12 C
Baku
Wednesday, December 11, 2024

QUAD ölkələri ammonyakdan yanacaq kimi istifadə barədə razılığa gəliblər

Təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) üzvü olan dörd ölkənin energetika nazirləri ammonyakdan və digər ekoloji cəhətdən təmiz yanacaq növlərindən istifadə barədə razılığa gəliblər.

Bu barədə razılaşma Yaponiya, ABŞ, Avstraliya və Hindistanın energetika nazirlərinin Sidney Energetika Forumu çərçivəsində keçirilən görüşündə əldə edilib.

Görüş zamanı dünya enerji bazarında qeyri-sabitliyin yarandığı bir vaxtda bu dörd ölkənin enerji sektorunda əməkdaşlığının istiqamətləri müzakirə olunub. Nazirlər ammonyakdan istifadə də daxil olmaqla ekoloji cəhətdən təmiz energetika texnologiyalarının birlikdə yaradılması məqsədilə birgə fəaliyyət barədə razılıq əldə ediblər.

Sidney Energetika Forumu çərçivəsində keçirilən görüşlərə hökumət nümayəndələri ilə yanaşı şirkətlərin təmsilçiləri də qatılıb.

Yaponiyanın sənaye naziri Haqiuda Koiçi ölkəsinin ammonyakın tədarük zəncirində aparıcı rol oynamaq niyyətində olduğunu bildirib.

Görüşdən sonra yapon nazir jurnalistlərə deyib ki, ötən il ammonyakın kömürlə birlikdə yandırılması təklifi yaxşı qəbul edilməmişdi. Lakin bu il QUAD bu təklifi razılıqla qarşılayıb. Nazir QUAD üzvü olan ölkələr arasında tədarük zəncirinin yaradılmasında problem olmayacağına inandığını bildirib.

Xatırladaq ki, G7 ölkələrinin mayda Almaniyada keçirilən görüşü zamanı həmin ölkələrin nazirləri qəbul edilən birgə bəyanatda ammonyakı enerji təhlükəsizliyində təmiz enerji mənbəyi kimi qəbul etdiklərini bildiriblər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər