9 C
Baku
Thursday, December 12, 2024

Quru sərhədlərinin açılması üçün danışıqlar gedir

Artıq bütün dünyada koronavirusa yoluxmalar minimuma enib, bir çox karantin qaydaları ləğv olunub. Azərbaycanda isə mayın 1-dən etibarən maska tələbi aradan qaldırılıb. İndi hər kəsi maraqlandıran quru sərhədlərinin nə vaxt açılmasıdır. Qeyri-rəsmi məlumatlara görə, hökumət iyun-iyul aylarından etibarən quru sərhədlərinin açılması üçün danışıqlar aparır.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, artıq quru sərhədləri açılmalıdır.

Komitə sədrinin sözlərinə görə, quru sərhədlərinin açılmasını hər kəs arzu edir:

“Bu, ilk növbədə ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşlarının vətənə gediş-gəlişi üçün çox vacib məsələdir. Çünki hava yolları vasitəsilə gediş-gəliş olduqca bahadır. Kifayət qədər təyyarə yoxdur, sərnişin yerləri də məhduddur. Ona görə də, hər kəs bu imkandan istifadə edə bilmir. Nəzərə alsaq ki, 2 milyondan çox azərbaycanlı Rusiyada yaşayır. Eyni zamanda, MDB-nin digər ölkələrində də azərbaycanlılar yaşayır. Onların xüsusən yay aylarında vətənə gəlmələri, ailələri ilə görüşmələri, xeyir-şər məclislərində iştirak etmələri bir ənənə halını alıb. Bundan istifadə etmək üçün hesab edirəm ki, onlara şərait yaratmaq vacibdir”.

M.Quliyev qeyd edib ki, quru sərhədlərinin açılması xüsusilə Azərbaycanın turizm sektoru üçün önəmlidir:

“Turizm Azərbaycanın qeyri-neft sektorunda çox mühüm bir istiqamətdir. Pandemiya dövründə turizm sektoruna olduqca böyük zərər dəyib. Yavaş-yavaş biz bunu bərpa etməliyik. Yolların açılması turizmin inkişafına xeyli dəstək verə bilər”.

Komitə sədrinin fikrincə,  hökumət hər bir halda ictimaiyyətə açıqlama verməlidir:

“Danışıqlar aparılması ilə bağlı məlumatlar var. Amma hökumət buna dair açıqlama verməlidir ki, sərhədlər nə vaxt açılacaq. Əgər açılma ləngiyəcəksə, bunun səbəbi nə ilə bağlıdır. Ən azından informasiya verilməlidir. Bizim qonşu dövlətlərdə də artıq koronavirusa yoluxma minimuma enib. Tək-tük yoluxma hallarına rast gəlinir. Nəzərə alaq ki, həm Azərbaycanda, həm digər ölkələrdə olanların əksəriyyəti koronavirus əleyhinə peyvənd olunmuş insanlardır. Hər halda gəliş üçün yolları açıb müəyyən şərtlər də qoymaq olar. Lap sərhəd-keçid məntəqələrinin yanında müayinələr, testlər qoymaq olar. Hər halda bu yolların açılmasının iqtisadi, sosial faydası olardı”.

“Ümumilikdə sərhədlərin açılmasının pandemiyanın bitib-bitməməsi ilə o qədər də əlaqəsi yoxdur. Pandemiyanın bitməsini onun başlandığını elan edən Ümumdünya Səhiyyə Təşkilatı açıqlayacaq. Ancaq hələlik az da olsa, yoluxmalar var. Bəzi ölkələrdə isə yeni alovlanmaların olması bizi narahat edir. İstənilən halda mən hesab edirəm ki, koronavirus pandemiyası özünün təhlükəli, pik həddini keçib. Yəqin ki, əvvəlki geri dönüşlər olmayacaq. Nəzərə almalıyıq ki, artıq vaksinlər də mövcuddur. Müxtəlif dərman preparatları işlənib hazırlanır. Vaksinasiya prosesi davam etdikcə pandemiyanın təsiri də azalacaq”, – deyə M. Quliyev qeyd edib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər