Dünya bazarında qızılın qiyməti son 2 ayın minimal səviyyəsi – 1 219,33 dollar/unsiyaya kimi geriləyib. Qızılın ucuzlaşması qlobal maliyyə bazarlarında riskli aktivlərə marağın artması ilə bağlıdır. Belə ki, 2017-ci ildə dünya iqtisadiyyatının artım tempinin ilin əvvəlində verilən proqnozları üstələyərək 3%-ə yaxınlaşması nəticəsində investorlar fond birjaları və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarına yönəliblər. Qeyd edək ki, qızıl heç dividend gətirməyən və əsasən böhran zamanlarında riskdən qaçmaq üçün üz tutulan maliyyə aktivi hesab olunur.
“Report”un analitik qrupu hesab edir ki, qızılın ucuzlaşması həmçinin onun qiymətinin 2017-ci ilin əvvəlindən etibarən sürətlə artması ilə bağlıdır. Belə ki, cari ilə 1 150 dollar/unsiyadan başlayan qızıl, iyun ayının 6-da 1 299 dollar/unsiyaya yüksəlib. Bu isə 13% artıma bərabərdir.
“Hazırda ilin maksimum səviyyəsindən 75 dollar/unsiya və ya 5,8% azalan qızılın qiymətinin bir qədər də azalması gözlənilir. Qiymətin bu il 1 200 dollar/unsiyadan aşağı düşməsi proqnozlaşdırılır”, – deyə analitiklər qeyd ediblər.
Xatırladaq ki, ABŞ və Avropa Mərkəzi banklarının uçot dərəcələrini artırması prosesinə davam etməsi isə qızılı daha da ucuzlaşdıracaq.