17 C
Baku
Thursday, May 2, 2024

Qarabağ Dirçəliş Fondu dövlət istiqrazlarına yatırımı 2 dəfə, bundan gəlirləri isə 4 dəfə artırıb

2021-ci ildə təsis edilən Qarabağ Dirçəliş Fondu (publik hüquqi şəxs) ötən il qiymətli kağızlara yatırımı daha da artırıb və az riskli istiqrazlara yatırım edib.

Banker.az bunu QDF-nin illik audit hesabatına istinadla xəbər verir.

QDF-in 1 yanvar 2023-cü il tarixinə 662.64 milyon manatlıq qiymətli kağızlar üzrə portfeli olub. Ötən ilin əvvəli qiymətli kağızlar üzrə portfelin həcmi 316.81 mln. manat olduğunu nəzərə alsaq, son bir ildə portfel 345.83 mln. manat və ya 2 dəfə artıb. Ümumi investiya qiymətli kağızların cəmi 10.54 mln. manatı qısa müddətlidir.

Fondun portfelindəki investisiya qiymətli kağızların 100%-i Maliyyə Nazirliyinin xətti ilə buraxılan dövlət istiqrazlarıdır.

Adətən təşkilatlar inflyasiyadan qorunmaq və əllərindəki sərbəst vəsaitlərdən gəlir qazanmaq üçün belə maliyyə alətlərinə yatırımlar edirlər. Fond isə yatırım edərkən riski çox aşağı olan dövlət istiqrazlarını seçib. QDF-in əsas gəliri ianələr hesabına formalaşır. 2022-ci ildə 314.51 mln. manat ianə gəliri əldə edib. Xalis mənfəəti 342.82 mln. manat olub. Pul vəsaitləri isə 571.09 mln. manatdır.

2022-ci ildə Qarabağ Dirçəliş Fondu bu istiqrazlardan 34.45 mln. manat gəlir əldə edib. 2021-ci ildə 9.2 mln. manat idi və cari il öncəki ili 4 dəfəyə yaxın üstələyir.

Fondun hesabatında istiqrazların tədavül müddətinə geniş yer verilməyib. Maliyyə Nazirliyi adətən 1,2,3,5 və 7 il müddətinə istiqrazlar buraxır. Ötən il dövlət istiqrazlarının gəlirlilik faizi 7 il üçün 7%-in üzərində olduğu halda, 5 illikdə 9% üzərində olmuşdu.

Ölkə ərazisində isə inflyasiya artıq iki ildir ki, ikirəqəmlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər