10 C
Baku
Thursday, December 12, 2024

Prezident İlham Əliyev AzTV-yə müsahibə verib

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Cənab Prezident, ilk növbədə, icazənizlə bugünkü səfərinizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik.

– Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir.

Son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir.

Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə – Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.

Bu gün isə yolüstü “Diri Baba” türbəsində gedən işlərlə tanış oldum. Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, həm konservasiya olunsun, həm də onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir.

Eyni zamanda, Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, – bunu da biz təmin etdik, – iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.

Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb.

Yəni, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur.

Əlbəttə ki, bu bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətləri bölgənin gələcək inkişafını təmin edəcək. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.

– Cənab Prezident, növbəti sualımız ərzaq təhlükəsizliyi ilə bağlıdır. Artıq buna toxundunuz. Qiymətlərin durmadan artması, xüsusilə taxıl qıtlığı bu gün dünyada başlıca mövzulardan birinə çevrilib. Azərbaycanda bu istiqamətdə hansı tədbirlər nəzərdə tutulur, hansı addımlar atılır?

– Biz əlbəttə, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük.

Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, – əgər belə demək mümkündürsə, – idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır. Məsələn bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, – mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, – bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır.

Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur.

Bir sözlə, bax, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.

– Elə bu mövzunun davamı olaraq, erməni işğalından azad edilmiş torpaqlarımızda Sizin göstərişinizlə əkin işləri aparılır. Azad edilmiş ərazilərdə, ümumiyyətlə, kənd təsərrüfatı sahəsində hansı işlər görülür?

– Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur.

Ona görə bu amili nəzərə alsaq və azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq. Məsələn, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var və biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni, dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq. Bu bölgələrdə – Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.

– Cənab Prezident, məlum olduğu kimi, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda qarşıdurma baş verdi. Bu hadisə ilə bağlı nə deyə bilərsiniz?

– Bəli, Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir, bu barədə çox danışmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur.

Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir.

Biz müharibədə Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq.

Onu da bildirməliyəm ki, “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə “əfsuslar olsun” deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik

– Cənab Prezident, Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Bununla bağlı məsələ nə yerdədir?

– Əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. Onu da bildirməliyəm ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Onu da bildirməliyəm ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, – danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, – mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı.

Əlbəttə ki, bütün Qarabağda və Şərqi Zəngəzurda bildiyiniz kimi indi, genişmiqyaslı işlər aparılır, o cümlədən bu yolun tezliklə inşa edilməsi mənim tərəfimdən əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Biz bu yolu cəmi bir il ərzində inşa etdik, 32 kilometr uzunluğunda olan bir yoldur. Ondan əvvəlki dövrdə, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdıq. Yəni, bu yol öz-özünə yaranmadı. Biz bu yolu razılaşdırdıq. Bir neçə marşrut var idi və nəticədə bu marşrut seçildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni, bu, təbiidir. Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım atmışıq, qətiyyən belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik. İndi Rusiyanın rəsmi orqanlarına sorğu göndərilə bilər, necə bu yol tikilib bütün sənədlər var, bütün razılaşmalar var. Bu marşrut razılaşdırılmışdır. Əlbəttə ki, biz bu marşrutu Ermənistanla razılaşdırmalı deyildik. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistana bildirildi ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaq və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Amma əfsuslar olsun ki, bunu etmədilər. Nə üçün? Vaxtı uzatmaq üçün. Bunun başqa səbəbi yoxdur.

Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və dedik ki, – çünki mən təxmin edirdim ki, onların necə deyərlər belə hoqqabazlığı olacaq, -təklif etmişdik ki, gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər. O vaxt ki, biz artıq rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərdik. Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır.

Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq.

Yəni, hadisə belə cərəyan etmişdir və buradan, bu hadisədən bir neçə nəticə çıxarmaq olar. Birincisi, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Biz bu yolu da və digər addımlarımızı da bu öhdəliklər əsasında atmışıq və işləri görmüşük. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi və nə üçün təklənməsi ona görədir ki, onlar haqsızdırlar. Onlar nahaq iş görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Halbuki, mən onlara birbaşa demişəm özü də rəsmi qaydada. Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı. Ona görə vaxt uzatmaq onlara bir şey verməyəcək və eyni zamanda onlar başa düşməlidir bir nəticə də odur ki, Azərbaycan istədiyinə nail olur. Kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir.

Digər nəticə ondan ibarətdir ki, – mən bunu ilk dəfə deyirəm, çünki artıq bu prosesin təzahürləri var idi, sadəcə olaraq, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, – Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirirlər. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil – nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar.

Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək və mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm. Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi. Bizim inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Ermənistanın tarixində, nəinki Qarabağın, belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, bir il hələ keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir, mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli, sülhə xidmət göstərəcək.

Yenə də qayıdıram bu əsas mövzuya. Bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və atacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq. Biz deyə bilərdik ki, yox, ayın 5-idir vəssalam, çıxın gedin, biz gəlirik, dururuq, kim bizi dayandıra bilər? Heç kim bizi dayandıra bilməz. Yüz minlik ordunu kim dayandıra bilər. Özü də Laçın yolu bizim ayağımızın altında. Etmədik onu. Nə üçün? Çünki bizdən xahiş etdilər. Biz də dedik ki, yaxşı gözləyək, ayın sonuna qədər. Yəqin ki, eşitmişiniz, indi orada yerli ermənilər, yəni, nüfuz sahibləri orada yaşayan insanlara deyirlər ki, amanın günüdür, evləri yandırmayın, damları uçurmayın, o santexnikanı çıxarmayın, aparmayın. Yəni, iki il bundan əvvəl bunu deyirdilər? Yox! İki il bundan əvvəl onlar qürurlanırdılar bundan. Ayıb olmasın, bəzi əşyaları belinə alıb harasa aparır, bütün dünyanın gözü qarşısında rəzil oldular. Amma indi deyirlər ki, sənin evin deyil. Sən buraya gəlmisən, nə vaxt gəlmisən sən buraya? 1994-cu ildə. Bəs o vaxta qədər kim yaşayıb burada? Azərbaycanlı yaşayıb, çıx get.

Bax belə, vəziyyət bundan ibarətdir və deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər.

Ona görə mən gələcəyə nikbinliklə baxıram. Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.

– Çox sağ olun, cənab Prezident, müsahibəyə görə təşəkkür edirəm.

– Sağ ol.

 

 

Son xəbərlər
Digər xəbərlər