-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Pandemiyada 95 mln. insan kəskin yoxsullaşıb – Təhlil

Pandemiyanın dünya iqtisadiyyatına təsiri

2020-ci ildən etibarən Covid-19 pandemiyasının dünyada yayılması 2008-ci ildə baş vermiş maliyyə böhranından sonra dünya iqtisadiyyatında ən böyük daralmaların yaranmasına və iqtisadi inkişafın əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb oldu. Pandemiya nəticəsində dünyanın müxtəlif ölkələrində tətbiq edilən qadağalar tarixdə görünməmiş şəkildə, eyni zamanda müxtəlif iqtisadi fəaliyyət sahələrində fəaliyyətin dayandırılmasına gətirib çıxardı ki, bu da iqtisadi aktivliyin əsaslı şəkildə zəifləməsinə səbəb oldu. Pandemiya həm də qlobal iqtisadi sistemin ölkələr arasında yüksək asılılıq yaratmasının mənfi tərəflərini də açıb göstərdi. Belə ki, pandemiyanın təsiri ilə qlobal təchizat zəncirinin dayanıqlılığının pozulması bir çox istiqamətlər üzrə istehsal prosesinin korlanmasına və bir sıra məhsullar üzrə çatışmazlıqların yaranmasına gətirib çıxardı. Xüsusilə də təchizat zəncirinin formalaşmasında Çinin böyük rola və paya malik olması və pandemiyanın ilk dəfə kütləvi şəkildə Çində yayılması təchizat zənciri ilə bağlı problemlərin pandemiyanın yayıldığı dövrün əvvəlində daha sərt xarakterə malik olmasına səbəb oldu. Sonrakı dövrdə təchizat zənciri ilə bağlı olan problemlər müəyyən qədər azalsa da hələ qalmaqda davam edir və istər istehsal proseslərinə istərsə də məhsulların qiymətlərinə təsir edir.

Pandemiyanın yaratdığı mənfi iqtisadi nəticələrin hələ uzun müddət hiss ediləcəyi gözlənilir. Uzunmüddətli perspektivdə pandemiya investisiyaların zəifləməsi, insan kapitalının eroziyası və iş yerlərinin kütləvi şəkildə azalması, təhsilin effektivliyinin aşağı düşməsi, beynəlxalq ticarətin davamlılığının korlanması, iqtisadi izolyasiya siyasətinə meyllənməni artması, qlobal iqtisadi sistemə etibarın azalması kimi problemlər davam edəcək. Pandemiya dövründə müxtəlif hökumətlərin iqtisadiyyatın və əhalinin dəstəklənməsi ilə bağlı həyata keçirdiyi dəstək tədbirlərinin böyük miqyasa malik olmasına baxmayaraq, bu pandemiyanın dünya iqtisadiyyatı üzərində hələ uzun müddət davam edəcək təsirlərini aradan qaldırmaq iqtidarında deyil. Bütün yaranmış problemlər göstərdi ki, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr özlərinin səhiyyə sistemlərində əhəmiyyətli islahatlar həyata keçirməli və onu möhkəmləndirməlidirlər. İstər yerli, istərsə də beynəlxalq səhiyyə qurumları pandemiyanın yayılmasının və onun aradan qaldırılmasının qarşısında effektiv ola bilməməsi virusun daha sürətlə yayılmasına və dünya ölkələri üçün iqtisadi və siyasi risklər formalaşdırmasına səbəb oldu.

Pandemiyanın əsas təsir etdiyi istiqamətlərə həm də əmək bazarı və yoxsulluq aiddir. Pandemiyanın yaratdığı iqtisadi problemlər gənclərə, qadınlara və daha aşağı ixtisaslı işçilərə daha çox təsir edib. Bu qrupa aid olanlar əmək bazarının daralması nəticəsində daha çox işsizlik problemi ilə üzləşməli olublar. Bu isə gəlirlərin əhali qrupları arasında bölgüsündə mövcud olan qeyri-bərabərliyin daha da dərinləşməsinə şərait yaradıb. Hesablamalara görə pandemiyadan əvvəlki dövrlə müqayisədə pandemiya dövründə dünyada 95 milyon insan kəskin yoxsulluq səviyyəsində yaşayan qrupa daxil olub. Eyni zamanda aşağı gəlirli ölkələr üçün təhsil sahəsinda yaranmış problemlər daha idarə olunmaz şəkil alıb ki, bu da onsuzda həmin ölkələrdə olan zəif təhsil sisteminin daha da keyfiyyətsiz hala gəlməsinə gətirib çıxarıb. Bu isə dünya əhalisi arasında savadlılıq baxımından mövcud olan qeyri-bərabərliyin daha da artmasına səbəb olub.

Baş verən mənfi proseslər dünya ölkələri üçün əsas iqtisadi artım göstəricisi olan Ümumi Daxili Məhsulun (ÜDM) əsaslı şəkildə azalmasına səbəb olub. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə 2020-ci ildə dünya iqtisadiyyatı 4.4% (bəzi hesablamalara görə 3.3%) səviyyəsində kiçilib. Fondun məlumatlarına görə bu XX əsrin 30-cu illərində baş vermiş Böyük Depressiyadan sonra dünya iqtisadiyyatının ən aşağı artım göstəricisi olub. 2021-ci ilin əvvəlinə olan ÜDM göstəricilərinə nəzər salsaq görərik ki, dünya ölkələrinin əksəriyyəti iqtisadi tənəzzül ilə qarşılaşıb. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində ÜDM-in azalma faizi mənfi 5%-15% və mənfi 15%-70% qrupları arasında olub (Şəkil 1). 2020-ci ildə böyük iqtisadiyyatlardan yalnız Çində ÜDM-in artımı qeydə alınıb ki, bu artım da 2.3% səviyyəsində olub. İqtisadiyyatları daha çox kiçilən ölkələrə əsasən turizmdən, məhsulların ixracından və iqtisadiyyata dəstək tədbirləri həyata keçirmək imkanları daha az olan ölkələr aid olub. Bu da həmin ölkələrin orta müddətli dövrdə daha çox ziyanla qarşılaşmalarına səbəb olacaq.

Şəkil 1. Dünya ölkələrinin real ÜDM artımı.

Capture

Mənbə: Beynəlxalq Valyuta Fondu

Pandemiya qeyd etdiyimiz kimi qlobal əmək bazarına da əsaslı sürətdə təsir edib. Nəticədə dünya ölkələrinin çoxunda işsizlik səviyyəsi artıb. Orta illik işsizlik səviyyəsi 2020-ci ildə ABŞ və Fransada 8.9%-ə, Britaniyada 5.4%-ə, Almaniyada 4.3%-ə, Kanadada 9.7%-ə, İtaliyada 11%-ə, Brazilyada isə 13.4% səviyyəsinə qədər yüksəlib. İşsizlik göstəricisinin artması ölkələrdə sosial narazılığı artırmaqla həm də hökumətlər üçün siyasi təzyiqlər formalaşdırıb. İşə müraciət üçün mövcud olan vakansiyaların sayında əksər inkişaf etmiş ölkələrdə 2020-ci ildə əvvəlki il ilə müqayisədə 30%-dən çox azalma müşahidə edilib. Bu azalmalar ölkələri dəstək tədbirlərinin həcmini genişləndirməyə və daha çox maliyyə dəstəyi verməyə məcbur edib ki, bu da fiskal sahədə təzyiqlərin artmasına gətirib çıxarıb.

Post-pandemiya dövründə bərpa prosesinin əsas xüsusiyyətləri

Pandemiyanın davam etməsinə baxmayaraq onun əvvəlki sürətli yayılma tempi və iqtisadiyyatlar üzərində təsiri azalıb. Xüsusilə də, 2021-ci ilin əvvəlindən etibarən dünya üzrə peyvəndlərin kütləvi şəkildə yayılması pandemiyanın təsir imkanlarını azaldıb və tətbiq edilən qadağaların yumşaldılmasına səbəb olub. Yoluxma səviyyəsindən asılı olaraq qadağa tədbirlərinin müəyyən ölkələrdə yenidən tətbiqi və ya yumşaldılması prosesi getsə də 2021-ci ilin ilk yarımilindən sonra əvvəlki kimi geniş miqyaslı qadağa tədbirləri demək olar ki, tətbiq edilməyib. İstər peyvəndlərin yayılması, istərsə də qadağa tədbirlərinin azaldılması 2021-ci ilin ikinci və üçüncü rübündən etibarən dünya iqtisadiyyatının bərpası prosesinin başlamasına səbəb olub. Ona görə də bu dövrdən sonra post-pandemiya dövrünün başlandığı qəbul edilir. Aydındır ki, müxtəlif ölkələr və regionlar üzrə bərpa prosesi eyni formada getmədiyindən bəzi ölkələrdə bu dövrdə post-pandemiya dövrünün başlandığını demək olmaz. Lakin, ümumilikdə dünya iqtisadiyyatını nəzərdə tutduqda qeyd etdiyimiz dövrü post-pandemiya dövrünün başlandığı dövr kimi qəbul edə bilərik. Bu dövrdə, xüsusilə dünyanın iki ən böyük iqtisadiyyatları olan Çin və ABŞ-da sürətli bərpa prosesinin başlaması dünya iqtisadiyyatının da bərpasına imkan yaradıb. Artıq 2021-ci ilin aprel ayında mütəxəssislər qeyd edirdilər ki, pandemiya ilə əlaqədar olan qeyri-müəyyənliklərin qalmasına baxmayaraq mövcud səhiyyə və iqtisadi böhrandan çıxış yolu artıq görünür.

Qlobal iqtisadiyyatın bərpası ilə bağlı müxtəlif təşkilatlar və mütəxəssislər tərəfindən fərqli fikirlər səsləndirilsə də ABŞ-ın məhşur tədqiqat təşkilatı olan “Konfrans Şurası”-nın (The Conference Board) hesablamalarına görə 2021-ci ilin ilk rübünün sonunda qlobal ÜDM əvvəlki ildə qarşılaşdığı itkiləri bərpa edə bilib. Ancaq aydındır ki, bu proses ölkələr üzrə fərqli formada baş verib. Təşkilatın proqnozlarına görə 2022-ci ilin sonuna qədər dünya ÜDM-nin 96%-ni təşkil edən 66 ölkənin ÜDM səviyyəsi pandemiyadan əvvəlki səviyyədə və ya ondan daha yüksək olacaq. Buna baxmayaraq, dünya üzrə əmək bazarı və əhalinin gəlirlərinin bərpası daha uzun zaman alacaq. Bu proseslərin fonunda Konfrans Şurasının hazırkı proqnozlarına görə dünya iqtisadiyyatı 2022-ci ildə 3.9% artacaq. Bu artımın əsas drayverləri kimi isə istehlakçı xərcləmələrinin və məhsul istehsalına olan tələbatın artması çıxış edəcək. Lakin, pandemiyanın təsiri ilə qarşıdan gələn illərdə orta artım tempi son onillikdə əldə edilmiş orta artım tempindən aşağı olacaq. Belə ki, proqnozlara görə orta illik artım tempi 2010-2019-cu illərdə 3.3% olduğu halda, 2022-2026-cı illərdə 2.5% səviyyəsinə düşəcək. 2027-2031-ci illərdə isə 2.4%-ə qədər azalacaq. Qarşıdan gələn on ildə dünya iqtisadiyyatının artımının 70%-i inkişaf etməkdə olan ölkələrin, 30%-i isə inkişaf etmiş ölkələrin payına düşəcək.

Post-pandemiya dövrünün başlamasına və bir çox ölkələrdə iqtisadi bərpa prosesinin davam etməsinə baxmayaraq, bu proseslərə paralel olaraq dünya üzrə inflyasiyanın əsaslı artımı müşahidə edilir ki, bu da dünya əhalisinin rifah halına əsaslı şəkildə təsir edir. Qiyməti daha çox artan məhsullar və xidmətlərə dünya əhalisinin gündəlik həyatına təsir edən ərzaq məhsulları, nəqliyyat və kommunal xərclər aiddir. Hesablamalar göstərir ki, dünya əhalisinin üçdə ikisi qiymət artımlarından birbaşa təsirlənir. Bu isə dünyanın aşağı gəlirli əhalisinin maddi vəziyyətini daha da pisləşdirir.

Ölkələr və təşkilatlar üzrə də inflyasiya göstəriciləri qiymətlərin əsaslı şəkildə artdığını göstərir. ABŞ-da illik inflyasiya göstəricisi 2021-ci ilin noyabr ayında illik ifadədə 6.8% olub ki, bu da son 39 ilin ən yüksək inflyasiya göstəricisi olub. Avrozonada bu birliyin yaranmasından sonra ən yüksək inflyasiya göstəricisi (4.9%) qeydə alınıb. Almaniyada isə son 29 ilin ən yüksək inflyasiya göstəricisi olan 5.2% inflyasiya qeydə alınıb. İnflyasiyanın əhəmiyyətli sürətdə yüksəlməsinə əsasən uzunmüddətli dövrdə istifadə edilən məhsulların qiymətinin sürətli qalxması nəticəsində bu məhsulların çatışmazlığının yaranması, istehlak zənciri ilə bağlı problemlərin davam etməsi və enerji daşıyıcılarının qiymətinin artması təsir edir. İnkişaf etməkdə olan ölkələrdə isə inflyasiyanın daha yüksək səviyyəsi müşahidə edilir. Belə ki, 2021-ci ilin noyabr ayında Türkiyədə 21.3%, Braziliyada 10.7%, Rusiyada isə 8.4% inflyasiya qeydə alınıb. İnflyasiya ilə bağlı bu tendensiyanın yaşanması son on il ərzində dünyada davam edən aşağı inflyasiyalı dövrün bitməsinə gətirib çıxarıb. Son on ildə əsas inkişaf etmiş ölkələrdə orta inflyasiya göstəricisi 2.6%-dən aşağı olub.

