10 C
Baku
Thursday, December 12, 2024

“Rasional düşüncənin olmaması süqutun başlanğıcıdır”

“Tesla”nın məşhur sahibi, milyarder Elon Musk (İlon Mask) 2019-da ildə çıxışlarının birində “Collapse of population” (“Əhalinin süqutu”) ifadəsini işlətmişdi.

Düşündürücü ifadədir. Niyə azalması, fiziki və mənəvi deqradasiyası deyil, məhz süqutu?

Bir varlığın, fərqi yoxdur ki, insan və ya toplum olaraq dövlət, cəmiyyət, xalq və ya əhali, süqutu nə zaman baş verir? Cavab: rasional düşüncədən məhrum olduqda. Həmin insan və ya toplum əvvəlcə düşünmək istəmir, sonra düşüncə adətindən uzaqlaşmağa başlayır, daha sonra isə rasional düşünə bilmir..

2018-ci ildə insanların uzun analitik məqalələri, kitabları oxumaq əvəzinə 4-5 cümləlik xəbərləri, populist fikirləri və ya şou, kriminal xarakterli xəbərləri oxumağa daha çox meylli olduqları haqqında bir məqalə yazmışdım, az sonra tik-tok populyarlaşaraq təəssüf dolu fikirlərimi təsdiq etdi.

Sosial şəbəkələrdə mövzularla əslində bəşəriyyət üçün narahatlıq doğurmalı olan mövzuları müqayisə etsək bir çox cəmiyyətlərin rasional (məntiqə, elmə əsaslanan düşüncə) düşüncədən uzaq olduğunu görmürük?

İqlim dəyişiklikləri, ekologiya yalnız sel, fəlakət, zəlzələ zamanı yadımıza düşür. Rasional düşüncə bu haqda hər dəqiqə düşünüb hər gün bu problemi həll etmək üçün addım atmağımızı tələb etmir? Bu istiqamətdə bizdən həqiqi səfərbərlik tələb etmir?

Liviyanın liman şəhəri olan Dernada Daniel fırtınasının törətdiyi sel fəlakəti nəticəsində 11.300 nəfər həyatını itirib, 20 mindən çox insan itkin düşüb. Əslində ölü sayının ən azı 20.000 olduğu bildirilir. Bundan daha böyük fırtınalar ABŞ-da, Çində və digər bir çox inkişaf etmiş və etməkdə olan ölkələrdə hər 2-3 ildən bir baş verir. Niyə bu qədər təlafat oldu sualının cavabı şəhərdə yanlış planlama, tikintilər zamanı şəhərin liman şəhəri olmasının nəzərə alınmaması, keyfiyyətsiz tikililər və sair olduğunu görürük.

Mərakeş və Liviyadakı fəlakətlərdən sonrakı günlər ərzində fəlakətə məruz qalmış əhalinin (dövlətləri tərəfindən) başsız, köməksiz qalması fəlakətin özü qədər üzücüdür.

08 sentyabrda Mərakeşdə baş vermis 6.8 bal gücündə zəlzələ zamanı ən azı 3.000 adam həlak olmuşdur. 5700-ə yaxın insan yaralanmışdır. Bu kimi zəlzələlər Yaponiya daxil inkişaf etmiş ölkələrdə baş verdikdə bu qədər itki olmur. Tikintilərin keyfiyyəti ilə ölkələrin inkişaf səviyyəsi, zəlzələlərdə ölənlərin sayı ilə tikintilərin keyfiyyəti arasında düz mütənasiblik varsa, müsəlman ölkələrində baş verən zəlzələlərdə ölənlərin sayı bizi bu məsələdə daha rasional düşüncəyə sövq etməməlidir?

İnsanlığın ən böyük deqradasiyalarından biri cinsi azlıqlardan daha çox, həmin məsələnin təbliği, onların hüquqlarının müdafiəsi adı altında təbliğinə ayrılan milyardlarla vəsait cəmiyyətləri normal artım, normal düşüncə, abır-həya və digər dəyərlərdən nə dərəcədə məhrum edir. Düşünmək belə istəmirik…

Narkotik vasitələrin dövriyyəsinin iqtisadiyyatları necə çökdürdüyü haqqında 2 məqalə yazmışdım. Təkrara yol vermədən təkcə bir fikirlə kifayətlənirəm ki, hazırda bu istiqamətdə mübarizə aparılır. Amma cəmiyyətdə hələ də bu məsələdə rasional düşüncə çatışmazlığı var.

