ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, Ukrayna üçün 500 milyard dollarlıq lend-liz proqramı hazırlaya bilər. Bu barədə ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo bildirib, “The Wall Street Journal” yazır.
Pompeo həmçinin ABŞ-nin müdafiə sənayesini genişləndirməyi, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi və Ukraynanın əldə edə və istifadə edə biləcəyi silah növlərinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı təklif edib. Onun fikrincə, bu, Trampa Rusiya ilə razılaşmanın şərtlərini müəyyən etməyə və Ukraynanın müdafiəsini gücləndirməyə imkan verəcək.
İyunun sonunda Tramp administrasiyasının keçmiş rəsmiləri Keyt Kelloq və Fred Flitz Ukraynadakı münaqişənin həlli üçün plan hazırlayıblar. Onların planına görə, Kiyev yalnız danışıqlar prosesində iştiraka razılıq verərsə, Amerika silahlarını və digər hərbi yardımları ala biləcək. Bu halda atəşkəs şərtləri danışıqlar zamanı döyüş meydanındakı vəziyyətə əsasən razılaşdırılacaq.
Kelloq və Flitz həmçinin Rusiyanın enerji resurslarının satışından vergiyə cəlb olunmasını və Rusiya onların təsvir etdikləri danışıqlar formatına qoşulmağa razı olmadığı təqdirdə Ukraynanın bərpası üçün alınan vəsaitdən istifadə edilməsini müdafiə ediblər.