13 C
Baku
Şənbə, May 21, 2022

Quş qripinə görə bu ölkələrdən idxala məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Tunis Respublikasının Tunis və Kasserine Sud inzibati ərazi vahidlərində dabaq, Niger Respublikasının Niamey inzibati ərazi vahidində, İngiltərənin Şimal-Şərq İngiltərə regionunda və Nepal Federativ Demokratik Respublikasının Şərq əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Tunis Respublikasının Tunis və Kasserine Sud inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Niger Respublikasının Niamey inzibati ərazi vahidindən, İngiltərənin Şimal-Şərq İngiltərə regionundan və Nepal Federativ Demokratik Respublikasının Şərq əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Nepal Federativ Demokratik Respublikasından, İngiltərədən, Niger Respublikasından və Tunis Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Oxşar xəbərlər