22 C
Baku
Friday, April 19, 2024

Qazaxıstan Orta Dəhliz ilə bağlı Dünya Bankına müraciət edib

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün uzunmüddətli strategiyanın hazırlanması məsələsi ilə bağlı Dünya Bankına müraciət edib.

Bu müraciəti Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Sapar Bektasov Dünya Bankının “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbir zamanı səsləndirib.

Onun sözlərinə görə, Qazaxıstan dövlət səviyyəsində özü üçün beşillik planlar müəyyən edir, mövcud problemlərə və bazar tələbinə əsaslanır.

“Lakin Avropaya çıxışı olan Qafqaz regionu vasitəsilə Mərkəzi Asiya regionunu Qara dəniz ölkələri ilə birləşdirən yüksək nəqliyyat potensialını nəzərə alaraq, biz ölkələr arasında eyni vaxtda və bir-biri ilə əlaqəli tədbirlər görməliyik”, – Sapar Bektasov qeyd edib.

Onun sözlərinə görə, bunun üçün uzunmüddətli xarakter daşıyan transxəzər beynəlxalq nəqliyyat marşrutunun Orta Dəhlizinin 2024-cü ilə qədər və ondan sonrakı dövrləri əhatə edən uzunmüddətli inkişafı strategiyasının hazırlanmasına ehtiyac var.

“Bununla əlaqədar olaraq, gələcəkdə bütün mümkün iqtisadi və ekoloji dəyişiklikləri nəzərə almaqla, Orta Dəhlizin inkişafı üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması imkanını nəzərdən keçirməyinizi xahiş edirik”, – Sapar Bektasov bildirib.

Qazaxıstan tərəfi bütün dəhliz istifadəçilərinə keyfiyyət təminatı rolunu oynamağa kömək edəcək Orta Dəhliz üçün TM-standartlarının (vaxtın idarəedilməsi standartları) hazırlanmasını zəruri hesab edir.

Sapar Bektasov vurğulayıb ki, qeyd olunan standartlar dəhliz boyunca hər bir ölkənin ərazisindən malların keçirilməsi üçün müəyyən edilmiş müddətlərə diqqət yetirə, yüklərin təhlükəsizliyini, vahid xidməti və rəqabətqabiliyyətli tarifləri təmin edə bilər.

“Əgər dəstək olsa, bu təşəbbüsü komandanızla ətraflı müzakirə edəcəyik”, – Qazaxıstanın nümayəndəsi qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər