“Rabitəbank” I rübü cüzi mənfəətlə başa vurub

Cari ilin I rübündə “Rabitəbank” ASC-nin aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 32,84% artaraq 428,161 mln. manata çatıb.

Hesabat dövründə bankın kredit portfeli 12,7% azalaraq 190,469 mln. manat olub. Kredit portfeli kiçilsə də, vaxtı keçmiş (problemli) kreditlərin həcmi 14,43% və ya 1,604 mln. manat artaraq 12,718 mln. manata çatıb. Problemli kreditlərin ümumi portfeldə payı da artıb – ötən ilin I rübündə bu göstərici 4,8% olduğu halda, hazırda 6,1%-dir.

Aktivlərin strukturunu nəzər salanda məlum olur ki, likvid aktivlərin həcmi 2,66 dəfə artaraq 172,855 mln. manat təşkil edib. Bu ilin ilk 3 ayında bank qiymətli kağızlara 12,645 mln. manat investisiya yatırıb.

Yanvar-mart ayları ərzində bankın öhdəlikləri 14,91% artaraq 370,124 mln. manat olub. Öhdəliklərin strukturunda əsas yeri müştərilərin müddətli depozitləri tutur – 209,685 mln. manat.

Bankın nizamnamə kapitalı dəyişməz olaraq 48,5 mln. manat səviyyəsində qaldığı halda, məcmu kapitalı 2,57% azalaraq 58,037 mln. manat olub.

“Rabitəbank” I rübü 12 min manatlıq mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə bankın mənfəəti 998 min manat təşkil edib.

APA

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər