İqtisadiyyatda son vaxtlar müşahidə edilən müsbət dinamika həm də bank sektorunda tənəzzülün səngiməsi deməkdir. Banklarda bir sıra müsbət göstəricilər qeydə alınmağa başlayıb. Əhalinin əmanətləri artır və onun strukturunda dollarlaşma səviyyəsi azalır, kreditləşdirmə bərpa olunur və genişlənir, aktivlərin bərpası meyli nəzərə çarpır…
Lakin banklarda qeydə alınan bu göstəricilər hələ ki sektorun böhrandan çıxmasının əlaməti hesab edilə bilməz. Çünki bəzi köklü problemlər olduğu kimi qalmaqdadır.
Yeri gəlmişkən, cari ilin avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 8 milyard 49,5 milyon manat təşkil edib ki, bunun da xarici valyutada olan hissəsi 5 milyard 15,6 milyon manat, milli valyutada əmanətlərin həcmisə 3 milyard 33,9 milyon manata bərabər olub. Xarici valyutada əmanətlər bütün əmanətlərin 62,3%-ni, milli valyutada əmanətlər isə 37,7%-ni təşkil edib. Ümumiyyətlə, hesabat dövründə əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8% artıb ki, dollarlaşma səviyyəsi bu ilin əvvəlindəki 66,5 %-dən 4,2 % aşağı düşüb.
Lakin bunlar bizə əhalinin banklara inamının bərpa olunduğunu demək üçün əsas vermir. Çünki qoyulan əmanətlərin həcminin artması heç də orta statistik vətəndaşa, orta təbəqəyə bağlı proses deyil. Bu artımın mənbəyi bankların təsisçilərinə, yaxın çevrəsinə daxil olan şəxslərdir. Hansı ki, bankların çöküşü prosesi ardıcıl xarakter aldığı vaxtlarda onlar vəsaitlərini banklardan geri çəkmişdilər. İndi bankların çöküşü prosesi müəyyən müddətdir dayanıb. Və bu da ölkə iqtisadiyyatında idxal-ixrac proseslərində aparıcı rola malik olan həmin dairələrin pullarını yenidən yaxın banklara yatırmasına şərait yaradıb.
Son vaxtlar iqtisadiyyatda müşahidə edilən pozitiv məqamlardan biri də banklar tərəfindən kreditləşdirmənin artmasıdır. Cari ilin ötən ayının, yəni avqustun 1-dək banklar tərəfindən iqtisadiyyata 12 milyard 170,7 min manat kredit qoyulub ki, bunun da 4 milyard 874,5 min manatı ev təsərrüfatlarına verilib. Bu isə o deməkdir ki, istehlak kreditlərinin ümumi kredit portfelindəki çəkisi 40,1%-ə çatıb, yəni, onun payı 2015-ci ildəki səviyyəyə qayıdıb. Ümumiyyətlə, ilin əvvəlindən istehlak kreditlərinin həcmində 268 milyon manat artım qeydə alınıb.
Lakin iş ondadır ki, problemli kreditlər məsələsi həllini tapmasa, banklar tərəfindən iqtisadiyyatın sağlam maliyyələşdirilməsi mümkün deyil. Sektorun ən köklü problemi də məhz bu sayılır. Ümumən, 12 milyard 170,7 min manat kredit qoyuluşunun 14,6%-i, başqa sözlə desəm, 1 782,1 milyon manatı vaxtı keçmiş sayılır.
Ümumiyyətlə, vaxtı keçmiş kreditlərin həcmi 2 milyard manata yaxındır. Onların ümumi kredit portfelində payının 15%-ə yaxın təşkil etməsi çox ciddi faktordur. Pis olan budur ki, sözügedən kreditlərin həcmi azalmır, əksinə, artım üzrə dinamika nümayiş etdirir. Bu problem mövcud olduğu müddətdə isə, bank sektorundakı digər müsbət dinamikaları davamlı saymaq mümkün deyil. Nə vaxt ki, problemli kreditlərin artımı dayanacaq, yalnız o zaman bank sektorunda davamlı müsbət tendensiyaların başlandığı haqda söhbət aça bilərik.
Onu da qeyd edim ki, banklar 7501.2 milyon manat milli valyutada, 4669.5 milyon manat ekvivalentində isə xarici valyutada kredit veriblər. Manatla kreditlər üzrə vaxtıkeçmişin həcmi 845.5 milyon, xarici valyutada kreditlər üzrə isə 936,6 milyon manat təşkil edir. Ümumən, ilin əvvəlindən cəmi kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi 86.2 milyon manat, başqa sözlə desəm, 10%-ə yaxın artıb.
Problemli kreditlərin artan dinamika üzrə inkişaf etməsində dollarla verilən kreditlər mühüm rol oynayır.
Keçən il rəsmən qeyd olunmuşdu ki, bu il ərzində problemli kreditlər azalmağa doğru gedəcək. Əlavə olaraq, likvidlik artacaq, kapitallaşma səviyyəsi yüksələcək. Düzdür, sonuncular üzrə cüzi də olsa müşahidə var. Ancaq deyilmişdi ki, eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidliyik alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində tədbirlər görüləcək. Məsələ ondadır ki, bunlar həyata keçirilməsə, mümkün deyil.
Nə qədər ki, neftin dünya bazar qiyməti yüksək idi, ölkəyə xarici valyuta axını vardı, bank sektorunun da kapital durumu müsbət vəziyyətdə idi. Elə ki, qiymət düşdü, bank sektorunda ciddi problemlər görünməyə başladı ki, bunun da ən pik nöqtəsi Beynəlxalq Bankda özünü göstərdi. Son vaxtlar bankların bağlanması prosesinin dayanması, müəyyən müsbət dinamikaların müşahidə olunması da məhz neftin qiymətinin yüksəlməsi ilə bağlıdır.
Bank sisteminin neftin qiymətinə bu cür bağlılığı o vaxta qədər davam edəcək ki, banklar iqtisadiyyatın real sektoru ilə qarşılıqlı şəkildə işləməyə başlayacaqlar. Yəni kreditləşmə istehlak deyil, istehsal və emal sahələri üzrə artacaq, kənd təsərrüfatı və sair sahələrə olmaqla uzunmüddətli xarakter daşıyacaq. Yoxsa, indiki şəraitdə neftin qiyməti yenidən düşməyə başlayarsa, banklar daha ciddi problemlərlə üzləşəcəklər. Buna görə də təcili olaraq bank sistemində islahatlar həyata keçirilməli, bütün banklar restrukturizasiya olunmalıdır. Eyni zamanda problemli kreditlərin artmasının qarşısı alınmalıdır.
Pərviz Heydərov
– AzVision.az