5 C
Baku
Saturday, December 14, 2024

Rəsmi maaşı olmayan şəxslərlə bağlı ipoteka kreditləşməsi necə tənzimlənir?

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Ramil Tahirov müsahibə verib:

– Ramil müəllim, Azərbaycanda 18 ildən çoxdur ki, ipoteka kreditləşməsi həyata keçirilir, bu məqsədlə İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Fondun tətbiq etdiyi alətlərin ölkə əhalisinin mənzil təminatındakı rolunu necə qiymətləndirirsiniz?

– Bildiyiniz kimi, İpoteka və Kredit Zəmanət Fondu Qafqaz regionunun ilk ipoteka bazarı operatorudur. Fond 2005-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb və 2006-cı ilin mart ayından ölkədə uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılıb.

Növbəti dövrlərdə dövlət başçısının müvafiq fərmanları ilə Fondun fəaliyyət istiqamətləri, məhsul kataloqu tədricən genişlənib və 2019-cu ildə mənzil təminatı alətlərimizin sırasına satmaq öhdəliyi ilə kirayə mexanizmi də əlavə edilib.

Bütövlükdə bu günə qədər Fondun təqdim etdiyi uzunmüddətli yaşayış maliyyəsi alətləri (ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə) vasitəsilə 54 minə yaxın ailə mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Bağlanılmış ipoteka krediti müqavilələrinin ümumi məbləği 3 milyard manatı keçib. Təkcə son üç ildə 1,2 milyard manatdan çox ipoteka krediti verilib ki, bu da 16 400-ə yaxın ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib.

Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış insanların, ailələrin 70%-i gənclərdir. Fondun tələblərinə uyğun verilmiş ipoteka kreditlərinin 35 %-dən çox hissəsini dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir.

Bütün bunlarla yanaşı, Fond xüsusi dəstəyə ehtiyacı olan əhali kateqoriyalarının mənzil təminatının yaxşılaşdırılması üzrə dövlət proqramlarında da fəal iştirak edir. Belə ki, ölkə rəhbərinin Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncamının icrası çərçivəsində Fond 2021-2022-ci illərdə 84 mənzili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verib.

Eyni zamanda, Fond güzəştli ipoteka kreditləşməsi vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin satışının dəstəklənməsini həyata keçirir. 2018-ci ildən güzəştli mənzillərin maliyyələşdirilməsi üçün 4 743 şəxsə 227 milyon manatdan çox ipoteka krediti verilib. MİDA-nın sərəncamında olan mənzillərin təxminən 80 %-nin satışı Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri vasitəsilə həyata keçirilib.

Bununla yanaşı, Fond hazırda ölkədə həyata keçirilən genişmiqyaslı dövlət proqramları və strategiyalar çərçivəsində görülən tədbirlərə də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq aktiv şəkildə cəlb edilib.

– Qeyd etdiyiniz kimi Fondun əsas fəaliyyət istiqamətlərindən biri uzunmüddətli ipoteka kreditləşməsidir. Ümumiyyətlə, Azərbaycanda bu mexanizm necə fəaliyyət göstərir?

– Ümumiyyətlə, dünya təcrübəsində dövlət dəstəyi ilə fəaliyyət göstərən yaşayış maliyyəsi mexanizmlərinin tətbiqinin əsas məqsədi dövlətin sosial mənzil siyasətinin dəstəklənməsi, ödəniş qabiliyyəti olan, şəxsi yığımları davamlı və sabit xarakter daşıyan, lakin yaşayış sahəsinin alınmasına kifayət etməyən, əsas etibarilə aşağı və orta gəlir qrupuna aid edilən insanların uzunmüddətli kreditləşdirilməsi vasitəsilə uyğun qiymətə mənzillərə çıxışının təmin edilməsidir.

Dünyada ipoteka kreditlərinin maliyyələşdirilməsi ilə bağlı müxtəlif modellər mövcuddur. Azərbaycanda tətbiq olunmuş mexanizm bu modellərin arasında ən qabaqcıl hesab olunan təkrar bazar modelidir. Bu modeli onun işləmə mexanizminə görə bəzən ikipilləli də adlandırırlar. Bu, onunla bağlıdır ki, bu sxemdə ilk mərhələdə banklar vətəndaşlardan müraciətləri qəbul edir və onları emal etdikdən sonra müvafiq rəsmiləşdirmə işlərini aparırlar və öz vəsaitləri hesabına bu kreditləri verirlər. Daha sonra isə banklar bu kreditləri ixtisaslaşmış ipoteka təşkilatlarına satırlar.

Azərbaycanda tətbiq olunmuş model və ipoteka şərtləri seçilərkən ilk növbədə bu sahədə beynəlxalq, o cümlədən Avropa təcrübəsi ətraflı şəkildə öyrənilib və ölkəmizin iqtisadi xüsusiyyətləri və əhalinin ehtiyacları nəzərə alınıb.

İpoteka kreditləşməsi ümumilikdə əhalinin yaşayış sahəsi ilə təmin olunması probleminin həllinin əsas mexanizmlərindən biri olmaqla yanaşı investisiya mühitinin qorunmasına, iqtisadiyyatın real sektorunun inkişafına, sosial sferada bir çox problemlərin aradan qaldırılmasına, işsizlik probleminin həll edilməsinə dəstək verir, bank sisteminin sabitliyinin və səmərəliliyinin artırılmasında mühüm yer tutur.

Ölkədə ipoteka kreditləşməsi mexanizmi formalaşdırılarkən bir neçə təməl prinsip əsas götürülüb.

Bu prinsiplərdən biri sosiallıqdır. Qeyd etdiyim kimi, artıq uzun illərdir ki, ölkəmizdə dövlət dəstəyilə əhaliyə bazar şərtlərindən fərqli olan şərtlərlə ipoteka kreditləri təklif edilir, aşağı və orta gəlirli əhalinin ipoteka kreditlərinə çıxışı təmin edilir. Hazırda Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə maksimal illik faiz dərəcəsi 8 % təşkil etsə də, müvəkkil banklar arasında yaradılmış rəqabət mühitinin nəticəsi olaraq, ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 6,12 % təşkil edir, kredit üzrə ilkin ödənişə tələb isə 10 %-dən başlayır. İpoteka kreditləri yalnız milli valyutada və sabit faiz dərəcəsi ilə verilir və beləliklə borcalan məzənnənin və kredit üzrə faiz dərəcəsinin əlverişsiz dəyişməsindən sığortalanır.

Digər təməl prinsip şəffaflıqdır. İpoteka kreditləri kifayət qədər əlverişli şərtlərlə verildiyi üçün bu kreditlərə əhali arasında yüksək maraq, böyük tələb formalaşıb. Kreditlərin verilməsi zamanı növbəliliyin tətbiqi və ədalətli şəkildə idarə edilməsi, eləcə də bu sahədə insan amilinin aradan qaldırılması məqsədilə müraciətlərin qəbulundan ipoteka kreditlərinin verilməsinədək bütün proses tam şəkildə avtomatlaşdırılıb. Hazırda ipoteka kreditləri üzrə müraciətlərin qəbulu real vaxt rejimində Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə həyata keçirilir. Bu sahədə mümkün sui-istifadə hallarının aradan qaldırılması məqsədilə proseslərə adekvat nəzarəti təmin edəcək daxili nəzarət və monitorinq sistemi formalaşdırılmış, vətəndaşlardan daxil olan müraciət, sorğu və şikayətlərə operativ şəkidlə reaksiya verilməsi üçün Çağrı mərkəzi yaradılıb.

“Elektron ipoteka və kredit zəmanət” sistemi 2013-cü ildən fəaliyyət göstərir, ölkəmizdə əhaliyə göstərilən ilk elektron dövlət xidmətlərindəndir. Sistemin tətbiqi nəticəsində bürokratiya halları istisna edilib, müraciətlərin qəbulu və kreditlərin verilməsi ilə yanaşı, həmin kreditlərə xidmət prosesi (ödənişlərin qəbulu, sığorta müqavilələrinin uzadılması) də tam avtomatlaşdırılıb, tələb olunan sənədlərin siyahısı minimuma endirilib. Bütün bunlar isə daha bir təməl prinsipin – rahatlıq və əlçatanlığın artırılmasına gətirib çıxarıb.

İpoteka sistemi formalaşdırılarkən əsas götürülmüş digər prinsip isə etibarlılıq və dayanıqlılıqdır. Məlum olduğu kimi, hər bir maliyyə mexanizminin fəaliyyətində qarşıya qoyulmuş məqsədlərə və hədəflərə nail olunması üçün onun iqtisadi reallıqlara əsaslanan sağlam bünövrə üzərində qurulması, etibarlılığının və dayanıqlığının təmin edilməsi təməl şərtlərdəndir. Məhz bu baxımdan Fondun fəaliyyətə başladığı ilk illərdən etibarən ipoteka kreditləşməsi sahəsində təkmil infrastruktur, geniş xidmət şəbəkəsi qurulub, həm kreditorların, həm də borcalanların hüquqlarının etibarlı müdafiəsini təmin edən təkmil normativ-hüquqi baza yaradılıb, borcalanların ödəniş qabiliyyətinin qiymətləndirilməsi, kreditlərin verilməsi və rəsmiləşdirilməsi sahəsində vahid standartlar tətbiq edilib.

– Siz əlçatanlığın təmin olunması üçün görülən işlərdən danışdınız. Bəzən mətbuatda, televiziyada iqtisadçılar, ekspertlər, millət vəkilləri bu sahə ilə bağlı müxtəlif fikirlər səsləndirir, təkliflər verir. Hazırda ipoteka kreditlərinin verilməsi şərtləri necədir, bu kreditlər əhali üçün nə dərəcədə əlçatandır? İqtisadi reallıqlar, beynəlxalq təcrübə nəzərə alınmaqla ölkəmizdə ipoteka kreditlərinin məqbulluq səviyyəsini necə qiymətləndirərdiniz?

– 2021-ci ildə verilmiş ipoteka kreditlərinin məbləği 356 milyon manat, 2022-ci ildə 421,5 milyon manat, 2023-cü ildə isə 459,4 milyon manat təşkil edib. Qeyd olunan dövr ərzində ayrılmış vəsaitlərdən vətəndaşlarımız tam istifadə edib ki, bu özü də ipoteka kreditlərinin əhali üçün məqbul olmasının göstəricisidir.

Bilirsiniz ki, hazırda Fondun vəsaiti hesabına müvəkkil banklar həm adi, həm də güzəştli ipoteka kreditlərinin verilməsini həyata keçirir. Adi ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000 manat, maksimal müddət 300 ay, illik faiz dərəcəsi 8 %, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manat, maksimal müddət 360 ay, illik faiz dərəcəsi isə 4 % təşkil edir.

Adi ipoteka kreditləri Fondun daxili maliyyə bazarlarından cəlb etdiyi, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. Güzəştli ipoteka kreditləri ilə yanaşı adi ipoteka kreditləri üzrə aşağı faiz dərəcələrinin və əhali üçün məqbulluğun saxlanılmasında bu sahəyə göstərilən dövlət dəstəyinin rolunu xüsusilə vurğulamaq lazımdır.

Əlavə olaraq bir daha qeyd etmək istəyirik ki, son illərdə ipoteka kreditləşməsi sahəsində yaranmış sağlam rəqabət nəticəsində müvəkkil banklar əhaliyə daha aşağı faizlərlə ipoteka kreditləri təklif etməkdədir və bunun nəticəsində adi ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin 8 % olmasına baxmayaraq 2021-2023-cü illərdə orta illik faiz dərəcəsi 7,4 % təşkil edib. MDB, eləcə də iqtisadi konyuktura və inkişaf səviyyəsi baxımından Azərbaycana yaxın ölkələrlə ipoteka kreditləri üzrə faiz dərəcələri daha yüksəkdir. Belə ki, hazırda Rusiyada ipoteka kreditləri üzrə orta faiz dərəcələri 13 %, o cümlədən dövlət dəstəyi ilə 8 %, Qazaxıstanda 10,5 %, Türkiyədə isə 43 % təşkil edir.

