30.09.2020-ci ilədək möhlət verilməsi, təqvim haqlarının ödənilməsi üçün də həmin müddətədək möhlət verilməsi, dividend ödənişlərinin təxirə salınması kimi mühüm işlər sektora zərərli təsirin azalmasına imkan verəcək.

Pandemiya dövründə turizm sahəsinin zərərə uğraması öz növbəsində səyahət sığortası üzrə yığımlarda azalmaya gətirsə də, bu heç də həmin növün iflası deyil. Belə ki, ölkədaxili turizmə marağın artması bir qayda olaraq daxili turizm üzrə sığorta məhsullarının satışına təkan verə biləcək.İcbari sığorta növləri üzrə cərimə mexanizmlərinin tətbiqi isə bir qayda olaraq bu növlər üzrə zərərlərin azalmasına gətirəcək. Qeyd etmək mümkündür ki, əsasən yaz aylarında avtomobil sahiblərinin mülki məsuliyyət sığortası üzrə artan qəza hallarının xüsusi karantin dövründə azalması da sığortaçıların zərərlərinin azalması ilə nəticələnəcək. Bununla yanaşı “evdə həyat var” şüarları səsləndikcə evlərin sığortası üzrə məhsulların da daha cəlbedici olacağını nəzərə alaraq sığortaçıları bu növ üzrə müştəri potensialının artması üçün təbliğat kompaniyasına dəvət etmək yerinə düşərdi.Qeyd edək ki, 2020-ci ildən bütün ölkə üzrə tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığortanın 2021-ci ilə təxirə salınması da pandemiya dövründə sağlamlığa artan diqqəti nəzərə alaraq könüllü tibbi sığorta məhsuluna marağın artmasına gətirib çıxarır.

Göründüyü kimi karantin rejimində dövlətin həyata keçirdiyi uğurlu islahatlar və vaxtında alınan qərarlar sığorta sektorunun zərərlərinin qarşısının alınmasına yönəlmişdir. Bu baxımdan da sektorun iştirakçılarının öz innovativ imkanlarından istifadə etməklə zərərlərini minimuma endirməsi və gəlirliliyi stabil saxlaması mümkün sayılır. Yekunda isə qeyd etmək mümkündür ki, 2020-ci ildə də sığorta sektoru artan templə gəlirlərini artırmaqda davam etmiş və ötən ilin ilk rübünə münasibətdə bu il sığorta haqlarında 30%-dən çox artıma nail olunmuşdur.

Müəllif: Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər