Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad SəmədzadəModern.az saytına müsahibəsində qlobal maliyyə böhranının Azərbaycana təsiri məsələsindən danışıb.
Komitə sədrinin sözlərinə görə, ölkə prezidenti tapşırıq verib ki, Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozlar hazırlanmalıdır.
“Konkret kənd təsərrüfatının ixtisaslaşması və intensivləşməsi məsələlərinə diqqəti artırmalıyıq. Aldığım məlumata görə, hazırda alimlərimiz bu istiqamətdə işləyirlər. O fikirlə razıyam ki, Azərbaycanın iqtisadçı alimləri ölkənin iqtisadi inkişafı naminə daha məhsuldar və səmərli işləməlidirlər. Ölkədə gedən və gələcək proseslərlə bağlı təkliflər verməlidirlər”.
“Sizin komitənin bununla bağlı işi necə olacaq” sualına cavabında deputat belə deyib:
“Cənab prezidentə təşəkkür edirəm ki, Milli Məclisin strukturunda bir sıra dəyişiklər edildi, yeni komitələr yarandı və bizim komitənin əhatə dairəsi daha da genişləndi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaranması bizim qarşımızda daha geniş vəzifələr qoyur. Komitənin əsasnaməsində dəyişikləri də nəzərə aldıq. Burada çox maraqlı məslələr var. Bütövlükdə imkan yaranacaq ki, Milli Məclisin bu komitəsi daha təkmil qanunlar hazırlasın və hazır olan qanunlara rəy versin. Çünki Azərbaycanın iqtisadiyyatının gələcəyi, iqtisadi inkişafın uğurla həyata keçirilməsi sənayeləşmə, sahibkarlıqla bağlıdır. Bununla əlaqədar qəbul olunmuş qanunların səmərliyliyini artırmalıyıq.
Tapşırıq vermişəm ki, dünyanın bir sıra ölkələrində bu istiqamətdə hansı qanunlar qəbul edilib və bizdə hansı qanunlar yoxdur? Necə edək ki, ölkənin sənayeləşməsi ilə bağlı işləri gücləndirək? Bununla bağlı qanunvericilik bazasında boşluqlar varmı? Bu boşluqları necə aradan qaldıraq? Eləcə də sahibkarlıq sahəsində. Hesab edirəm ki, bizim komitənin məzmunu və strukturu təkmilləşəcək və gələcəkdə daha böyük işlər görəcəyik”.