Dünya təcrübəsində bir sıra hallarda iqtisadi konyukturanın dəyişməsindən yarana biləcək risklərin qarşılanması məqsədilə “üzən” faiz dərəcələri tətbiq edilir, faizlərin indeksləşdirilməsi aparılır.

Son 15 il ərzində əhalinin nominal gəlirlərinin artmasına, daşınmaz əmlak bazarında qiymətlərin və cəlb olunan maliyyə resursları üzrə faiz dərəcələrinin dəyişməsinə baxmayaraq əhalinin sosial müdafiəsi baxımından ölkəmizdə ipoteka kreditləri üzrə “sabit” faiz dərəcələri tətbiq olunur, Belə ki, vətəndaş bütün ipoteka krediti dövründə yalnız sabit aylıq ödənişləri həyata keçirir.

Lakin ipoteka kreditlərinin əlçatanlığından danışarkən nəzərə almaq lazımdır ki, ipoteka kreditləri hər şeydən öncə bank məhsuludur. Bu kreditlərin verilməsi müraciət etmiş şəxslərin ödəniş qabiliyyətinin və kredit tarixçəsinin qiymətləndirilməsi əsasında həyata keçirlir və Fondun bununla bağlı dünya təcrübəsinə əsaslanan ciddi standartları formalaşıb. Məhz bu standartların tətbiqi nəticəsində Fondun bugünə kifayət qədər sağlam kredit portfeli formalaşıb və portfel üzrə hər hansı bir itki müşahidə olunmayıb.

Bir daha vurğulamaq istəyirəm ki, ipoteka krediti bir bank məhsuludur və borcalanların uzun müddət ərzində stabil ödənişlər həyata keçirməsini nəzərdə tutur. Defolt halında ilk öncə ipoteka kreditinin təminatı olan yaşayış sahələrinə tutmanın yönəldilməsi faktını nəzərə alsaq, zamanında borcalanın ödəniş qabiliyyətinin düzgün qiymətləndirilməməsi gələcəkdə həm vətəndaşın özü üçün əlavə sosial problemlərin yaranmasına, həm də bütövlükdə maliyyə sistemi üçün çətinliklərə, makroiqtisadi çərçivənin pozulmasına gətirib çıxara bilər. İpoteka kreditləşməsi mexanizmində son məqsəd uzunmüddətli və kifayət qədər iri məbləğli ipoteka kreditlərinin verilməsi deyil. Burada əsas məqsəd vətəndaşın mənzil şəraitinin yaxşılaşdırılmasıdır. İpoteka krediti isə bu məqsədə nail olmaq üçün bir vasitədir və verilən kreditlərin məbləği, bu kreditlər üzrə ödənişlər istənilən halda vətəndaşın ödəmə qabiliyyətinə uyğun olmalıdır.

Yekun olaraq, qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə maliyyələşdirilən həm adi, həm də güzəştli ipoteka kreditləri dövlət dəstəyi nəticəsində kifayət qədər sosialyönümlüdür və bu kreditlərin əhali üçün əlçatanlığı daima diqqət mərkəzindədir. Bu məqsədlə Fond mövcud problemlərin öyrənilməsi üçün illik qaydada əhali arasında sorğular təşkil edir, mütəmadi şəkildə beynəlxalq təcrübənin araşdırılması, eləcə də ölkə üzrə iqtisadi göstəricilərin və Fondun əvvəlki illərdə formalaşmış məlumat bazasının statistik təhlilini həyata keçirir. Alınmış nəticələrdən asılı olaraq, müvafiq tədbirlər görülür və dövrü olaraq aidiyyəti qurumlar qarşısında təkliflərlə çıxış edilir.

– Bu gün səsləndirilən təkliflərdən biri də ipoteka kreditləri üzrə qeyd etdiyiniz maksimal məbləğlərin artırılmasıdır. Ekspertlər hesab edirlər ki, daşınmaz əmlak qiymətləri artdığı üçün bu məbləğlər də artırılmalıdır.

– Bildiyiniz kimi, ipoteka kreditlərinin verilməsi ölkə Prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə tənzimlənir.

Qaydaya əsasən ipoteka kreditləri üzrə maksimal məbləği, illik faiz dərəcələrinin yuxarı həddnii ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında, formalaşmış ipoteka portfeli üzrə orta parametrləri və digər iqtisadi göstəricilər nəzərə alınmaqla Fondun Himayəçilik Şurası müəyyən edir.

Qeyd olunduğu kimi, hazırda adi ipoteka kreditləri üzrə maksimal kredit məbləği 150 min manat, faiz dərəcəsi illik 8 %, güzəştli ipoteka kreditləri üzrə isə maksimal məbləğ 100 min manat, faiz dərəcəsi 4 % təşkil edir.

Məlumat üçün bildiririk ki, 2024-cü ilin ilk rübündə verilmiş ipoteka kreditlərinin məbləği üzrə orta göstərici təxminən 8 9000 manat, alınan yaşayış sahəsinin qiyməti üzrə 131 000 manat təşkil edib. Regionlarda bu məbləğ orta göstəricidən bir qədər də aşağıdır.

Qeyd etmək istəyirik ki, ipoteka kreditlərinin əsas hədəfi aşağı və orta təminatlı vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilib və statistik göstəricilərdən göründüyü kimi kredit məbləği üzrə müəyyən olunmuş maksimal hədlər hazırda əhalinin tələbinə tam uyğundur.

– Azərbaycanda ipoteka krediti ilə ev almaq istəyənlərin üzləşdiyi çətinliklərdən biri də gəlirlərin hələ də tam rəsmi olmaması ilə bağlıdır. Baxmayaraq ki, son illər ölkədə bu istiqamətdə çox ciddi islahatlar gedir, amma iş yerində aldığı maaşı və yaxud gəlirləri tam rəsmiləşməyən şəxslər də mövcuddur. Bu məsələ ipoteka kreditləşməsində necə tənzimlənir?

– Bildiyiniz kimi, ölkədə iqtisadi artımın davamlı, dayanıqlı olması dövlətin əsas prioritetlərindən biridir. İqtisadi sistemin şəffaflığının təmin olunması iqtisadiyyatın dayanıqlı inkişafının təməlidir. Məhz buna görə ölkədə gəlirlərin və əmək bazarının şəffaflaşdırılması istiqamətində dövlət ardıcıl və sistemli tədbirlər həyata keçirir.

Bu məqsədlə, geniş vergi islahatları aparılır, həm işçilər, həm işəgötürlənlər, sahibkarlar üçün müxtəlif stimullar yaradılır, əməkhaqqı, dövriyyənin leqallaşdırılması məqsədilə müxtəlif dəstək alətləri tətbiq edilir. Burada son illər ərzində qeyri-neft və özəl sektorda əməkhaqları üzrə gəlir vergisi ilə bağlı güzəştlərin tətbiqi, sosial sığorta yükünün işəgötürənlə işçi arasında bölünməsi və nəticədə işəgötürənin fiskal yükünün azalmasını qeyd etmək olar. Digər istiqamət uçot sisteminin təkmilləşdirilməsi, gəlir və xərcin uçotunun daha da şəffaflaşdırılması, nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlıdır.

Fond da iqtisadi şəffaflığın artırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən siyasəti dəstəkləyir. Borcalanın gəlirlərinin qiymətləndirilməsi yalnız müvafiq qaydada təsdiq olunan sənədlər əsasında aparılır.

Qeyd etdiyim kimi, hazırda rəsmi gəlirlərə malik vergi ödəyicisi olan bütün Azərbaycan vətəndaşlarının ipoteka kreditlərindən faydalanması üçün müvafiq şərait yaradılmışdır. Kredit üçün müraciət edən vətəndaşların aylıq məcmu gəlirinin hesablanması zamanı ölkə ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Bu yanaşma Fondun fəaliyyətə başladığı gündən tətbiq edilir və indiyə qədər dəyişməyərək sabit qalır.

Dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışan şəxslər də bərabər əsaslarla bu sistemdən faydalana bilirlər. İpoteka kreditlərindən faydalanan şəxslərin 44 %-i özəl sektorda çalışan şəxslərin payına düşür.

Əlavə olaraq, qeyd etmək istəyirəm ki, borcalanların ödəniş qabiliyyətinin qiymətləndirilməsi zamanı paytaxt və regionlar arasında gəlir səviyyəsi və yaşayış xərcləri üzrə fərqlər də nəzərə alınıb. Belə ki, müraciət edən şəxslərin ailə üzvlərinin saxlanması xərclərinin hesablanması zamanı regionlarda paytaxt və paytaxta yaxın ərazilərlərlə müqayisədə daha aşağı əmsallar tətbiq olunur. Bakı şəhərində bu, ölkə üzrə yaşayış minimumunun 50 %-i həddində (135 manat) götürülürsə, regionlarda yaşayış minimumunun 25 %-i həddində (67,5 manat) nəzərə alınır.

Bu da öz növbəsində regionlarda çalışan şəxslərin paytaxt və paytaxta yaxın ərazilərin sakinləri ilə müqayisədə daha aşağı gəlirlə ipoteka kreditlərinə çıxışına imkan yaradır.

Borcalanın gəlirlərinin rəsmi məlumat əsasında qiymətləndirilməsinin digər mühüm səbəbi – ipoteka kreditləşməsi ilə bağlı risklərin idarə olunmasıdır. Bu kreditlərin verilməsi müraciət etmiş şəxslərin ödəniş qabiliyyətinin və kredit tarixçəsinin qiymətləndirilməsi əsasında həyata keçirilir və Fondun bununla bağlı dünya təcrübəsinə əsaslanan ciddi standartları mövcuddur. Məhz bu standartların tətbiqi nəticəsində bugünə Fondun sağlam kredit portfeli formalaşıb. Qeyd etmək lazımdır ki, indiyə qədər Fondun vəsaiti hesabına verilmiş kreditlərin cəmi 1%-də ödənişlərində gəcikmələr olub ki, bu da kifayət qədər müsbət göstəricidir.

Hesab edirik ki, iqtisadi şəffaflığın dəstəklənməsi və ipoteka kreditləşməsi sahəsində risklərin idarəedilməsi baxımından borcalanın ödəmə qabiliyyətinin yalnız rəsmi mənbələrdən əldə olunan gəlirlər hesabına qiymətləndirilməsi mövcud şəraitdə özünü doğruldur.

– Hazırda güzəştli ipoteka kreditlərinə tələb yüksəkdir. Bu kreditləri kimlər ala bilər və kreditlər həmin sosial qruplar arasında necə paylanılır ?

– 2007-ci ildən etibarən xüsusi kateqoriyaya daxil olan gənc ailələrin və hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditləşməsi mexanizminin tətbiqinə və güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılıb.

Mexanizmin tətbiqinə başladıqda güzəştdən istifadə etmək hüququna malik əhali kateqoriyalarının sayı 7 olduğu halda hazırda bu kateqoriyaların sayı 17-yə qədər artırılıb.

Güzəştli ipoteka kreditləşməsi vasitəsilə MİDA-nın sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də həyata keçirilir. Belə ki, MİDA-nın sərəncamında olan mənzilləri almaq hüququ olan şəxslərin dairəsi güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi ilə eyniləşdirilib.

Güzəştli ipoteka kreditləri dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. Fondun fəaliyyət dövrü ərzində güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən 930,4 milyon manat vəsait ayrılıb.

