Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Banker.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı 11 sentyabr 2026-cı il tarixində sərəncam imzalayıb.
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi 2026-cı ildə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yenidən təşkili əsasında yaradılıb. Mərkəz beynəlxalq və regional proseslərin, təhlükəsizlik məsələlərinin, eləcə də multikulturalizm sahəsində elmi-analitik araşdırmaların aparılması ilə məşğul olacaq.
1969-cu ildə Bakıda anadan olan Fərid Şəfiyev Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2002–2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, daha sonra Kanadanın Karlton Universitetində tarix üzrə doktorluq təhsili keçib.
Şəfiyev 1996-cı ildən Xarici İşlər Nazirliyində çalışıb, 1998–2001-ci illərdə Azərbaycanın BMT yanında daimi nümayəndəliyində fəaliyyət göstərib. 2009–2014-cü illərdə Azərbaycanın Kanadadakı, 2014–2019-cu illərdə isə Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri olub. 2019-cu ildə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Mərkəzin hazırkı adı və yeni hüquqi statusu 2026-cı ilin iyulunda təsdiqlənib.







