13 C
Baku
Tuesday, May 7, 2024

Prezident İlham Əliyevin məktubu BMT-nin rəsmi sənədi kimi yayılıb

Fransanın müstəmələkə siyasətinin acı nəticələri barədə çoxlu faktlar göstərmək olar. Bütün bunları hazırda qlobal səviyyədə ifşa edən isə Azərbaycandır. 2023-cü il oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfrans Fransanın müstəmləkəçilik siyasətinin ifşasına xidmət edən mühüm beynəlxalq konfrans oldu.

Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına məktubunda deyilir: «Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən, kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.

Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur».

Məktubda o da qeyd olunur ki, Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir: «Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər ikisinin mina terroru ilə məşğul olmaq təcrübəsidir».

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına bu məktubu BMT-nin rəsmi sənədi kimi yayılıb.  Göründüyü kimi, Azərbaycan Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmaq istəyən, sülh prosesinə maneçilik törədən Fransanın əsrlər boyu törətdiyi və bu gün də davam etdirdiyi cinayət əməllərini bütün beynəlxalq tribunalarda və platformalarda ifşa edir.

Fransa kimi müstəmləkəçi dövlət həm də bu gün Ermənistanın qatı təəssübkeşinə çevrilib. Bu mənada Fransadan müsbət, pozitiv və ədalətli davranış gözləməyə dəyməz. Ən əsası Azərbaycan heç zaman imkan verməyəcək ki, neokolonialist ölkə Cənubi Qafqaza soxulub, buranı yenidən müharibə meydanına çevirsin.

Ziyad Səmədzadə,

akademik

Son xəbərlər
 ⁠
Digər xəbərlər