8 C
Baku
Thursday, December 12, 2024

Qərb İrana qarşı yumşalır – Bu da Azərbaycan üçün “ciddi iqtisadi fürsət”dir

Ötən ildən fərqli olaraq bu il Azərbaycan-İran münasibətlərində müsbətə doğru böyük irəliləyişlər baş verdi.  Ötən ilin əvvəli qısa müddət ərzində iki ölkə arasında bir qədər siyasi gərginliklər müşahidə olunsa da, ilin sonlarına yaxın münasibətlərdə istiləşmə baş verdi. Hətta Azərbaycan cənub qonşusu ilə 2021-ci ilin noyabrın 28-də Aşqabadda saziş imzaladılar. Türkəminstan paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş keçirildi və “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı.

Ötən gün isə Azərbaycanın İranla memorandum imzaladı ki, bu da bölgədə yeni düzən yaradır. Memorandum Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma ilə bağlıdır.

“İran Azərbaycana imkan yaradır ki, Bakı Ermənistanı yenidən oyundankənar vəziyyətə salsın, bu ölkənin kommunikasiya xəttinə qoşulmasını əngəlləsin” –deyə, “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir.

Politoloq bildirir ki, günah Ermənistan hakimiyyətindədir, İrəvan Moskvaya güvənərək Qərbi Zəngəzur dəhlizinin açılması məsələsini yubatdı. Azərbaycan isə İrana imkan yaradır ki, yeni dəhliz vasitəsilə bölgədə rolunu və gəlirlərini artırsın, böyük arteriyanın tərkib hissəsinə çevrilsin.

Buna baxmayaraq, Qərbin nüvə məslələsinə görə İrana qarşı sanksiyaları davam edir.

“Bu sanksiyaların yumşalması və Qərbin Tehranla əməkdaşlığı genişləndirməsi artıq Azərbaycanın da maraqlarına cavab verir. Əslində Rusiyanın Ukraynaya işğalı fonunda Vaşinqton və Brüssel İranla anlaşmağa həvəsli görünürlər”- deyə, Elxan Şahinoğlu deyir.

AZƏRBAYCAN ÜÇÜN CİDDİ İQTİSADİ FÜRSƏT

İqtisadçı-ekpert Natiq Cəfərli də bildirir ki, bu xarici siyasətdə “növbəti doğru addım”dır.

Ona görə, İran ilə əhatəli əməkdaşlığa imkan verən sənəd imzalanan bu yeni sənəd bir çox aspektdən önəmlidir, hətta orta-uzun zamanda ciddi iqtisadi fürsətlər yaradır.

Natiq Cəfərliyə görə, fürsətlər bunlardır:

1) İmzalanmış sənədə görə Ermənistan-İran sərhədinə paralel Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Həmçinin, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsi nəzərdə tutulur,

2) Yeni kommunikasiya xəttində hər iki tərəf, həm Azərbaycan, həm də İran qarılıqlı söz sahibi olacaq, yeni sərhəd keçid məntəqələri, sərhədyanı ticarət üçün yeni fürsətlər yaranacaq,

3) Bu sənəd Ermənistan və Rusiyanın əlində təzyiq vasitəsi olan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan “Zəngəzur Koridorunun” əhəmiyyətini azaldır – indi artıq bu təzyiq alətindən Moskva istifadə edib müəyyən güzəştlər qoparmağa çalışmayacaq. Zatən o dəhliz həyata keçsə yeganə söz sahibi Rusiya olacaqdı, yollar, kommunikasiyalar Moskvanın tam nəzarətində olacaqdı. İndi isə top Ermənistan və Rusiya tərəfdədir – yeni regional logistik layihələrin iştirakçısı olmaq istəyirlərsə, daha yumşaq şərtlərlə “Zəngəzur dəhlizinin” açılmasına razı olmalıdırlar. Bundan başqa, hətta gələcəkdə “Zəngəzur Koridorunu” işə düşsə belə, mütləq alternati olmalıdır – Kremlin nəzarətində, Ermənistanın ərazisində olan kommunikasiya xəttləri daim təhlükədə ola, həmişə təzyiq vasitəsinə çevrilə bilərdi – İrandan keçən alternativ kommunikasiya xəttləri bu təzyiqi amortizasiya etməyə kömək olacaq,

4) Sənədin imzalanması giosiyasi anlamda İranın Ermənistandan üz çevirməsi deməkdir, dünəndən Ermənistan mediası İranı günahlandırır, arxadan zərbə vurduğunu söyləyirlər. Anlamırlar ki, İran qədim diplomatiya ənənələrinə, öz maraqlarını qorumaq üçün addımlar atan ölkədir və geosiyasət elə qurulub ki, daimi dostlar olmur, daimi maraqlar olur, maraqlar həmişə sintementlərə qalıb gəlir,

5) İranla Qərb arasında yeni istiləşmə gözlənilir, enerji anlamında Avropa bazarında Rusiyaya rəqib ola biləcək yeganə ölkə (coğrafi yaxınlıq, potensial və resurslar baxımından) məhz İrandır. Rusiyanın beynəlxalq aləmdən təcrid edilməsi və enerji resurslarından gələcəkdə tam imtina edilməsi üçün Qərbin İrana ehtiyacı var – sübutum olmasa da, düşünürəm ki, Azərbaycanla İran arasında bağlanan yeni müqavilə bizim Dövlət tərəfindən Türkiyə, AB və Britaniya və ABŞ-la, hətta İsrail ilə məsləhətləşmələrdən sonra ərsəyə gəlib,

6) İranın Qərbə amılması üçün əsas logistik və maliyyə, texniki mərkəz Azərbaycan, Bakı ola bilər. Bu ölkəmizə çox böyük yeni fürsətlər, iqtisadi dividentlər gətirə bilər.

RUSİYA DANIŞIQLARA MANEƏ YARADIR

Elxan Şahin oğlu da bildirir ki, Tehranın üzərindən sanksiyalar götürülərsə İran Avropa bazarına daha çox neft və qaz ixrac edə bilər ki, bu Avropanı Rusiyanın enerji asılılığından böyük ölçüdə xilas edə bilər.

“Ancaq Kreml hadisələrin bu istiqamətdə inkişafına mane olmağa başlayıb. Məsələ burasındadır ki, Rusiya İranla aparılan “5+1” formatındakı danışıqlarda yer alıb. Hər hansı anlaşmanın imzalanması üçün Kremlin də razılığı vacibdir. Kreml isə İranla anlaşmanın imzalanması üçün yeni şərt irəli sürüb: “İranla əməkdaşlıq edəcək Rusiya şirkətləri ABŞ və Avropa İttifaqının sanksiya siyahısından silinməlidir”.

Vaşinqton və Brüssel Rusiyanın Ukraynanı işğalı fonunda Kremlin bu şərtini yerinə yetirməyəcək. Çünki əgər Moskvanın şərti yerinə yetirilərsə Kreml hiylə işlədib sanksiya altındakı əsas şirkətlərini simvolik olaraq İranla müxtəlif sazişlərə yönəldəcək. Qərbi buna şərait yaratmayacaq. Kreml imkanı daxilində Qərbin İranla saziş imzalamasına mane olmaq istəyəcək. Belə olan halda İranın maraqları Rusiyanın maraqları ilə kəsişəcək. İranın Rusiya ilə tərəfdaşlıq münasibəti olsa da, Tehran ölkə vətəndaşlarını düşünməli və neft-qaz satmaqla gəlirlərini artırmalıdır.

Vaşinqton və Brüssel İranla yeni saziş imzalamaq üçün Rusiyanı kənarda qoyan formullar üzərində düşünür. “5+1” formuluna görə İranın istifadə etdiyi uran Rusiyaya daşınmalıdır. Əgər Qərb Rusiyanı oyundan çıxarmaq istəyirsə İranın istifadə etdiyi uranı hansısa başqa ölkəyə daşınmasını təmin etməlidir. Belə ölkə tapılarsa məsələ həll olunacaq”- deyə, Elxan Şahinoğlu açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər