Qabaqcıl əməkdaşlar çox unikal, lakin nadir tapılan keyfiyyətlərə malik olurlar. Inc.com bu talantların səkkiz qeyri adi xüsusiyyəti haqqında yazır.
1. Onlar vəzifə təlimatlarına məhəl qoymur
Şirkət nə qədər balaca olsa bir o qədər vacibdir ki, əməkdaş qərar qəbulu zamanı əlavə mühakimələrə vaxt itirməsin və həmin anda məhz şirkət üçün ehtiyac duyulan düzgün addımın atılmasına daha tez uyğunlaşsın və lazımı məqsədə nail olmaq üçün heç bir tərəddüd etmədən əlindən gələni etsin, buna görə də o həmin anda özünün şirkətdəki roluna və ya vəzifəsinə o qədər önəm verməməlidir.
Əsas müştərilərin proyekti üzərini təhlükə buludları aldıqda, qabaqcıl əməkdaşlar hələ ilkin haray qışqırıqları eşidilməmişdən öncə problem haqqında xəbər tuturlar və dərhal həmin işi xilas etməyə atılırlar, hətta bu onların bir başa vəzifəsi olmasa belə.
2. Onlar ekssentrikdirlər
Ən yaxşı əməkdaşlar digərlərindən fərqlənirlər. Bəzən onlar ədabaz, bəzən isə ətrafdakılara hörmət qoymayan, sayğısız olurlar. Hətta onları qəribə də adlandırmaq olar, amma sözün yaxşı mənasında. Qeyri-adi şəxsiyyətlər ətrafdakı insanları silkələyir, onları hərəkətə gətirir və kortəbii bir qrupu bacarıqlı bir komandaya çevirir. Onlar ilə birlikdə iş artıq əvvəlki kimi darıxdırıcı və sönük olmur.
Əksəriyyətdən fərqlənməyə cəsarəti çatan insanlar, adət edilmiş sərhədləri aşmağa nail olur və ən yaxşı ideyaların müəlliflərinə çevrilir.
3. Amma onlar, harada dayanmaq lazım olduğunu yaxşı bilirlər
Çox gərgin situasiya yaşandıqda isə, ən yaxşı əməkdaşlar öz təkrarolunmazlığını nümayiş etdirmək sevdasında əl çəkir və komanda ilə birləşirlər.
Fərasətli əməkdaşlar bilir nə vaxt əylənmək olar, nə vaxt isə ciddi olmaq lazımdır. Onlar yaxşı anlayır ki, nə vaxt saymazlıq etmək olar, nə vaxt isə mütləq şəkildə qaydalara riayət etmək tələb olunur, nə vaxt hamıya meydan oxumaq, nə vaxt isə geri çəkilməyi bacarmaq lazımdır.. Bu çox incə bir sərhəddir və bu əsasda tarazlığı qorumaq heç də hər kəsə nəsib olmur.
4. Onları hamının gözü önündə tərifləyirlər
Onlar rəhbərliyin təriflərini böyük minnətdarlıq ilə qəbul edir. Lakin özləri ilə bərabər vəzifədə olan həmkarlarının tərifi onların təəccübünə səbəb olur. Qabaqcıl əməkdaşlar digərlərinin də ümumi işə qoyduğu zəhməti yüksək qiymətləndirir. Xüsusən də qrup daxilində, çünki bu zaman onların sözlərinin çəkisi daha da artır.
5. Onlar incə nüansları göz-gözə, təkbətək müzakirə edirlər
Istənilən normal boss istəyərdi ki, onun əməkdaşları şəxsən müzakirə edilməsi məsləhət bilinən məsələləri onun özü ilə üz-üzə danışsın.
Yaxşı əməkdaşlar komandadakı problemin çözülməsi üçün mübahisəli məsələləri qaldırmaq hüququna malikdir, bu müstəqilliyi isə onlar öz nailiyyətləri sayəsində əldə ediblər.
Qabaqcıl işçilər incə məsələləri sizinlə ümumi görüşdən ya əvvəl, ya da sonra müzakirə edir, onlar bilir ki, bu problemin səslənməsi həmkarlar arasında mənfi əks sədaya səbəb ola bilər və böyük narazılıq burulğanı yaradar.
6. Digərləri susmağı üstün tutanda onlar danışır
Bəzi əməkdaşlar iclaslarda sakit-dinməz oturur. Hətta bəziləri təkbətək söhbətlərdə də ağzını açmaqdan qorxurlar.
Bir dəfə ümumi yığıncaqlardan birindən Ceyff Xeyden, bu mətnin Inc.com-dan olan müəllifi əməkdaşların birindən mümkün qovulma halları ilə bağlı sual eşitmişdir. Görüşdən sonra Xeyden ondan soruşmuşdur:
– Nəyə görə sən bu haqda sual verirsən? Axı sən bilirsən ki, heç bir qovulma və ya işdən çıxarılma olmayacaq.
– Mən bilsəm də, başqaları bilmir və onlar bu sualı verməkdən çəkinir. Ona görə də fikirləşdim ki, bu cavabı eşitmək onlar üçün çox faydalı olacaq.
Qabaqcıl əməkdaşlarda sanki anadangəlmə problemi duyma qabiliyyəti vardır, onlar ətrafdakı insanların qeydinə qalır. Digərlərinin tərəddüd etdiyi halda, onlar düzgün sualı verməyi ya da mühüm məsələni qaldırmağı bacarırlar.
7. Digərlərinin haqsız (yanlış) olduğunu sübut etmək onların xoşuna gəlir
Özünü motivasiya adətən skeptiklərin yanlış yolda olduğunu sübut etmək hissindən irəli gəlir. Universitet diplomu olmayan gənc oğlan və ya haqqında “onun liderlik potensialı yoxdur” deyilən xanım, əksər hallarda ətrafdakılara necə böyük səhv etdiklərini göstərmək arzusu ilə alışıb-yanır.
Təhsil, intellekt, istedad və məharət əlbəttə ki, çox vacib xüsusiyyətlərdir, amma yenə də inanılmaz qədər böyük həvəs və canfəşanlıq bu zaman həll edici rol oynayır.. Qabaqcıl işçiləri idarə edən qüvvə, sadəcə öz işini yaxşı yerinə yetirmək istəyindən daha özəl bir hisdir. .
8. Onlar daima nə iləsə məşğuldur
Bəzi insanlar əldə edilmiş işin nəticəsindən heç zaman tam məmnunluq hissi yaşamır və həmişə nə iləsə qurdalanır: qrafiklərin kənarlarını dəyişir, prosesləri təzədən quraşdırır və ya axıra qədər düzəltməyə, mükəmməlləşdirməyə çalışırlar.
Yaxşı işçilər proseslərə əməl edir. Qabaqcıl əməkdaşlar isə bu prosesləri təkmilləşdirməyin üsullarını axtarır, ona görə yox ki, bunu onlardan kimsə xahiş edib, sadəcə onlar başqa cür bacarmır.