26 C
Baku
Saturday, July 27, 2024

Putin Xəzəryanı dövlətlərlə bağlı təklif verdi

“Xəzər beşliyi”nə daxil olan dövlətlərin enerji sektorunda qarşılıqlı fəaliyyət üçün böyük imkanları var.

Bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitində deyib.

“Xəzər dənizində yerləşən neft və qaz yataqlarının birgə istismarına dair sazişlər artıq həyata keçirilir. Bu, tərəflərin maraqlarına riayət etməklə, Xəzər dənizinin təbii ehtiyatlarından həm ənənəvi, həm də innovativ, alternativ enerji sektorlarında əsaslı və səmərəli istifadə etməyə imkan verir”, – Putin bildirib.

Onun sözlərinə görə, Rusiya ardıcıl olaraq “Xəzər beşliyi” arasında tərəfdaşlığın dərinləşdirilməsinin tərəfdarı olub: bura siyasət, təhlükəsizlik, iqtisadiyyat və ətraf mühitin mühafizəsi, eləcə də humanitar gündəliyin bir çox aspektləri daxildir.

Putin qeyd edib ki, Rusiya “Xəzər beşliyi”nə daxil olan ölkələrin əsas vəzifələri sırasında regional ticarət və investisiya əlaqələrinin qurulmasını davam etdirməyi, qarşılıqlı faydalı sənaye və yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Putin, həmçinin Xəzər dənizinin mühafizəsi üzrə Tehran Konvensiyasında iştirak edən ölkələrin konfransa çağırılmasını təklif edib.

O, azərbaycanlı və qazaxıstanlı həmkarlarının Xəzər dənizində regionda yaşayan insanların rifahına və həyatına mənfi təsir göstərən təbii və texnogen hadisələrə operativ reaksiya vermək qabiliyyətinin artırılması ideyasını dəstəkləyib.

“Biz hesab edirik ki, kövrək dəniz ekosistemini daha səmərəli şəkildə xilas etmək üçün Xəzər mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasına əsaslanan müvafiq hüquqi bazanın yaradılması prosesini başa çatdırmaq lazımdır. Bu, 2003-cü il Tehran Konvensiyası adlanır. Bununla bağlı biz təklif edirik ki, yaxın vaxtlarda bu konvensiya tərəflərinin konfransının çağırılması barədə düşünək”, – Putin bildirib.

Son xəbərlər
Digər xəbərlər