“Qazın qiyməti ilə bağlı dəyişikliyə hər kəs – vətəndaş, siyasətçi və iqtisadçı fərqli yanaşır” – MÜSAHİBƏ

Elman Sadıqov, iqtisadçı-ekspert

Azərbaycanda son günlərdə ən çox danışılan mövzu Tarif Şurasının qazın limiti və qiyməti ilə bağlı qərarı idi. Öncəki qərarlardan bir qədər “ehtiyatlı” götür-qoy edilən bu qərarda müzakirə ediləsi və toxunulası bir çox nüanslar vardır. Bu dəfəki qonağımız Azərbaycanda tanınmış iqtisadçı-ekspert və təlimçi Elman Sadıqov oldu. O, bəzi məsələlərdə vətədaş, siyasətçi və iqtisadçıların məsələyə necə yanaşmasına toxunaraq maraqlı açıqlamalar verdi. Həmçinin bu dəfə OPEC+ alyasının hasilatla bağlı anlaşmasına, COVID-19-un hazırda dünya iqtisadiyyatə üçün qeyri-müəyyənliklərin gətirməsinə də toxundu. Həmin müsahibəni oxuculara təqdim edirik:

— Elman müəllim, əvvəla müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. Son dövrlərin müzakirə mövzusu olan qazın tariflərinin artımı ilə bağlı Tarif Şurasının son qərarından başlayaq. Bu qərar cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Amma yanaşmalarınız Sizin fərqli fikirdə olduğunuzu göstərir.

— Əvvəla, hər hansı iqtisadi məsələyə yanaşmalar arasında fərq var. Yəni, iqtisadi sahədə hər hansı qərara bir siyasətçi fərqli yanaşa bilər, vətəndaş fərqli, iqtisadçı fərqli. Siyasətçi daha çox reytinq düşünür, vətəndaş şəxsi mənafeyini, iqtisadçı isə makro-iqtisadi amilləri, həmin qərarın digər sahələrə və ölkənin gələcək iqtisadi mühiti və vəziyyətinə təsirini düşünür.

Hər bir vətəndaşın mənafeyi cəmiyyətin mənafeyi, həm də iqtisadçının mənafeyi deyilmi?

— Çox vaxt belə deyil. Təəssüf ki, iqtisadi reallıqlar və gerçəkliklər bir çox hallarda vətəndaşların istəyi, mənafeyi ilə üst-üstə düşmür. İqtisadi sahədə atılan bir çox addımlar hansısa zərurətdən doğur. Bu addımın atılması vətəndaş üçün qısamüddətli itkilər yaratsa da, dövlət və cəmiyyətin gələcəyi üçün qaçılmazdır. O səbəbdən bir çox məsələlərdə akademik iqtisadçılar həm (xüsusilə reytinq naminə populist addım atan və fikirlər səsləndirən) siyasətçilərlə, həm də bir çox hallarda cəmiyyətin tələbləri ilə razılaşmır, hətta əks mövqedə olurlar. İqtisadçı daha uzun müddəti düşünür.

Bu şəxs xəstənin düşməni hesab edilə bilməz

Qısaca desək, cəmiyyətdə rifahın yüksək olmasını hamı istəyir. İqtisadçı isə bu rifahın daha möhkəm, daha sağlam və uzunmüddətli olması üçün qısamüddətli müalicə, hətta əməliyyatların keçirilməsi tərəfdarıdır. Hər hansı xəstəlik varsa onu həmişə şokolad, tort, dadlı yeməklərlə deyil, acı dərman, hətta cərrahi əməliyyatla aradan qaldırmaq zərurəti yaranır. Xəstəyə istədiyini verməyib onu əməliyyat edən həkim isə xəstənin düşməni hesab edilə bilməz. Cəmiyyətə əsl iqtisadçı yanaşmasını da əsl həkimin xəstəyə yanaşması ilə müqayisə etmək olar.

Tarif Şurasının qazın tarifləri ilə bağlı son qərarına yanaşmanız necədir?

