Azərbaycanda 2020-ci ilin may ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 7 milyard 758 milyon manat təşkil edib. Cari ilin aprel ayının 1-nə isə əmanətlərin həcmi 8 milyard 252 milyon manat idi ki, bu da əmanətlərin bir ayda 494 milyon manat və yaxud 6% azalması deməkdir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 6 milyard 995 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Onu da qeyd etmək lazımdır ki, Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlərdə son 1 ay ərzində 338 milyon 478 min manat azalma müşahidə olunub.
2020-ci ilin may ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 220 milyon 407 min manat pulu var.
Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 157 milyon 704 min, Aran iqtisadi rayonunda yaşayan 132 milyon 3 min manat bank əmanətinə sahibdir.
Lənkəran əhalisi banklara 58 milyon 197 min manat pul qoyub. Quba-Xaçmazda yaşayanların isə bankda cəmi 61 milyon 589 min manat pulu var.
Şəki-Zaqatalada yaşayanlar 53 milyon 520 min manat pulunu banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 47 milyon 222 min manat yerləşdirib.
Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 3 milyard 481 milyon manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6% təşkil edir. 4 milyard 277 milyon manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,4 faizdir.