Qlobal əmtəə bazarlarında qızılın qiyməti dünənki hərrraclarda 1 238,40 ABŞ dollarına kimi geriləyərək son 5 ayın minimal səviyyəsinə düşüb. Qızılın ucuzlaşması bu gün sona çatması planlaşdırılan Federal Ehtiyat Sisteminin (FED) iki günlük iclasının gözlənilən nəticələri ilə bağlıdır.
Belə ki, bu gün FED-in uçot dərəcəsini 0,25 faiz bəndi artırması və ABŞ iqtisadiyyatının dayanıqlı olaraq sürətlənməsi barədə siqnal verməsi gözlənilir. Bu da ilin əvvəli ilə müqayisədə 8,3% baha satılan qızılın qiymətinin azalmasına gətirib çıxarır. Xatırladaq ki, qızıl bir maliyyə aktivi kimi heç bir dividend gətirməyən, ancaq geosiyasi risklərin artdığı və ya maliyyə böhranının kəskinləşdiyi dövrlərdə “sakit liman” kimi investisiya olunan alətdir. Nəzərə alaq ki, bu il dünya iqtisadiyyatının təxminən 3,4%, 2018-ci ildə isə 3,5% artması proqnozlaşdırılır. Bu da qızılın qiyməti üzərində təzyiqlər yaradır və inverstorların riskli maliyyə aktivlərinə investisiya etməsini stimullaşdırır.
Report-un analitik qrupu qızılın 1 180 dollar/unsiyadan aşağı düşməsi halında 1 120, daha sonra 1 045 dollar/unsiyaya kimi geriləyəcəyini proqnozlaşdırır. Lakin böyük ehtimalla qızıl 1 180 dollar/unsiya səviyyəsində dəstək tapacaq və ucuzlaşma 2018-ci ildə baş tutacaq. Gələn il qızılın 1 045 dollar/unsiyaya qədər geriləyəcəyi ehtimal olunur.
Qeyd edək ki, 2018-ci ildə FED-in daha 3-4 faiz artırma qərarı gözlənilir. Bu da bugünkü iclasın nəticəsi nəzərə alınmaqla uçot dərəcəsinin ən azı 2,25-2,50% səviyyəsinə çatması deməkdir.