10 C
Baku
Thursday, December 12, 2024

Postkoronavirus dövründə karyera qurmaq: hansı bacarıqlara yiyələnməliyik?

COVID-19 pandemiyasının dünya iqtisadiyyatına və insanların həyatına təsiri dağıdıcı olmuşdur. Bəşəriyyət kütləvi işsizliklə yanaşı, dövlət borcunun artması və digər problemlərlə üzləşib. Bu, işsiz insanlara yardım etmək imkanını məhdudlaşdırır, müəssisələrin və vətəndaşların vergi yükünü artırır. 

Belə olduqda, bizim əsas vəzifəmiz yeni dünya üçün zəruri olan bacarıqları müəyyənləşdirmək və inkişaf etdirmək olacaq. Texnologiya və demoqrafiya ilə sürətlənən iş rejimindəki dəyişikliklər, əsasən dörd qrup işçilərə təsir edəcəkdir. Bu meylləri başa düşsək, dəyişkən mühitə daha tez uyğunlaşa bilərik. 

Birinci qrup – gənclərdir: universiteti yenicə bitirmiş, iqtisadi tənəzzül səbəbindən işə düzəlmək perspektivləri şübhə altında olan insanlar. İkinci qrup – iqtisadi böhran zamanı müxtəlif maliyyə öhdəlikləri olan, işini itirmək təhlükəsi altına düşən orta səviyyəli işçilərdir. Bir qayda olaraq, onlar texnoloji dəyişiklik sürətinə uyğunlaşmağa hazır olmadıqlarını hiss edirlər. Üçüncü qrup – pensiya yaşına yaxın olan, rahat yaşayış üçün kifayət qədər əmanəti olmayanlardır. Bu o deməkdir ki, onlar hələdə işləməyə məcburdurlar. 

Dördüncü qrup – peşəsinin pereferiyasında olanlar: pandemiyadan əvvəl gözünü maaşa dikən, hər zaman pul çatışmazlığı yaşayan insanlar. İqtisadi tənəzzül şəraitində onlar daha ciddi problemlərlə üzləşdilər – yaşadıqları mənzilin icarə haqqını ödəmək, aylıq ərzaq almaq və s. Bir çox ölkələrdə bu problemlərin həlli hökumətin dəstəyini tələb edir, çünki bu insanlara yeni bacarıqları inkişaf etdirilməyə kömək etmək lazımdır. 

Buna baxmayaraq, ümid hələ də var. 

Karyera pilləkənini unudun

Ənənəvi formada karyera pilləkəni artıq mövcud deyil və COVID-19 ilə əlaqədar yaranan böhran bu dəyişimi daha da sürətləndirəcək. Artıq insanlar peşə və ya karyera seçməli olmayacaqlar: onlar hansı problemlərin həlli ilə məşğul olmaq istədiklərini başa düşməlidirlər, çünki problemlərin həlli – texnologiyalardan asılı olamayan universal bacarıqdır. 

Məsələn, ətraf mühitə kömək etmək və biznesə dəstək olmaq tələb olunur (energetik balans tapmaq). Bu suala cavab vermək üçün həm kimya istehsalı ilə tanış olan, həm də müasir informasiya kanallarından istifadə etməyi bacaran mütəxəssis lazımdır. Eləcə də ekoloji cəhətdən təmiz və eyni zamanda möhkəm plastikin yaradılması kimi analoji problemləri həll etmək mümkündür. 

Gələcəkdə karyera bir platformadan digərinə keçidlərdən ibarət olacaq. Bəzi şirkətlərdə idarəçilər bunu artıq başa düşürlər və işçilərini vəzifə öhdəliklərinin məcmusu kimi nəzərdən keçirmək əvəzində, onların malik olduğu bacarıqlara diqqət edirlər. Əgər işçi bu gün zəruri sayılan bacarıqlara sahib deyilsə, liderlər bu problemi həll etməyin yolunu tapmalıdırlar. 

Hər birimiz karyera haqqında düşünən zaman addım-addım yüksələn pilləkən təsəvvür etmişik. Lakin bu konsepsiya dəyişikliklərə ehtiyac duyur – həm işçilər, həm də işəgötürənlər bir sahədə əldə edilən biliklərdən digər sahədə necə istifadə edilə biləcəyini başa düşməyə çalışırlar. 

Misal olaraq öz karyeramı göstərim. Mən akademik dünyada xətti olaraq inkişaf etmişəm – elmi əməkdaşdan professor və dekan vəzifəsinə kimi. Lakin indiyədək tutduğum ən maraqlı mövqelər sahibkar, sonra isə korporativ lider olub. 2000-ci ildə Duke Corporate Education şirkətinin əsasını qoydum və baş direktor vəzifəsini tutdum. Bu gün mən strategiya və liderlik sahəsində aparıcı mütəxəssislərdən biriyəm. 

Karyerası sona çatan və heç bir maliyyə ehtiyatı olmayanlar, pensiyaya daha komfort bir şəkildə çıxmaq üçün qarşılıqlı əlaqəsi olan peşələrə diqqət yetirməlidirlər. Bu, imkanları genişləndirir. İşçi qarşıya qoyulmuş vəzifəni həll etməyi bacardığını göstərməlidir və ən maraqlısı odur ki, siz bu bacarıqları istənilən yaşda sıfırdan əldə edə bilərsiniz. 

Formalaşdırdığınız profil və əlaqə şəbəkəsinə görə məsuliyyət daşıyın

Rəqəmsal dövrdə böyümüş nəsil üçün bu təbii görünə bilər. Belə ki, etdiyimiz hər bir şey bu və ya digər şəkildə rəqəmsal formada yadda qalacaq – həm peşə, həm də sosial mühitdə. Yazdığınız və yayımladığınız hər şey vacibdir: bu, “networking”in tərkib hissələrindən biridir. İşin xarakterini, o cümlədən iş yerini tez-tez dəyişmək tendensiyası, sizi özünüzü potensial tərəfdaşlara təqdim etmək bacarığına sahib olmağa məcbur edir. 

Bu məqsədlə hansı sosial platformadan istifadə edəcəyinizi düşünün və istedadlarınızı, bilik və maraqlarınızı orada birləşdirin. Potensial işəgötürənlər, gələcək iş yoldaşlarınız və digər insanlar sizin necə bir mütəxəssis olduğunuzu başa düşməlidirlər. Unutmayın ki, bunu karyeranızın bütün mərhələlərində etməlisiniz. 

Eyni zamanda şəbəkənizi həm rəqəmsal, həm də fiziki olaraq (bu yenidən mümkün olduqda) qurmalısınız. Əgər indiki iş yerinizi dəyişdirməyi planlaşdırırsınızsa, məşğul olmaq istədiyiniz işlə əlaqəsi olan insanlarla necə və harada tanış olacağınızı düşünün. 

Qeyd edək ki, güclü profil və geniş şəbəkə həmçinin biznes qurmaq istəyənlər üçün faydalıdır. Heç kəs üçün sirr deyil ki, pandemiyadan ən çox zərər çəkmiş sahələrdən biri kiçik biznesdir. Pandemiyadan qabaq şəxsi biznes haqqında düşünənlər postkoronavirus dövründə buna cəhd göstərəcəklər. Qeyd: bu işdə yaş heç bir əhəmiyyət kəsb etmir. Nəzərinizə çatdırırıq ki, 40-50 yaşlı insanların qurduğu startaplar müqayisədə daha uğurlu olurlar. 

STEM sizin dostunuzdur

Mütləq deyil ki, bütün işçilər STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) mütəxəssisi olsun, lakin hər kəs bu və ya digər texnologiyanın və texniki bacarığın seçilmiş platformaya necə uyğun gəldiyini aydın şəkildə anlamalıdır. Çoxları elə düşünür ki, texniki bacarıqlar digər bacarıqlarla əlaqəli deyil. Bu, köhnəlmiş fikirdir. Xüsusilə gənc işçilər texniki bilikli olmaq üçün əllərindən gələni etməlidirlər: onlar həm texniki, həm də humanitar biliklərə sahib olmalıdırlar. 

Bu qayda orta səviyyəli işçilər üçün də eynidir: texnoloji dəyişiklərlə ayaqlaşmağa çalışın, onlardan istifadə etməyi bacarın. Belə ki, zaman keçdikcə daha çox insan texnologiya ilə işləməyi öyrənəcək – dronlar, robotlar və robotlaşdırılmış proseslər daxil olmaqla. 

Ehtiyac ixtiraçılıq yaradır

Xaotik və dağılmış iqtisadiyyatda belə həll yollarını axtarmaq lazımdır. Başqa sözlə desək, özünü və iqtisadi dəstəyini yenidən kəşf etmək. COVID-19 virusunun karyera, cəmiyyət və yerli iqtisadiyyata necə təsir etdiyini qiymətləndirərkən, insanlar özlərindən soruşmalıdırlar: “Həmişə hansı işlə məşğul olmaq istəmişəm?”, “Nələri bacarıram?”, “Mənim kimi təcrübəsi olan insanlar üçün hansı imkanlar var?” Əvvəlki təcrübənizlə məhdudlaşmayın, daha geniş düşünün. Çalışın istehsalçılara və ya şirkətlərə daha yaxşı məhsul, xidmət və ya təcrübə verəsiniz.  

Rəqəmsal dövr üçün açıq olun. Gələcəkdən qorxmaq lazım deyil, ona qarşı maraqlı olmaq lazımdır. Unutmayın ki, davamlı öyrənmə istənilən fəaliyyət sahəsində uğur gətirəcəkdir. 

 

Son xəbərlər
Digər xəbərlər