Ötən müddətdə Fondun vəsaiti hesabına 16 mindən çox ailə güzəştli ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına 2021-2023-cü illərdə hər il orta hesabla 1700 ailə güzəştli ipoteka krediti vasitəsilə yaşayış şəraitini yaxşılaşdırıb.

Qeyd etmək istərdim ki, güzəştli kreditlərin kifayət qədər əlverişli şərtlərlə verilməsi, eləcə də dövlətin mənzil təminatı sahəsində siyasətinin sosial cəhətdən həssas çoxmiqyaslı əhali qruplarını əhatə etməsi bu kreditlərə çox böyük tələbin formalaşmasına gətirib çıxarıb.

Dövlət büdcəsindən ayrılmış vəsaitlərin güzəştli ipoteka krediti almaq hüququ olan müxtəlif sosial qruplar arasında ədalətli və şəffaf şəkildə paylanılması üçün güzəştli ipoteka kreditləri üçün müraciət və digər proseslər tam şəkildə avtomatlaşdırılıb. Hazırda həm adi, həmdə güzəştli ipoteka krediltəri üzrə müraciətlər “Elektron İpoteka və Kredit Zəmanət sistemi” vasitəsilə həyata keçirilir və güzəştli ipoteka kreditini almaq hüququna malik bütün əhali kateqoriyaları üzrə bərabər imkanlar yaradılıb.

– Ramil müəllim, söhbətimizin əvvəlində Siz Fondun yaşayış maliyyəsi alətləri sırasında həmçinin satmaq öhdəliyi ilə kirayə mexanizmini qeyd etdiniz. Bildiyimiz qədər bu alət güzəştli ipoteka kreditlərinin şamil olunmadığı aşağı gəlirli vətəndaşların mənzil təminatını yaxşılaşdırmağa imkan verir.

– Haqlısınız. Satmaq öhdəliyi ilə kirayə mexanizmi Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Mexanizmin əsas məqsədi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir ki, bu da geniş əhali kateqoriyalarına mənzil sahibi olmaq üçün əlavə imkanlar yaradır.

Satmaq öhdəliyi ilə kirayə mexanizminin əsas özəlliklərindən biri ilkin ödəniş tələbinin olmamasıdır ki, bu da şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün əlverişli imkan yaradır. Cəmi 12 aylıq kirayə haqqını qabaqcadan ödəmək kifayət edir ki, vətəndaş tam təmirli mənzilin açarını əldə edə bilsin.

Mexanizm çərçivəsində yaşayış sahələri müqavilə müddətinin sonuna kimi Fondun mülkiyyətində qalır ki, bu da məhsul üzrə riskləri minimuma endirir və Fond kirayə mənzil üçün müraciət edən vətəndaşın gəlirlərinin və xərclərinin qiymətləndirilməsi zamanı daha yumşaq yanaşma tətbiq edir. Məsələn, kredit tarixçəsi müsbət olan vətəndaşların aylıq xərclərində ölkə üzrə yaşayış minimumu ümumiyyətlə nəzərə alınmır.

Bu zaman aylıq ödənişlər də çox güzəştli şərtlərlə hesablanır. Belə ki, mexanizm çərçivəsində Fondun gəlirliliyi nəzərdə tutulmayıb. Aylıq ödənişlərə yalnız sığorta xərcləri və Qaydalarla nəzərdə tutulmuş zəruri xərclər daxildir.

2022-ci ildən tətbiq olunan digər yeniliyə əsasən, dövriyyəsini sənədlə təsdiq edə bilməyən şəxslər, yəni sabit vergi ödəyiciləri də kirayə mənzil mexanizmindən faydalanmaqla uzunmüddətə ödəmə imkanı ilə mənzil tələbatını ödəyə bilirlər. Söhbət bərbər, dərzi və bu kateqoriyalardan olan başqa peşə sahiblərindən gedir.

