Azərbaycan Prezidenti İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənmiş kompleks tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər çərçivəsində yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilmiş, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilmiş, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır.
Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının yüksəldilməsində həlledici rola malikdir.
Sərəncamda qeyd olunur ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin davam etdirilməsi işlərinin sürətləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 30,0 (otuz) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Eyni zamanda Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində iqtisadi inkişafın davamlılığı təmin olunmuş və Azərbaycan Respublikasının beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənmişdir.
Ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılmış, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin müasirləşdirilməsi üçün onun yenidən təşkili yolu ilə Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququ olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır.
Sərəncamda qeyd olunur ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dünya standartlarına cavab verən liman səviyyəsinə çatdırılması, eləcə də limanın normal fəaliyyətinin təmin edilməsi və liman ərazisində yükaşırmaların həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon (otuz üç milyon iki yüz min) manat və 3,6 milyon (üç milyon altı yüz min) manat olmaqla, cəmi 36,8 milyon (otuz altı milyon səkkiz yüz min) manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.