10 C
Baku
Wednesday, December 11, 2024

İlham Əliyev: “Növbəti peykin orbitə çıxarılmasına hazırlaşırıq”

Azərbaycan prezidenti İlham Əliyev XXIII Beynəlxalq “BakuTel–2017” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına məktub göndərib.

Banker.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli iştirakçılar! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIII Beynəlxalq “BakuTel–2017” informasiya və kommunikasiya texnologiyaları sərgisi və konfransının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Mütəmadi təşkil edilən sərginiz Azərbaycanla yanaşı, bir çox dünya ölkələri və eləcə də şirkətlər üçün yüksək texnologiyalar sahəsində son nailiyyətlərin təqdim olunduğu beynəlxalq platforma rolunu oynayır.

İnformasiya-kommunikasiya texnologiyaları indiki mərhələdə dayanıqlı inkişafın təmin edilməsi, intellektual potensialın gücləndirilməsi və biznesin irəliləməsinin əlverişli vasitəsi olub, cəmiyyətdə şəffaflığın artırılmasının vacib amilinə çevrilib. Bu sahənin prioritet elan edildiyi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərin maksimum istifadəsinin vüsət aldığı ölkəmizdə mövcud İKT infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər sistemli şəkildə ardıcıl aparılmaqdadır.

Ötən illər ərzində qəbul olunmuş müvafiq qanunlar və normativ hüquqi aktlar İKT sahəsinin irəliləyişi yolunda geniş imkanlar açmaqla bərabər, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən istifadəsinə lazımi şərait yaradıb. Hazırda respublikamızda “elektron hökumət”in formalaşdırılmasına böyük diqqət yetirilir, “elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi reallaşdırılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı təkmilləşdirilir.

2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması müstəqillik dövründə qazandığımız ən yüksək texniki nailiyyətlərdəndir. İndi növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşırıq.

Ölkəmizin ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi sayəsində əhali indi radio-televiziya verilişlərini keyfiyyətli, fasiləsiz izləmək imkanına malikdir. Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşidi və həcmi artmış, bütövlükdə infrastruktur müasirləşdirilib. Ənənəvi “BakuTel” sərgisi İKT sahəsində uğurların nümayişi və qabaqcıl texnoloji yeniliklərin təqdimatı olduğu kimi, həmçinin biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi, eyni zamanda, ölkəmizlə yaxından tanışlıq imkanı deməkdir. İnanıram ki, sərgi və konfrans çərçivəsində keçiriləcək səmərəli görüşlər, dinləniləcək məruzə və çıxışlar yeni təşəbbüslərin müvəffəqiyyətlə gerçəkləşməsinə və qarşılıqlı münasibətlərimizin daha da dərinləşməsinə öz töhfəsini verəcək”.

Son xəbərlər
Digər xəbərlər