— Tarif Şurasının əvvəlki qərarlarından müsbət mənada fərqlənən bir qərardır. Yəni, qazın qiymətləri bütün sahələr üzrə artmadı. Bir çox sahələr üzrə kifayət qədər azaldı. İkincisi, Tarif Şurası bu dəfə qərar qəbul edərkən dünyada gedən tendensiyaları (iqtisadi cəhətdən desək inflyasiya, ekoloji cəhətdən desək benzin, dizel istehlakının qazın xeyrinə azaldılması) sözün həqiqi mənasında nəzərə aldı. Qazdoldurma məntəqələrinə verilən qazın qiymətinin 20 qəpikdən 13 qəpiyə endirilməsi (həm nəqliyyat vasitələri, həm də qaz balonlarından istifadə edənlər üçün əhəmiyyətli olan bu qiymət azalmasının müsbət tərəfləri barədə təəssüf ki, təhlillərə demək olar ki, rast gəlmədik),  “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifinin 20 qəpikdən 13 qəpiyə endirilməsi bu sahədə mərkəzləşmiş istilik verilişinin genişlənməsi baxımından faydalıdır (bu məsələni də az qala bəzi hallarda mənfi bir hal kimi təqdim etməyə çalışdılar), kənd təsərrüfatı və sənaye sahələrinə verilən qazın qiymətlərində dəyişiklik edilməsi (əsas inflyasiya tətikləyən amillərə qarşı hökumətin mövqeyini ortaya qoyan məsələdir) və sair. Bunların makro-iqtisadi müsbət təsirləri daha çoxdur, amma yanaşmalarda bu məsələlər təqdir olunmur. Bəli, qaz limitlərinin 2200-dən 1200-ə endirilməsi əhalinin 49%-nin cibinə mənfi təsir edir. Bu məsələni təqdir etmirəm. Amma o qərarda 4-5 müsbət məqamı təqdir etmədən, müsbət tərəflərinə toxunmadan, həmin müsbət tərəfləri daha da artırmaq, təsir dairəsini daha da genişəndirmək üçün təkliflər vermədən bir məsələ (limit) üzərində geniş dayanmaq, tənqid etmək, həmin artımın təsirlərini azaltmaq üçün təkliflər vermək əvəzinə hər şeyi qara rəngdə görmək obyektiv yanaşmanı, təhlili pozur. Əhali belə edə bilər. Çünki hamı iqtisadçı deyil, makro-iqtisadiyyatı bilmir. Amma bir iqtisadçı, bir analitik kimi mən məsələyə hərtərəfli yanaşmağı özümün başlıca vəzifəsi hesab etməliyəm. Vətəndaş kimi danışsam bəlkə də o qərarda haqqında yeganə danışacağım məsələ elə limit məsələsi olar, amma iqtisadçı kimi, analitik kimi mənim buna haqqım yoxdur. Çünki, hazırda dünyada mövcud olan və ölkəmizə də təsirləri gözlənilən ciddi iqtisadi problemlərin fonunda həmin məsələ o qədər katastrofik məsələ deyil.

Həmin problemlər hansılardır?

— İlk növbədə dünya iqtisadiyyatında qeyri-müəyyənlik riski saxlayan və sürətlə yayılan Delta variantı. Koronavirusun Hindistanda ortaya çıxan bu variantı öncəki COVİD-19 variantından istiyə davamlılığı, daha sürətlə yayılması, yoluxan uşaq və gənclərin say çoxluğu və nəhayət daha ağır keçməsi ilə xarakterikdir. İkincisi, inflyasiya. Hökumət xüsusilə atdığı və atmadığı bir çox addımlarla ciddi mesajlar verir ki, inflyasiyaya qarşı mübarizə prioritetdir və infliyasiyanı tətikləyicək addımlara yol verilməməsinə çalışılır.

Bu inflyasiya qayğılarını daha da artırır

İnflyasiya hazırda bütün dünyanı ciddi narahat edən bir məsələdir. Həm də ən böyük ticarət tərəfdaşlarımızdan biri olan qardaş Türkiyə ilə bağlı ən son statistik bir məlumatı qısaca təhlil etməklə məsələnin mahiyyətini açmağa çalışaq. İyun ayı üçün illik istehlakçı qiymətləri indeksi 17.5%, istehsalçı qiymətləri indeksi isə 42.9% oldu. Aradakı 25.4% böyük bir fərq (fərqin öncəki aylara nisbətən getdikcə artması da başqa bir ciddi narahatlıq və geniş mövzudur) inflyasiyanın gələcək aylarda daha da artacağını göstərir. Axı istehsalçıların qiymət artımı istehlak qiymət artımlarına da transfer olunur. Əslində bu kimi mənzərə hazırda bir çox ölkələrdə mövcuddur. Sadəcə rəqəmlər fərqlidir. Xam material qiymətlərinin (o cümlədən təbii resurslar) artımı isə inflyasiya qayğılarını daha da artırır. Ən pisi isə odur ki, inflyasiya gözləntiləri də artmaqdadır. İnflyasiya gözləntisi isə inflyasiyanın özündən də pisdir. Nəhayət 3-cü ən böyük bəla işsizlik. İşsizlik təkcə pandemiya ilə bağlı deyil. İşsizlik həm də yeni sənaye inqilabi ilə də bağlıdır, texnologiyaların inkişafı, robotlaşma və sair. Bir çox peşələrə ehtiyac azalır, amma yeni peşələr üçün kadr yetişdirmək uzun illər tələb edir. Əlavə olaraq da pandemiya işsizliyi dəfələrlə sürətləndirdi və genişlətdi. Qeyd etdiyim hər 3 problem yoluxucu effektə malikdir. Yəni, virusun da, inflyasiyanın da, işsizliyin də ölkəmiz üzərində təzyiqi mövcuddur və bu təzyiq artmaqda davam edir. Çünki, biz də yer kürəsindəyik, qlobal iqtisadiyyatın bir parçasıyıq. Nəhayət, 4-cü problem. OPEC+ ölkələrinin hələlik razılığa gələ bilməməsi. Bu dəfə Səudiyyə Ərəbistanı və BƏƏ arasında fikir ayrılığı mövcuddur. Səudiyyə Ərəbistanı razılaşmanın müddətinin (bu müddət 2022-ci ilin aprelində bitir) yeni kvotalar təyin və təsdiq olunmadan artırılmasının əleyhinədir. BƏƏ isə hər hansı şərt olmadan bu müddətin artırılmasını istəyir. Bu ölkələrin neftdən asılılıqları fərqlidir. Səudiyyə Ərəbistanın ixracının 80%-ni neft və neft məhsulları tutur, BƏƏ-də isə bu rəqəm 30% ətrafındadır. Amma, OPEC+ ölkələrinin qiymət müharibəsi tələsinə düşməyəcəyinə ümidim çoxdur. Bu tələyə düşmək öz-özünə dərin quyu qazmağa bənzəyir. Gördüyünüz kimi, ölkəmizi maraqlandıran qlobal məsələ və qayğılar gördüyünüz kimi çoxdur. Bunların hər birinin ölkəmizə təsirini minimallaşdırmaq üçün tədbirlərin görülməsi, risklərin yumşaldılması ciddi səylər və çoxlu işlər tələb edir.

