Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi 2020-ci ilin yanvar-aprel aylarının nəticələrini açıqlayıb.
Bu dövrdə ölkədə ÜDM istehsalı illik ifadədə 0,2% azalıb.
“2020-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin sosial-iqtisadi inkişafının nəticələri belədir: məhsul istehsalı 5,8% artıb. Eyni zamanda xidmət istehsalı 4% azalıb. Nəticədə, ÜDM istehsalı 0,2% azalıb”, – deyə Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov ölkə hökumətinin iclasında bildirib.
2019-cu ilin yanvar-aprel aylarında Qazaxıstanda ÜDM-in artım tempi 4% təşkil edib.
Nazir xidmət sektorunda müşahidə olunan azalmanı koronavirusun yayılmasına qarşı yönəlmiş karantin tədbirləri ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə əlaqələndirib.
R. Dalenovun sözlərinə görə, Qazaxıstanda illik inflyasiya 6,8% təşkil edib.
Qeyd edək ki, 2019-cu ilin sonunda Qazaxıstanda ÜDM 4,5% artıb. 2020-ci ildə ÜDM-in artım tempi 4,1% səviyyəsində proqnozlaşdırılırdı. Bununla belə, aprel ayında Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi makroiqtisadi proqnozlara yenidən baxıb və cari il üçün ÜDM-in artım tempini 3,2%-ə endirib.