Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edib.
Azərbaycan prezidenti Vüsal Ağaməmməd oğlu Kərimlinin Bakı Nəqliyyat Agentliyinin baş direktoru təyin edilməsi barədə sərəncam imzalayıb.
İlham Əliyev dekabrın 21-də Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.
Yeni quruma Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub.
Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilib. Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.
Daxili İşlər Nazirliyinə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərmək, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirmək, Bakı Şəhər İcra Hakimiyyətinə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə həmçinin prezidentin aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlamaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 3 ay müddətində prezidentə məlumat vermək, habelə Agentliyin fəaliyyətini təkrarlayan və paralel fəaliyyət göstərən qurumların işçilərinin sayının azaldılması ilə əlaqədar tədbirlər görmək, Agentliyi bina ilə təmin etmək, habelə onun fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
ANSPRESS