Prezidenti İlham Əliyev bu gün Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Banker.az bu barədə Prezidentin sərəncamına istinad edir.
“Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.” -deyə sərəncamda deyilir.
Bildirək ki, o bu şöbəyə yenicə müavin kimi gətirilmişdi. Belə ki, Hacıyev 18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edirdi.
Hikmət Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.
Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.
2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönmüşdür. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.
Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
9 iyul 2018-ci ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.