Yüksək inflyasiyanın mövcud olması isə Mərkəzi Bankların dilemma qarşısında qalmasına səbəb olur. Bir tərəfdən onlar faiz dərəcələrini qaldırmaq istəyirlər ki, inflyasiyanın qarşısını
alsınlar, digər tərəfdən isə bu onsuzda pandemiyanın təsiri ilə zəifləmiş iqtisadi aktivliyə pis təsir edəcək ki, bu da bərpa prosesinin pozulması deməkdir. Çox yüksək inflyasiyanın müşahidə edildiyi bir çox inkişaf etməkdə olan ölkələrdə mərkəzi banklar artıq faiz dərəcələrini artırmağa məcbur olublar. Digər ölkələrdə, xüsusilə də inkişaf etmiş ölkələrin əksəriyyətində isə faiz artımlarının həyata keçirilməsinə başlanılmayıb. Lakin, yüksək inflyasiyanın davam etməsi onu deməyə əsas verir ki, 2022-ci ildə bu ölkələrdə də faizlərin artırılması prosesi başlayacaq.

Post-pandemiya dövründə beynəlxalq iqtisadi münasibətlərin xarakteri

Bütün qeyd etdiyimiz pandemiya ilə bağlı olan məsələlər beynəlxalq iqtisadi münasibətlər
sisteminə təsir etməklə onun xarakterində dəyişikliklərin yaranmasına yol açır. Daha geniş anlamda pandemiyanın beynəlxalq iqtisadi münasibətlər sisteminə təsiri əsasən iki istiqamətdə baş verib. İlk olaraq qeyri-bərabərliyin artmasını qeyd edə bilərik. 1980-ci illərdən etibarən liberal iqtisadi sistemin dünyada dominant sistemə çevrilməsi dünya iqtisadiyyatının sürətli inkişafına yol açmaqla yanaşı ölkələr arasında iqtisadi inkişaf fərqlərinin də artmasına səbəb olub. Bu da inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkə qruplarının formalaşmasına səbəb olub. Bir neçə sürətli inkişaf etmək imkanına malik olan inkişaf etməkdə olan ölkələr istisna olmaqla qeyd edilən qruplar arasında fərqlər daha da dərinləşib. Pandemiya isə bu prosesi daha da sürətləndirib, qeyri-bərabərliyin daha yüksək həddə çatmasına səbəb olub. Bu isə onunla əlaqədardır ki, həm inkişaf etmiş ölkələr daha inkişaf etmiş səhiyyə sistemlərinə malikdir, iqtisadiyyatın dəstəklənməsi proqramlarını icra etmək üçün daha çox maliyyə imkanlarına sahibdir və aşağı gəlirli əhalinin faizi daha aşağıdır. Eyni zamanda siyasi baxımdan da mövcud olan fərqlər var hansılar ki, beynəlxalq səviyyədə verilən qərarların daha çox inkişaf etmiş ölkələrin maraqlarına uyğun olmasına səbəb olur. Bu mənada vaksinlərin ölkələr üzrə yayılmasını qeyd etmək olar. İnkişaf etməkdə olan ölkələr ilə müqayisədə inkişaf etmiş ölkələrin səhiyyə sistemlərinin daha yüksək inkişaf etməsi nəticəsində vaksinləri istehsal etməsi və buna görə də vaksinə daha asan çıxış imkanlarının olması virusun aradan qaldırılmasında ən effektiv vasitə olan peyvəndləmənin ölkələr arasında qeyri-bərabər şəkildə getməsinə səbəb olub. Hətta inkişaf etmiş ölkələr istifadəsiz qalmış peyvəndləri inkişaf etməkdə olan və az gəlirli ölkələr ilə bölüşməkdən belə çəkinib. Bütün bunların
nəticəsində ölkələr arasında qeyri-bərabərlik artıb. Bu qeyri-bərabərliyin artması isə bir neçə istiqamət üzrə baş verir. Yəni burada yalnız maliyyə gəlirlərinin və iqtisadi inkişaf imkanları arasında qeyri-bərabərliyin artmasından söhbət getmir. Bura həm də səhiyyə sisteminin bərpası, əmək bazarının yaxşılaşdırılması, təhsil səviyyəsi, yoxsulluğun idarə edilməsi və digər istiqamətlər üzrə də qeyri-bərabərliyin artması aiddir. Bu isə öz növbəsində ölkələr arasında rəqabət imkanlarının azalmasına, siyasi və iqtisadi baxımdan qütbləşmənin dərinləşməsinə imkan yarada bilər.

Pandemiyanın beynəlxalq iqtisadi münasibətlər sisteminə digər təsiri isə qloballaşmanın zəifləməsi və ölkələrin iqtisadi izolyasiyaya meyllənməsi ilə bağlıdır. Qlobal iqtisadi sistemin formalaşması və dərinləşməsi ölkələrin müxtəlif iqtisadi fəaliyyətlərdə və xüsusən də məhsul istehsalında bir-birindən kəskin şəkildə asılı olmasına gətirib çıxarıb. Bu həm istehsal imkanlarını artırmağa, həm də qiymət baxımından daha rəqabətli məhsulların istehsalına imkan yaratsa da ölkələr arasında kəskin asılılıq yaratmaqla pandemiya kimi böhranların baş verdiyi dövrdə iqtisadi risklərin artmasına da səbəb olub. Ümumiyyətlə, hələ pandemiyadan öncə biz qlobal iqtisadi sistemin əvvəlki əhəmiyyətini itirməsinin şahidi olurduq. Dünyanın iki ən böyük iqtisadiyyatına malik olan ABŞ və Çin arasında yaranan ticarət müharibəsi, ABŞ-ın eksponsionist iqtisadi siyasətdən uzaqlaşmağa çalışması, Brekzitin baş verməsi qlobal iqtisadi sistemin zəifləməsinin təzahürləri idi. Ölkələr arasında təchizat zənciri vasitəsilə yaranan asılılığın siyasi təzyiq imkanlarını artırması və liberal sistemin diktəsi ilə ölkələrin milli maraqlarının biznes maraqlarına qurban verilməsi qlobal iqtisadi sistemin risklərini daha da artırmışdı. Qloballaşmanın zəifləməsi eyni zamanda dünya ölkələri arasında milliyətçilik meyllərinin də artmasına və bunun ölkələrin xarici siyasətinə təsir etməsinə səbəb olurdu. Milliyyətçi prinsiplərə dayanan siyasi sistemlər isə adətən daha çox proteksionist iqtisadi siyasətə üstünlük verirlər. Bu qeyd etdiyimiz proseslərin fonunda pandemiyanın baş verməsi isə qlobal iqtisadi sistemə böyük zərbə vurdu. Nəticədə, qeyd etdiyimiz problemlər daha da dərinləşdi və iqtisadi təhlükəsizlik
baxımından müxtəlif ölkələrdə digər ölkələrdən asılılığın aradan qaldırılması məsələləri gündəmə gəldi.

Yüksək inflyasiyanın yaranması da beynəlxalq iqtisadi münasibətlərin xarakterinə təsir edən faktor kimi qəbul edilə bilər. Ona görə ki, yüksək inflyasiyanın mövcudluğu beynəlxalq ticarət münasibətlərinə əsaslı şəkildə təsir edir. İnflyasiya nəticəsində istehsal edilən bir sıra məhsulların qiymətinin artması həm həmin məhsulların, həm də onların istehsal edildiyi ölkələrin rəqabət qabiliyyətinin azalmasına səbəb olur. Yüksək qlobal inflyasiyanın uzun müddət davam etməyəcəyini və pandemiya tam aradan qalxdıqdan sonra inflyasiyanın azalmaya meylli olacağını əsas götürərək deyə bilərik ki, bu faktorun beynəlxalq iqtisadi münasibətlər sistemi üzərində təsiri uzun müddət davam etməyəcək. Lakin, onu da nəzərə almaq lazımdır ki, pandemiya dövründə dünya iqtisadiyyatının qloballaşmasının yaratdığı problemlərin üzə çıxması və bir çox ölkələrin proteksionist siyasətə meyllənməsinə səbəb olması onu deməyə əsas verir ki, inflyasiyanın səviyyəsi azalsa da əvvəlki dövrlə müqayisədə daha yüksək olacaq. Bu beynəlxalq iqtisadi münasibətlərin xarakterinə təsir etsə də əvvəl qeyd etdiyimiz faktorlar kimi güclü təsirə malik olmayacaq.

Son xəbərlər
Oxşar xəbərlər