Müasir kinolar və düşüncələrimizi formalaşdıran teleseriallar. Hazırda Türkiyədə ən böyük problemlərdən biri qadına əl qaldırmaq, qadını öldürmək, qısası qadına qarşı şiddətdir. Təsadüfdür? Xeyr. Çünki müasir Türkiyə əhalisi hansı kinolarla böyüyüb? Məsələn, çəkildikləri hansı kinoda Kadir İnanır Türkan Şoraya heç olmasa bir şillə vurmayıb? Sevgidən bəhs edən kinoların 90%-də (bu məsələdə komediya filmləri azlıq təşkil edir) kişi sevdiyi qadını vurmur, döymür? Şürualtı yeridilib ki, sevgi olan yerdə kişi qadını döyə də bilər, öldürə də. Bu cür şüuraltı təbliğat müasir insanlar üçün qadına şiddəti adi hala çevirməyib? Hazırda isə mafiya filmlərinə baxmağın nəticəsində küçələrdə atışmaların, gələcəkdə isə bu meylin daha da artmayacağına kim zəmanət verir? Fikirlərimin təsdiqi üçün haşiyə: Bir çoxlarımızın yadındadır ki, 1990-cı illərdə Rusiyada çəkilmiş məşhur “Briqada” serialından sonra reketlik, banditlik halları dəfələrlə artmışdı. Həmin serialın nümayişindən sonra xüsusilə 4 nəfərlik reket dəstələri yaradılırdı. 2 il ərzində yüzlərlə bu cür dəstələr formalaşmışdı.

Nəhayət düşünmək istəyən hər birimiz üçün ən vacib sual:

Bəşəriyyət və insanlıq inkişaf etmir. Texnologiya inkişaf edir. Bunları qarışdırmayaq. Texnologiyanın inkişafı insanlığın, mədəniyyətin, dəyərlərin inkişafı demək deyil. Söhbət o texnologiyanı inkişaf etdirən bir neçə ölkə və azsaylı peşəkar mütəxəssislərdən getmir, söhbət əhalidən, cəmiyyətlərdən və onların mənəvi inkişaflarından, düşüncə qabiliyyətlərinin, dəyərlərinin inkişaf edib etməməsindən gedir.

Yuxarıda qeyd etdiyim fikirlə razılaşmayanlara yenə də düşünmələri üçün bir sual ünvanlamaq istərdim. 2023-cü ilin mədəniyyət, teatr, kino, musiqi sahələri ilə 1960-cı illərin müvafiq sahələri və inkişaf səviyyələrini müqayisə etməyə çalışın.

Həyatın daha acı bir ironiyası. Son 20 ildə düşündürücü, psixoloji filmlərdən daha çox iri büdcəli elmi-fantastik, texnoloji inkişaf, robotlarla bağlı filmlərin senarilərini yazan senaristlər, həmin filmləri çəkib təbliğ edən Hollivud senaristləri, aktyorları bu gün süni intellektin kino sənayesinə yaxın buraxılmaması, süni intellektin yazdığı senarilərin qəbul olunmaması üçün aylarla tətillər keçirməyə məcbur olublar. Yaratdıqlarımızın dolayı və birbaşa əsirinə çevrilməyə başlamırıq? 

Rasional düşüncənin getdikcə qeybə çəkilməsi fonunda süqut qaçılmaz deyil? Elon Musk həqiqətən haqlı deyil?

P.S. Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşek də vəzifəyə təyin olunduqdan sonrakı ilk çıxışında “rasional zəminə geri dönüşdən başqa bir yolumuz qalmayıb” fikrini təsadüfən deməmişdi. Bu fikir təkcə Türkiyə iqtisadiyyatı üçün deyil, qeyd etdiyim bütün dəyərlər üçün aktualdır…

Müəllif:
Elman Sadıqov, iqtisadçı-ekspert.

 

 

Son xəbərlər
Digər xəbərlər