İpoteka kreditləşməsində olduğu kimi, satmaq öhdəliyi ilə kirayə mexanizmində də müraciətlərin qəbulundan tutmuş sənədləşməyə qədər bütün proseslər “tək şəxsiyyət vəsiqəsi”lə elektron sistem üzərindən aparılır ki, bu da vətəndaşların həm vaxtına, həm də vəsaitlərinə qənaət etməyə imkan yaradır.

İndiyədək 4 500-ə yaxın vətəndaş və yaxud ailə bu mexanizmdən yararlanaraq mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70 %-ə yaxını gənclərdir.

– Qeyd etdiniz ki, Fond 2006-cı ildən fəaliyyət göstərir. Bu dövr ərzində ipoteka kreditləşməsində hansı yeniliklər tətbiq olunub?

– Qeyd etdiyim kimi, ipoteka kreditləşməsi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının tərkib hissəsi kimi dövlətin həyata keçirdiyi sosial siyasətin vacib istiqamətlərindən biridir. Bununla bağlı Fond mütəmadi olaraq ölkə əhalisinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi məqsədilə digər aidiyyəti dövlət qurumları ilə birlikdə mütəmadi şəkildə tədbirlər həyata keçirir.

Əgər biz 2006-cı ildən bugünədək Fondun keçdiyi inkişaf yoluna nəzər salsaq, bu illər ərzində ipoteka kreditləşməsində kifayət qədər əhəmiyyətli dəyişikliklərin baş verdiyinin şahidi olaraq. Bu sırada ipoteka kreditləşməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və vahid standartların tətbiqini, ipoteka kreditləri üzrə zəmanət mexanizminin yaradılmasını, ipoteka kreditləri üzrə restrukturizasiya mexanizminin tətbiqini, ipoteka kreditləşməsinin avtomatlaşdırılmasını, ipoteka qiymətli kağızları üzrə təkrar bazarın formalaşdırılmasını göstərmək olar.

Eyni zamanda, tərəfimizdən mütəmadi olaraq ipoteka kreditləşməsində yaranmış çətinliklər, əhalinin ehtiyacları, həmçinin qabaqcıl dünya ölkələrinin bu sahədə təcrübələri dərindən öyrənilir və ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Zərurət yaranacağı hallarda gələcəkdə də Fond ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirəcək.

Hazırda Fond ölkədə fəaliyyət göstərən ən iri, sağlam və yüksək dayanıqlığı olan maliyyə təsisatlarından biridir və mütərəqqi risk menecmenti sisteminə malikdir. Fondun aktivləri 3 milyard manat, məcmu kapitalı isə 1,11 milyard manat təşkil edir. Fond fəaliyyət dövrü ərzində bütün illəri mənfəətlə başa vurub.

Fond yaşayış maliyyəsi mexanizminin fasiləsizliyin və inkişafının təmin edilməsi məqsədilə büdcə vəsaitləri ilə yanaşı, maliyyə bazarlarının da imkanlarından istifadə edərək uzunmüddətli istiqrazlar emissiya edir. Fond ölkədə ilk dəfə olaraq 2009-cu ildə təmin edilmiş istiqrazların, 2016-cı ildən isə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlayıb. 2009-cu ildən etibarən Fond daxili kapital bazarında 2,6 milyard manat məbləğində istiqrazlar yerləşdirilib. Bu günə qədər 762 milyon manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, istiqraz sahiblərinə 238 milyon manat civarında faiz ödənişləri həyata keçirilib.

Fəaliyyətə başladığı dövrdən öz öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməsi, tərəfdaşlarla münasibətlərini qarşılıqlı inam və etimad əsasında qurması, Fondun yüksək işgüzar nüfuz qazanmasına səbəb olub. Görülmüş işlərin nəticəsi olaraq Fond ölkənin suveren reytinqinə bərabər reytinqə malik olan yeganə maliyyə institutudur. Reytinqin “BB+” səviyyəsində (proqnoz “müsbət”) təsdiq olunması əsas etibarilə Fondun dövlətə məxsus olması, yaradıldığı gündən etibarən onun fəaliyyətinə dövlətin ciddi nəzarət etməsi və davamlı dəstəkləməsi, Fondun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər