15 C
Baku
Friday, March 29, 2024

Putinin ultimatumu qonşu ölkələr üçün təhlükəlidirmi? – Analitika

Yeni ilə ötürülən əsas beynəlxalq problemlərdən biri Ukrayna məsələsi və onun həlli ətrafında yaranmış vəziyyətdir. 2021-ci il oktyabrın sonlarından etibarən Rusiyanın Ukrayna sərhədlərinə təxmini 100 minlik qoşun qruplaşması toplayaraq bu ölkəni təhdid etməyə başlaması Avropanın şərqində böyük müharibə riski yaratmaqla Qərbdə ciddi narahatlığa səbəb oldu. Dekabr ayında isə dəqiqləşdi ki, Moskvanın niyyəti təkcə Ukrayna ilə məhdudlaşmır və onun daha böyük ambisiyaları var. Belə ki, Rusiya hökuməti ABŞ və NATO-ya təhlükəsizlik təminatları ilə bağlı ultimatum xarakterli iki ayrı anlaşma mətni təqdim edərək, gecikmədən bu layihələr əsasında müzakirələrə başlanmasını tələb etdi. Əldə olunan razılığa görə, 2022-ci il yanvarın 10-13-də üç ayrı formatda – ABŞ-Rusiya, NATO-Rusiya müstəvilərində və ATƏT çərçivəsində tərəflər arasında danışıqlar aparılacaq. Bu yazıda Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi layihələrin məzmunu və mahiyyətindən, onların Ukrayna ilə bərabər digər postsovet ölkələrinin taleyinə mümkün təsirindən, Moskvanın niyə məhz indiki mərhələdə bu cür radikal tələblər irəli sürməyə qərar verməsinin səbəblərindən və Qərbin hadisələrə reaksiyasından bəhs olunur.

Rusiyanın təklifi: Yalta 2.0

Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik təminatları haqqında Müqavilə layihəsi qısa və lakonikdir. 8 maddəlik layihənin əsas məzmunu 1-ci maddədə yazılmış aşağıdakı cümlədə ifadə olunur: “Tərəflər təhlükəsizlik sahəsində fərdi, yaxud beynəlxalq təşkilat, hərbi ittifaq və ya koalisiya çərçivəsində digər Tərəfin köklü təhlükəsizlik maraqlarını pozacaq tədbirlər həyata keçirməyəcək.” Sonrakı maddələrdə bu ümumiləşdirilmiş cümlə konkretləşdirilib. 4-cü maddədə ABŞ NATO-nun şərqə doğru genişlənməsinə son qoymaq, əvvəl SSRİ-nin tərkibində olmuş ölkələrin ittifaqa qəbulundan imtina etmək və onların ərazisində hərbi bazalar yaratmamaq, bu ölkələrin infrastrukturundan istənilən hərbi fəaliyyət üçün istifadə etməmək və ümumiyyətlə, həmin dövlətlərlə ikitərəfli hərbi əməkdaşlığı inkişaf etdirməmək barədə öhdəlik götürür. 5-ci maddəyə əsasən tərəflər öz milli hava məkanları və ərazi sularından kənarda – hansı ki həmin istiqamətlərdən digər Tərəfin ərazisindəki hədəfləri vura bilər – ağır bombardmançı təyyarələrin uçuşunu, bütün siniflər üzrə hərbi gəmilərin hərəkətini dayandırır. 6-cı maddədə Tərəflər nəinki öz ərazilərindən kənarda, hətta öz ərazilərinin digər Tərəfin ərazisindəki hədəfləri vurmağa imkan verən rayonlarında kiçik və orta mənzilli raketlər yerləşdirməyəcəyinə dair öhdəlik götürür. 7-ci maddədə isə tərəflərin öz ərazilərindən kənarda nüvə silahı yerləşdirməkdən imtina etməsi və əvvəl yerləşdirilmiş bu tip silahları çıxararaq öz ərazisinə qaytarması nəzərdə tutulub.

Rusiya Federasiyası və Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv ölkələri arasında təhlükəsizliyin təmin olunması tədbirləri haqqında Saziş əslində ABŞ-la ikitərəfli razılaşmanın NATO çərçivəsində çoxtərəfli əsasda təsdiqlənməsindən ibarətdir, çünki Rusiya hesab edir ki, Vaşinqton imzaladığı anlaşmalardan istənilən vaxt çıxa bilər. NATO-nun genişlənməsinin dayandırılması, ittifaqa keçmiş sovet dövlətlərinin qəbulundan və onların ərazisində (təbii ki, Baltikyanı ölkələr istisna olmaqla) hər hansı hərbi fəaliyyətdən imtina edilməsi ilə bağlı ABŞ-ın üzərinə qoyulan birtərəfli öhdəliklər bu sənəddə digər NATO ölkələrinin və ümumilikdə hərbi blokun da üzərinə qoyulur.

Hər iki layihənin ruhu və mətni onu deməyə əsas verir ki, Rusiya soyuq müharibənin nəticələrinin təftiş olunmasını, onlara yenidən baxılmasını tələb edir və ABŞ-a yeni nüfuz dairələri bölgüsü aparmağı, mahiyyətcə ikinci Yalta anlaşması təklif edir. Moskva indiyə qədər bu mövqeyini rəsmi və qeyri-rəsmi səviyyələrdə dəfələrlə ifadə etmişdi, bunun başlanğıc nöqtəsi kimi Prezident Putinin 2007-ci ilin fevralındakı məşhur Münhen nitqini göstərə bilərik. Manifest xarakterli bu çıxışın nəticəsi olaraq, Rusiyanın əvvəlcə Avroatlantik inteqrasiya yönündə seçim etmiş Gürcüstana (2008), rusiyayönümlü rəhbərliyin devrilməsindən dərhal sonra isə Ukraynaya (2014) hərbi müdaxilələri baş verdi. Yəni Putin Rusiyasının Avropada yeni təhlükəsizlik arxitekturasını necə təsəvvür etdiyi əslində sirr deyildi, lakin prinsipial yenilik bundan ibarətdir ki, Moskva ilk dəfə olaraq bu vizyonunu yazılı hüquqi öhdəliklər şəklində qarşı tərəfə təqdim edir. Və ən önəmli detal: Rusiya təkliflərinə cavab üçün əks tərəfə olduqca qısa zaman tanıyıb, Putin bu mövzuda uzunmüddətli danışıqların qəti əleyhinə olduqlarını, qarşı tərəfin dərhal, elə indi Rusiyaya təhlükəsizlik təminatları verməsini gözlədiklərini bəyan edib. Prezidentin köməkçisi Peskov bu təminatların Rusiya üçün “ölüm-qalım məsələsi” olduğunu bildirərək, Xarici İşlər naziri Lavrov, onun müavini Qruşko, Vyanada təhlükəsizlik məsələləri və silahlanma üzərində nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Qavrilov və digər rəsmi şəxslər təkliflərinə adekvat reaksiya gəlməyəcəyi təqdirdə, hərbi-texniki cavab veriləcəyini bəyan edərək niyyətlərinin nə qədər ciddi olduğunu təhdid dili ilə qarşı tərəfin nəzərinə çatdırıblar.

Niyə indi?   

Rusiyanın soyuq müharibənin bitməsindən bəri ilk dəfə olaraq Qərbin qarşısında bu cür radikal tələblərlə çıxış etməsinin səbəbləri maraq doğuran suallardan biridir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Putin Rusiyası Qərbi tənəzzül mərhələsinə daxil olmuş sivilizasiya hesab edir. Bu barədə Rusiya rəsmilərinin və parlamentarilərinin son illər səsləndirdikləri çoxsaylı açıqlamalar, bəyanatlar, rəylər hər kəsə məlumdur, həmçinin Rusiya dövlətinin bu baxışı yeni Milli Təhlükəsizlik Strategiyasında da əksini tapıb. Strategiya sənədində mövcud Qərb liberal modelinin böhran keçirdiyi vurğulanır, ABŞ isə qlobal liderliyini itirməkdə olan dövlət kimi xarakterizə olunur. Əfqanıstandan uğursuz çıxış və biabırçı təxliyə əməliyyatı bu fikirləri daha da möhkəmləndirib. Beləliklə, Rusiya siyasi-hərbi elitasının düşüncəsinə görə, geriləməkdə olan güc yüksələn gücün (Rusiyanın) maraqlarını tanımaq və qəbul etmək məcburiyyətindədir.

ABŞ cəmiyyətində sosial-siyasi qütbləşmənin dərinləşməsi də Rusiya üçün faydalıdır. Rusiya və bütün dünya müşahidə edir ki, ABŞ-da daxili çəkişmələrdən qaynaqlanan siyasi gərginliyin hərarəti ildən-ilə yüksəlir, bu isə nəticədə super gücün getdikcə öz içinə qapanmasına səbəb olan, onun beynəlxalq problemlərə dair ənənəvi reflekslərini zəiflədən mühüm amillərdən biridir.

ABŞ-ın Çin Xalq Respublikasını bir saylı strateji rəqib elan edərək, əsas gücünü Hind-Sakit okean regionuna yönəltməyə başladığı dövrdə Moskva ikinci cəbhə açır, çünki əmindir ki, ABŞ-ın iki cəbhədə mübarizə aparmaq üçün resursları yetərsizdir.

Prezident Baydenin seçkiqabağı ritorikasının və vədlərinin tam əksinə olaraq, Putin rejiminə qarşı sərt siyasət aparmaması, Şimal axını-2 layihəsinə sanksiya tətbiqindən imtina etməsi Kremldə zəiflik əlaməti kimi qəbul edilir. Ötən il iki ölkə arasında intensiv dialoq aparılıb, dövlət katibinin müavini Nuland və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Berns kimi Bayden administrasiyasının yüksək səviyyəli nümayəndələri Rusiyaya səfər ediblər.

Rusiyanın Ukrayna və Qərblə bağlı mövqeyinin bu səfərlərdən sonra daha da sərtləşməsi isə təbii olaraq Bayden administrasiyası üçün narahatedici məqamdır. Rusiyanın yeni tələblərini danışıqlarda nəticə əldə olunmaması və Putinin güc nümayişi ilə qarşı tərəfi anlaşmaya məcbur etmə cəhdi kimi qiymətləndirə bilərik.

Rusiyalı diplomatların və siyasətçilərin təhlükəsizlik qarantiyaları adı altında irəli sürdükləri təkliflərin qəbul olunmayacağı təqdirdə, hərbi cavab veriləcəyini açıq bəyan etmələrini də Qərbi çəkindirməyə və onu kompromisin vacibliyinə inandırmağa yönəlmiş taktiki həmlə kimi qiymətləndirmək olar. Moskvada hesab edirlər ki, ABŞ Rusiya ilə hərbi qarşıdurma variantına istər hərbi, istər psixoloji baxımdan hazır deyil və belə bir ehtimal, xüsusən avropalıları həddən artıq qorxudur. Üstəlik, Qərb cəmiyyətlərində mövcud gərginliyin sırf Ukrayna məsələsindən qaynaqlandığına dair rəy möhkəmlənib və bu ölkəyə görə Rusiya ilə konfliktə getməyin tərəfdarları azlıqdadır. Rusiya bu əhval-ruhiyyədən yaxşı xəbərdardır və onu daha da gücləndirmək istiqamətində təbliğat qurur.

Yəni Rusiya hazırkı məqamda Qərbdən istədiklərinin ən azı bir qismini ala biləcəyini, bunun üçün məqamın yetişdiyini düşündüyü üçün gərginliyin dərəcəsini yüksəldir və savaş təhdidi ilə çıxış edir.  

Qərbin cavabı

Hələ danışıqlar başlamadan ABŞ, NATO və Avropa İttifaqı bəyan ediblər ki, Rusiyanın NATO ilə bağlı irəli sürdüyü şərtlər qəbulolunmazdır. ABŞ dövlət katibi Blinken bildirib ki, “heç bir ölkə digərinə necə siyasət aparmağı diktə edə və kiminlə əlaqə qurmaq, kiminlə qurmamaq barədə əmr verə bilməz, heç bir ölkə nüfuz dairələri müəyyən edə bilməz, bu anlayış tarixin zibilliyinə atılmalıdır.” NATO Baş katibi Stoltenberq də analoji mövqe ifadə edib, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrel isə Rusiyanın tələblərinin qəbuledilməz olduğunu söyləyib.

ABŞ-ın Şərqi Avropadan, Baltik-Qara dəniz regionundan geri çəkilməsini, Avropadan bütün nüvə arsenalını çıxarmasını, Rusiyaya münasibətdə çəkindiricilik siyasətindən vaz keçməsini ehtiva edən maksimalist şərtlərinin ABŞ və NATO tərəfindən qəbul olunmayacağını Putin bilməmiş deyil. O, Ukrayna sərhədlərinə ordu yığıb növbəti hərbi müdaxiləyə hazır olduğu təəssüratı yaratmaqla və Qərb qarşısında ağır şərtlər irəli sürməklə bu mərhələni ən azı minimal qazancla başa vura biləcəyini hesablayır. Bu qazanc Qərbin Ukraynanı Rusiyaya güzəştə getməsindən ibarət ola bilər. Bunun hüquqi mexanizmi də var: Minsk razılaşmalarının müddəalarının Rusiyanın interpretasiyasında və onun tələb etdiyi ardıcıllıqla həyata keçirilməsinə Ukraynanı məcbur etmək. Qərb bu məsələdə Rusiya ilə kompromisə gələrsə, bunu dünyaya və daxili ictimaiyyətə belə təqdim edə bilər ki, biz Rusiya ilə nüfuz dairələrini bölüşdürmürük, sadəcə olaraq, Ukraynanın öz imzaladığı razılaşmanı yerinə yetirməsini təmin edirik. Hazırda postsovet məkanında geosiyasi rəqabətin əsas cəbhəsi Ukrayna olduğundan onun Qərbin dəstəyindən məhrum olması və Avroatlantik inteqrasiya siyasətini dayandırmaq məcburiyyətində qalması qaçılmaz şəkildə Gürcüstanın və bütün bu məkanın aqibətinə təsir edəcək. Avropa qurumlarının (ATƏT, Avropa Şurası) üzvü olan digər keçmiş sovet ölkələri (Moldova, Belarus, Azərbaycan, Ermənistan) hələlik Avroatlantik məkana – NATO-ya institusional inteqrasiya siyasəti aparmır, amma müstəqil dövlət kimi belə hüquqları var. Ukrayna ilə Gürcüstanın strateji seçiminin uğursuzluğu isə onları gələcəkdə bu yöndə seçim etməkdən tamamilə çəkindirəcək. Belə bir mənzərənin yaranması bütün postsovet məkanının (təbii ki, Baltikyanı ölkələr istisna olmaqla) Rusiyanın nüfuz dairəsinə keçməsi deməkdir.

Moskva açıq bəyan edir ki, onun təkliflərinin alternativi hərbi eskalasiya variantıdır. ABŞ isə Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, sərt əks tədbirlərlə qarşılaşacağı barədə ardıcıl xəbərdarlıqla çıxış edir, Prezident Bayden 2021-ci ilin son günü Putinlə telefon danışığında bu barədə mövqeyini bir daha onun nəzərinə çatdırıb. Dövlət katibi Blinken və digər səlahiyyətlilər isə Rusiyanın indiyədək qarşılaşmadığı sanksiyalara məruz qalacağını bildirir. Lakin bu xəbərdarlıqların effektivliyi ilə bağlı suallar var. Əvvəla, onu qeyd etmək zəruridir ki, Ukrayna 2014-cü ildən bəri Rusiyanın birbaşa və dolayı hərbi müdaxilələrinə məruz qaldığı halda, bunun sanki ilk dəfə baş verə biləcəyi barədə Qərbdəki reaksiyalar təəccüb doğurur. Bir daha görürük ki, ABŞ və Avropa İttifaqı indiyə qədər Rusiyaya qarşı onun siyasətinə təsir göstərə biləcək sərtlikdə sanksiyalar tətbiq etməkdən çəkiniblər, real sanksiya tədbirləri Ukrayna böhranından 8 ilə yaxın vaxt ötdükdən sonra – indi gündəmə gəlib. Digər tərəfdən, anlamaq olmur ki, Rusiyanın bütün sərhədlər boyu hərbi müdaxiləyə başlayıb, Ukraynanın yeni-yeni ərazilərini işğal etməsindən və yaxud heç quru qoşunlarından istifadə etmədən raket-aviasiya zərbələri ilə Ukraynanın strateji hərbi obyektlərini, komanda məntəqələrini, silah-sursat anbarlarını sıradan çıxarmasından sonra sanksiyaların tətbiqi hansı effekti verəcək və nəyi dəyişəcək? Başqa bir ehtimal da var ki, Rusiya Ukraynanın içərisindən – işğal altındakı ərazilərdən hücum əməliyyatına başlayıb, Donetsk və Luqansk vilayətlərinin Ukrayna ordusunun nəzarətindəki hissələrini, o cümlədən strateji əhəmiyyətli Mariupol şəhərini də ələ keçirə və bunu yerli özünümüdafiə qüvvələrinin (opolçeniye) etdiyini deyə bilər. Bu halda hadisə ABŞ və Avropa İttifaqı tərəfindən Rusiyanın birbaşa hərbi müdaxiləsi kimi qiymətləndirilib, buna uyğun reaksiya veriləcək, yoxsa heç nə olmamış kimi Normandiya formatı çərçivəsində Rusiya ilə danışıqlar davam etdiriləcək və üstəlik, təcavüzkarın vasitəçi qismində özünü təqdim etməsi qəbul olunacaq? Ukraynaya onun hava və raket hücumundan müdafiəsini gücləndirəcək zəruri silah sistemləri, məsələn, Patriotlar veriləcəkmi? Bu sualların cavabı hələ aydın deyil.

Bir sözlə, Qərbin yanaşması yenə də vəziyyətə adekvat deyil və problemlidir.   

Situasiyanın absurdluğu bundan ibarətdir ki, başqa bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə qəsd edərək onun ərazisinin bir hissəsini ilhaq edib, digər hissəsində konflikt yaradan tərəf özü üçün təhlükəsizlik təminatları istəyir, əks halda, yenə hərbi güc tətbiq edəcəyini bildirir. Tragikomik tarixçə budur ki, Rusiya özü 1994-cü ildə ABŞ və Böyük Britaniya ilə birlikdə imzaladığı Budapeşt Memorandumu çərçivəsində Ukraynaya təhlükəsizlik təminatı vermişdi.

Hələ danışıqlar başlamadan artıq Moskvanın şantajının ilkin nəticələrindən danışmaq olar: birinci nəticə budur ki, Rusiya 2021-ci ilin baharında Ukrayna sərhədlərinə ordu cəmləşdirdikdən sonra Bayden Putinlə fiziki və videokonfrans formatında iki görüş keçirib, iki dəfə onunla telefon söhbəti aparıb, öz emissarlarını Moskvaya göndərib, Konqresdə hərbi büdcə qanununa Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair təklif olunan əlavələr oradan çıxarılıb. İkincisi, ABŞ avropalı müttəfiqləri ilə birlikdə Putinin ultimatumunu müzakirə etməyə razılıq verib və Ukraynada hər hansı hücum sistemləri yerləşdirməyəcəyinə söz verib. Rusiya Ukraynanı və Qərbi güc tətbiq etməklə hədələyərək diplomatiya masasında nəticə ala biləcəyini görür. Halbuki onun ABŞ-a və NATO-ya təqdim etdiyi layihələrin preambula hissəsində beynəlxalq hüquq prinsiplərinə istinad edilməklə ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərdə güc tətbiq etmək və güc tətbiqi ilə hədələməyin yolverilməz olduğuna, bütün mübahisələrin sülh yolu ilə həllinə dair öhdəlik qeyd olunub. Yəni Rusiya eyni anda həm hərbi təhdidlə çıxış edir, həm də ABŞ və NATO-ya göndərdiyi anlaşma layihələrinə bu cür təhdidlərin qəbuledilməz olduğunu yazır, bu da ikinci absurd detaldır. Xatırlatmaq yerinə düşər ki, 27 may 1997-ci ildə NATO ilə Rusiya arasında imzalanmış Qarşılıqlı əlaqələr, əməkdaşlıq və təhlükəsizliyə dair Təməl Akt adlanan rəsmi sənəddə də Avropada dövlətlərin suverenliyini məhdudlaşdıran ayırıcı xətlər və nüfuz dairələri olmadan ümumi sabitlik və təhlükəsizlik məkanı yaradılmasından bəhs olunur.

Görünən budur ki, Qərb liderləri nəzərə almırlar ki, revanşist instinktlə hərəkət edən Putin müqavimət görmədikdə daha qətiyyətlə irəliləyir. 2008-ci ildə NATO-nun Buxarest zirvəsi zamanı Rusiya tərəfinin və şəxsən NATO-Rusiya Şurası toplantısında çıxış edən Putinin xəbərdarlığı nəzərə alındı və Ukrayna ilə Gürcüstana Üzvlük üçün Fəaliyyət Planı verilmədi. Lakin bu, Rusiyanın elə həmin il Gürcüstana, daha sonra isə Ukraynaya qarşı aqressiv addımlarının qarşısını almadı, əksinə, onu ekspansiyaya təşviq etdi. Qərb Ukraynanı Rusiya qarşısında yalnız buraxarsa və Putinin aqressiv planlarına mane olmazsa, növbəti mərhələdə Moskvanın yeni tələblərlə çıxış etməyəcəyinə heç kim təminat verə bilməz. Rusiya hazırkı mərhələdə Ukraynanı əldə etməklə kifayətlənə bilər, amma səbrlə gözləyib, uyğun bir zamanda digər şərtlərini təkrar gündəmə gətirərək qəbul etdirməyə çalışacağına şübhə yoxdur.

Azərbaycanın suverenliyinə təhlükə

Rusiyanın postsovet məkanının (Baltikyanı ölkələr istisna olmaqla) onun müstəsna maraq zonası kimi tanınması mənasına gələn şərtlərinə, gözlənildiyi kimi, Ukrayna ilə yanaşı, təkcə Gürcüstandan rəsmi etiraz gəldi. Moldova Prezidenti Konstitusiyada ölkənin neytral statusunun təsbit olunması səbəbi ilə hazırda NATO üzvlüyü hədəflərinin olmadığını, lakin Avropa İttifaqına üzv olmaq istədiklərini bəyan etdi. Digər keçmiş sovet ölkələri isə onların taleyinin öz iştirakları olmadan həll edilməsinə cəhd edildiyi bir dövrdə susurlar.

Rusiyanın istədiyi təhlükəsizlik qarantiyaları bütün postsovet ölkələrinin suverenliyinin və öz inkişaf yolunu azad şəkildə seçmək hüququnun pozulmasıdır. NATO-ya təqdim olunan saziş layihəsinin 7-ci maddəsində yazılıb: “Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr Ukrayna, digər Şərqi Avropa ölkələri, Cənubi Qafqaz və Mərkəzi Asiya ərazisində istənilən hərbi fəaliyyət aparmaqdan imtina edir.” Azərbaycanın Türkiyə hərbi əməkdaşlığı da 7-ci maddənin təsiri altına düşür. Bu maddə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının səviyyəsinin daha da yüksəldilməsini, məsələn, gələcəkdə Azərbaycanda Türkiyənin daimi hərbi bazalarının yaradılmasını istisna edir. Eləcə də, bu gün Azərbaycan Respublikasının NATO-ya üzvlük yönündə siyasəti yoxdursa, bu, o demək deyil ki, gələcəkdə də olmayacaq. Bu baxımdan, Rusiyanın tələb etdiyi təhlükəsizlik təminatları Azərbaycanın da milli maraqlarına və suverenlik hüquqlarına ziddir.

Müəllif: Şahin Cəfərli

Son xəbərlər
Digər xəbərlər