Siz qərarın ekoloji tərəflərinə də toxundunuz. Ümumiyyətlə alternativ enerji ilə bağlı Sizin bir çox fikirləriniz mövcuddur. Qaz istehlakı və ekologiya məsələlərinə də aydınlıq gətirməyinizi xahiş edirəm.

— Əvvəla, dünyada qaz istehlakının getdikcə azaldılması istiqamətində işlər görülür və ölkələr də bununla bağlı öhdəliklər götürürlər. Çünki, qaz istehlakı da parnik effektinin yaranaraq iqlim dəyişikliklərini tətikləyən amillərdən biri kimi görülür. Dizel və benzinə nisbətən qaz ekologiyanı daha az çirkləndirdiyi üçün nəqliyyat sahəsində qaz istehlakının genişləndirilməsi isə daha məqsədəuyğundur. Bu 2 incə nüansı bir-biri ilə qarışdırmamaq lazımdır. Şübhəsiz ki, burada elektromobillər və hibrid avtomobillər daha idealdır (elektromobil və hibrik avtomobil parkının genişləndirilməsinin qatı tərəfdarıyam və bununla bağlı təkliflər də təqdim etmişəm), lakin mövcud avtomobilləri qazla işləməyə çevirmək olur, lakin elektikə deyil. Məsələ, həm də mövcud avtomobil parkının ekologiyaya təsirini azaltmaqdır. İkinci məsələyə geniş toxunmadan məlumat üçün qeyd edim ki, qazın istixanalarda istifadəsi hazırda dünyanı düşündürür və istehlakın bu istiqamətdə azalması planları hazırlanır və mövcud planlar da genişləndirilir. Üçüncü məsələ. Qazın binalarda istifadəsi. Ölkəmiz üçün mərkəzləşmiş istilik sistemlərinin genişləndirilməsi və daha çox binanın bu sistemə qoşulması yaxın gələcək üçün ən yaxşı variantlardan biridir. Hökumətin də bu istiqamətdə atdığı konkret addımlar təqdirəlayiqdir. Amma, orta və uzun müddətdə binaların isidilməsi də elektrik hesabına olacaq. Hazırda elektrik baha başa gəldiyi üçün rentabelli olmasa da, alternativ enerji istiqamətində atılan addımlar gələcəkdə elektrik enerjisinin dəfələrlə ucuz olacağını qaçılmaz edəcək. Təsəvvür edin ki, hər binada quraşdırılacaq günəş batareyaları həmin binaya işıqlanma və istilik üçün kifayət qədər enerji verəcək. Qaza ehtiyac qalmayacaq. Bunun alternativ yolları da var. Məsələn, Yaponiyada hazırda yaşayış binalarının önündə 15-20 velosiped qoyulur. Həmin velosipedin pedalını fırlatmaqla siz binada olan akkumulyatora enerji yığırsınız. Bina sakinləri idman edir və binalarına pulsuz enerji yığırlar. Bu layihəyə cəlb edilən binaların sayı artmaqda davam edir. Gördüyünüz kimi alternativlər çoxdur və enerji məsələləri geniş və incə mövzudur.

Elman müəllim, həmişəki kimi bu dəfə də maraqlı və əhatəli, həm də fərqli və yenilikli yanaşmalarla dolu müsahibə oldu. Bunun üçün təşəkkür edirik.

— Mən də Sizə təşəkkür edirəm.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.